BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , May 22 2019

Bakıda keçiriləcək “Arsenal” – “Çelsi” oyununu idarə edəcək futbol hakimi Rokki kimdir?


Adı İtaliyadakı futbol korrupsiyası qalmaqalında çəkilsə də…”

img

 

Bakıda “Arsenal” və “Çelsi” arasında keçiriləcək Avropa Liqasının final oyununun hakimləri bəlli olub. Qarşılaşmanı italiyalı referi Canluka Rokki idarə edəcək. Yan hakimlər Filippo Meli və Lorenso Mnaqanelli, ehtiyat hakim – Daniele Orsato, videoköməkçi hakim isə Massimiliano İrratidir (hamısı İtaliyadandır).

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq. Oyunun hakimi Canluka Rokkinin necə hakim olduğu, onun ingilis klublarına münasibətilə bağlı kiçik araşdırma aparmaq qərarına gəldik. Hakim barədə internet resurslarında elə də çox məlumat yoxdur. Yalnız futbolla bağlı olan qurumların saytında onun barədə bəzi statistik məlumatlara rast gəlmək olar.

45 yaşlı italiyalı  hakim 2008-ci ildən beynəlxalq oyunları idarə edir. O, İtaliyanın Florensiya şəhərində doğulub. 2000-ci ildə İtaliyanın sayca üçüncü liqası olan “Seriya C”də 38 oyuna təyinat alıb. 2010-cu ildə “Seriya A” və “Seriya B” oyunlarını idarə edib.

2008-2009 mövsümündə UEFA Kubokuna, 2010-2011 futbol mövsümündən etibarən isə UEFA Çempionlar Liqası oyunlarına təyinat alır. Avro – 2012-nin seçmə mərhələsində 3 oyun idarə etdikdən sonra, 2012-ci ildə Yay Olimpiya Oyunlarına dəvət alıb. 2018-ci ildə FİFA Dünya Kubokunun final mərhələsində oyunlara təyinat alıb.

Kənan Məstəliyev: “O həm də uğurlu iş adamıdır”

Futbol mütəxəssisi Kənan Məstəliyev qəzetimizə açıqlamasında Rokkini belə şərh etdi: “Bilirsiniz ki, Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ölkəmizin idman aləmi üçün böyük yenilikdir. Bu baxımdan da hamı oyunun necə, hansı şəraitdə keçiriləcəyi, təhlükəsizlik tədbirləri və başqa detallarla bağlı müfəssəl məlumat almağa çalışır. Təbii ki, bu sıraya oyunu idarə edəcək hakimlər barədə məlumatlar da daxildir. Artıq məlum olub ki, final oyununun hakimlərinin hamısı İtaliya təmsilçisi olacaq. Baş hakim Canluka Rokki çox tanınmışdır. Çempionlar Liqasının, UEFA Kubokunun oyunlarını, Avropa Liqasının superkuboku matçlarını idarə edib.  Karyerasına İtaliyanın aşağı divizionunda təmsil olunan komandalarının oyunlarını yönəltməklə başlayıb. Sonra İtaliyanın “A” seriyasının oyunlarını idarə edib. 2018-ci ildə İtaliyanın ən yaxşı referi adına layiq görülüb. Yetərincə tecrübəsi olan, dünyanın etibarlı hakimlərindən biri kimi xarakterizə olunur. Kecən il Rusiyada keçirilən Dünya çempionatında 3 oyun idarə edib. Bunlar böyük göstəricilərdir. Cəzaya meylli hakim deyil. Arsenalındakı qırmızı və sarı vərəqlərinin sayı azdır. Futbolçulara yaxşı oyun göstərməyə imkan verən hakimdir. Bu faktor da yaxşıdır ki, biz Bakıda gözəl futbol seyr edə biləcəyik. Rokki ingilis klublarının oyunlarını çox idarə edib. İngilis yığmasının oyununu da idarə edib. Həmin oyunda ingilislər məğlub olmayıb. “Çelsi” və “Arsenal”ın da ayrı-ayrılıqda oyunlarına hakimlik edib. “Çelsi”nin iki oyununa çıxıb və onların hər ikisində ingilis klubu qalib gəlib. “Arsenal”ın isə 5 oyununu idarə edib. Həmin oyunların 2-si qələbə, 2-si məğlubiyyət, 1-i isə heç-heçə ilə nəticələnib. Rokkinin 45 yaşı var, artıq təqaüdə çıxmaq yaşına çatıb. Bəlkə də bu onun yönətəcəyi son final görüşməsi olacaq. Hakim kimi adı böyük qalmaqallarda çəkilməyib. 2005-2006-cı illərdə adı İtaliyadakı futbol korrupsiyası qalmaqalında çəkilsə də, həmin ittihamlar sübut olunmadı. Özü vaxtilə futbol oynayıb, yarımmüdafiəçi olub. O həm də uğurlu iş adamıdır. Ailəsi işıqlandırma avadanlıqlarının istehsalı ilə məşğuldur. Hakim həmin şirkətin payçılarındandır. Bakıda ilk dəfədir VAR sistemi tətbiq olunacaq. Yəni Rokkiyə Bakıdakı oyunu idarə etməyə müasir texnologiya da kömək edəcək”.

Məhəmmədəli QƏRİBLİ