Prezident: “Bu, elə xəstəlikdir ki,..”

Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs – yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır.

Millətin Səsi.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

“Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.

Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, – həkimlər bunu yaxşı bilirlər, – ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq”, – deyə dövlət başçısı bildirib.

Share: