Yaxın iki gündə hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Azərbaycanda mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19°, gündüz 24-28° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 18-19-da Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Share: