ANDİÇMƏ-yə gedənləri “yükləmək” cinayətdir


May ayının sonunda “N” saylı hərbi hissədə xidmət edən bacım oğlunun andiçmə mərasiminə getmişdik. Tədbir qurtarandan sonra əsgərlə bir az vaxt keçirmək üçün oturmağa yer axtardıq. Valdeynlərin çoxluğundan əksər yerlər dolu idi. Axtara-axtara gedib Ağcəbədi rayonunun mərkəzində yerləşən Ay işığı kafesinə  çıxdıq; ora da dolu idi. Amma küncdə bir stol tapıb otura bildik. Sifariş etməzdən qabaq kafeni işlədən təkcə stollara görə bizdən 20 manat icarə haqqı  istədi. Sadə çaya görə  isə 3 manat..Dedim: -“Vicdanınız olsun, əsgər valdeynlərinə hörməti belə edirsiz”?

Təsəvvür edin ki, Ağcəbədidə dünən qiymətlər od tutub yanırdı. Elə bil Parisdir. Yalnız and içmə günündə  “insanların”  insafsızlığını sözlə ifadə etmək mümkün deyil. Yol polisindən tutmuş, dilənçisinə kimi hamı bu günü gözləyirmiş ki, pambıqla baş kəssinlər.. Hərbi hissənin önünə toplaşan dilənçilər də qiymətləri qaldırmışdılar. 20 qəpiyi götürmürdülər.

Tədbir qurtarandan sonra maşına əyləşib yenicə yola düşmüşdük ki, DYP əməkdaşları sərnişin daşıma qaydalarını pozduğuma görə saxla işarəsini verdi. Arxada dörd nəfər əyləşmişdi və onlardan biri əsgər idi. Əsgəri əlavə olaraq mindirmişdim.

Polisə “qaydanı əsgərə görə pozmuşuq” zarafatla söylədim.

Yol polisi: “Fərqi yoxdur ki, qanunu pozmusuz, protokol yazılacaq”

Maşın yeddi yerlikdir rəis , əsgəri bağaja mindirmədim. Çünki “ən böyük əsgər, bizim əsgərdir”, deyib getmək istəyirdim.

Yol polisi: “Vətəndaş sənədləri təqdim edin”.

Düşünürdüm ki, polislər əsgər yanına gələnlərə   kömək etmək üçün səfərbər olublar  və yolda qalanları aparmağa kömək edəcəklər. Amma ,təəssüf ki, belə deyilmiş. Onlar da digərləri kimi “andiçməni” özlərinə uyğun tərzdə  qeyd edirlər; Kafe sahibləri ən çox qazandığı, dilənçilərin ən çox yığdığı, DYP-nin ən çox protokol yazdığı və qapazladığı, bölgə sahibkarlarının ən çox “qazandığı” gün kimi qeyd edilən ANDİÇMƏ günü…

Fərq isə ondadır ki, ƏSGƏR and içib vətənimizi şərəflə qorumağa başlayır. İşbazlar isə and içib onları qoruyanların hesabına ciblərini doldurdular.

“N” saylı hərbi hissədən Ağcəbədi rayonun mərkəzinə gedən yolun kənarlarında işbazlar tərəfindən yas məclislərində istifadə olunan çadırlar daha çox diqqət cəlb edirdi. Onlar bazarda mal satmaq üçün müştəriləri zorla dükanlarına salmağa çalışanlara bənzəyirdilər. Çadırlara giriş də ödənişli idi və oturcaq yerləri  icarəyə verilirdi. Əslində, o çadırlar Ağcəbədi Rayon icra Hakimiyyəti tərəfindən qurulub, əsgər ziyarətçilərinin istifadəsinə pulsuz verilməlidir.

Gedəndə Zərdab yolu  getdik. Yol təmir olunduğu üçün hərəkət etmək çox çətin idi. Qayıdanda Beyləqan-Sabirabad yolu qayıtdıq. Yol şüşə kimi idi. Lakin sürət həddi 60 km/saat qoyulmuşdu. DYP əməkdaşları başımıza “pərvanə” kimi dolanırdı. Yəqin ki,  Avropa yollarını xatırladan qüsursuz yollarda aşağı sürət həddinin qoyulması kimlərinsə cibini doldurmaq üçündür.

Dövlətimizin ərsəyə gətirdiyi rahat yolla  50 km/saat sürəti ilə iri tonnajlı maşınların arxasınca maşın idarə etmək çox əzablı idi. Yol polisini azdırıb yenicə ötmə əməliyyatına başlamışdım ki, qoçaq DYP əməkdaşlarının toruna düşdüm. Beş maşından birini ötə bildim.

Bu dəfəki  yol polisi “insaflı” çıxdı. “Anlaşa” bildik.(DYP əməkdaşlarına heç vaxt mətbuat işçisi olduğumu demirəm)Onlar da ANDİÇMƏ-yə  gələnləri axtarırdılar. Deyəndə ki, gələnlərin çoxu o birisi yolla qayıtdılar, onlarında üzündə təəssüf hissi aydın sezildi.

Dəyişin cənablar, dəyişin! Bir dəfə də əsgər kimi vicdanlı olmağa and için.Cəbhə bölgəsinə yeganə övladı şəhid verən anaları, ataları düşünün. Biləcəridə əsgər yola salan ananın həsrət dolu baxışlarını və onların vida səhnələrini görmüsünüzmü? Xeyr, görməmisiniz. Görsəniz də onu duya bilməzsiniz. Çünki sizin ruhunuz ölüb. Ruhsuz insanlarda vicdan olmaz.

Heç olmasa Ağcəbədidəki Gənclik restoranının sahibi kimi olun. . Onun kimi yalnız satdığınızın və xidmətinizin haqqını alın.. Əlavə heç kimi yükləməyin. Əsgəri və onu ziyarətə gələnləri yükləmək isə sadəcə cinayətdir.

Talıb Əhədov

Milletinsesi.az-ın baş redaktoru

Share: