Paşayevadan xalq şairinin əsəri ilə bağlı təklif

Paşayevadan xalq şairinin əsəri ilə bağlı təklif

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi təklifi ilə çıxış edib.

Milletinsesi.az xəbər verir ki, millət vəkili çıxışı zamanı Prezidentə böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamından dolayı təşəkkürünü bildirib. Q.Paşayeva Ə.Ağaoğlunun Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olduğunu, onun erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara qarşı mübarizədə “Difai” təşkilatını quraraq böyük rol oynadığını söyləyib:

“Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq, Qarabağ bölgələrinin birində onun abidəsinin ucaldılması çox yaxşı olardı. Eyni zamanda onun haqqında film çəkilməsi də vacib məsələdir. Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən “Difai fədailəri” adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsini təklif edirəm”.

Millət vəkili Q.Paşayeva müvafiq qurumları Ə.Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi ilə bağlı təkliflərinin reallaşdırılması istiqamətində addımlar atmağa çağırıb.

 

 

Share: