Karonavirusun olduğuna nə vaxt inanmalıyıq?

Beş-altı gün bundan qabaq kənddəydim. İnternetin olmadığı üçün xəbərlərə nəzarət edə bilmirdim. Xəbərlərin birinin başlığında səhv getmişdi. Oxucular sağ olsunlar, səhv haqqında rəy bölməsində yazmışdılar və səhvi düzəltdim. Rəy yazanın biri bilirsinizmi, nə yazmışdı?

“Bunlar başlıqda səhvi bilərəkdən yazırlar ki, müzakirəyə çevrilsin və İP çoxalsın”. İnsanlarda inamsızlıq görün hansı səviyyədədir ki, hər şeyə qulp qoşurlar.

Əvvəllər deyirdilər ki, bu dövlət nə gündədir ki, adi maska istehsal edə bilmir və maska ehtiyacımızı idxal hesabına ödəyirik. Qısa zaman kəsiyində maska istehsalına başlandı və hal-hazırda daxili tələbat daxili istehsal hesabına ödənir. İndi də maska taxmamaq üçün “əşi, maskanı istehsal edən özləridir də, onlar satılmalıdır ya yox”?! deyə buna da qulp qoşurlar.

Mənim bacanağım 13-14 gündür ki, qızdırma altında yatır. Əvvəllər karantin qorxusundan həkimə müraciət etməmişdi. Telefonla əlaqə saxladım; güclə danışırdı. Vəziyyətin ağırlığını nəzərə alaraq təkid etdik, Təcili Tibb Yardıma müraciət etdi, gəlib analiz götürdülər, amma koronavirus aşkarlanmadı. Əgər, bəzilərinin dediyi kimi insanlara yalandan karonavirus diaqnozu qoymuş olsaydılar, bacanağımda karonavirus haqqında deyilən bütün aləmətlər-qizdırma, özkürək, halsızlıq- var. Onu da, ailəsini də mütləq karantinə aparardılar.

Tanıdıqlarınızda virusa yoluxan varmı? soruşanların nəzərinə:  İşçimin baldızı əri karonavirusa yoluxub, ailəsi ilə birlikdə karantindədir.

Sosial şəbəkələrdə dünən bir statusa rast gəldim: “Karonavirus yoxdur, ona yoluxmuş xəstə varsa, adını yazın, gedib onu qucaqlayacam”. Səhv etmirəmsə, statusun müəllifinin adı Hürrü Əliyev idi. Əgər doğurdan da bu şəxs canından bezibsə, mənə zəng vursun. Karonavirusa yoluxmuş xəstənin adını mən deyəcəm , getsin onu bağrına bassın.. Bir də əhali arasında çaşqınlıq yaratmasın. Bu qədər də inamsızlıq olmaz!!

Gərək hər birimizin yaxınlarında koronavirusa yoluxan olsun ki, inanaq.. Allah qorusun, o vaxt vəziyyət daha acınacaqlı olar..

Əslində inamsızlıq yaradanlar həmişə öndə gedənlərdir. Haram yeyib halaldan danışdılar, əxlaqsızlığı yayanlar namusdan danışdılar, tərəzidə aldatdılar, alan satana, satan alana atış gəldi. Həkim xəstəyə, müəllim şagirdə, hakim müttəhimə, məmur vətəndaşa müştəri kimi münasibət göstərdi. Həqiqət bir qarın çörəyə satıldı. Saxta təyinatlar, saxta münasibətlər, cəmiyyətin gözünün içinə baxa-baxa yalan danışanlar bizi bu günə gətirdilər. Amma bu gün yuxarıda sadaladıqlarımın müzakirə vaxtı deyil. Sağlamlığımız təhlükə altındadır. Qaydalara riayət edək, nə özümüz, nə yaxınlarınız, nə dövlətimiz ziyan çəkməsin.

Talıb Əhədov

 

Share: