Ağızda quruluq. SƏBƏBLƏR

Əgər ağızda quruluq insanı yalnız səhərlər narahat edirsə, buna görə narahat olmağa dəyməz.

Gecə yuxuda insan tərləyir, ağızla nəfəs alır və bu da ağızda quruluğa səbəb olur.

İnfeksion və soyuqdəymə xəstəlikləri zamanı da ağızda quruluq hiss olunur. Bunun səbəbi orqanizmin yüklək hərarətin və ümumi intoksikasiyanın nəticəsində susuzlaşmasıdır. Həmçinin ishal və qusma zamanı da orqanizmin susuzlaşması baş verir və bunun nəticəsində ağızda quruluq yaranır.

Lakin əgər ağızda quruluq sizi çox tez-tez və səbəbsiz olaraq narahat edirsə, mütləq həkimə müraciət edin. Bəzən bu ciddi xəstəliklərin simptomu ola bilər.

Ağızda quruluq digər simptomlarla da müşayiət olunur: susuzluq, tezləşmiş sidik ifrazı, udmanın çətinləşməsi, ağızdan pis qoxu, boğazda ağrılar, səsin tutulması və s.

Ağızda quruluq bu kimi hallarda mümkündür:

– Bəzi dərman preparatların qəbulu buna səbəb ola bilər. Bu dərmanlar arasında: antibiotiklər, göbələk əleyhinə preparatlar, sakitləşdirici preparatlar, allergiya əleyhinə preparatlar, ishala, qusmaya qarşı preparatlar və s.

– Burun nəfəsalmanın pozulması ağızda quruluğa səbəb ola bilər. Burun nəfəsalması burun çəpərinin əyriliyi, burunda poliplər, şişlər, haymorit zamanı pozula bilər.

– Şəkərli diabet zamanı insanı güclü susuzluq narahat edir, insan daim ağızda quruluq hiss edir, tez-tez sidik ifraz edir, “səbəbsiz” arıqlayır, halsızlıq hiss edir, dəri və cinsiyyət orqanlarında qaşınma, göynəmə olur.

– Bəzən stomatoloji prosedurlar və ağız boşluğunda aparılan əməliyyatlar zamanı tüpürcək vəziləri zədələnir və bu da onların fəaliyyətini pozur. Nəticədə ağızda quruluq yaranır. Nəzərinizə çatdıraq ki, ağız suyunun çox böyük əhəmiyyəti var. Ağız suyu ağız boşluğuna düşən quru qidanı isladır və nəticədə onun udması asanlaşır, digər tərəfdən ağız suyunun antiseptik xüsusiyyətləri var – ağız boşluğuna düşən mikrobları zərərsizləşdirir, dişlərin və damaqların sağlamlığını qoruyur.

– Çoxlu miqdarda siqaret çəkən insanlar da tez-tez ağızda quruluq hiss edir.

– Bir çox mədə-bağırsaq sistemi xəstəlikləri zamanı ağızda quruluq hiss olunur. Bu xəstəliklər arasında: öd yolları və öd daşı xəstəlikləri, duodenit, pankreatit, qastrit, disbakterioz, qıcıqlanmış bağırsaq sindromu.

– Nevroz, psixoz, digər nevroloji xəstəliklər zamanı da bu simptom meydana çıxa bilər.

– Klimaks dövründə qadını digər əlamətlərlə yanaşı (baş gicəllənməsi, ürək döyünməsi, istilik, əsəbilik, yuxusuzluq və s.) ağızda, gözlərdə, boğazda, uşaqlıq yolunda quruluq narahat edə bilər.

– Nadir autoimmun xəstəliyi olan Şeqren sindromu zamanı da insanı bütün selikli qişalarda (ağızda, gözlərdə, boğazda) quruluq, dərinin çox quru olması və s. simptomlar narahat edir.

Share: