Azərbaycanda iqlim dəyişməsi səbəbindən temperatur artımı daha çox bu ərazilərdə olub

İqlim dəyişmələri üzrə aparılmış tədqiqatların nəticəsinə görə, Azərbaycanın bütün ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə yaxındır (1,0 °C). Bu artmalar (0,2-dən 1,5 °С-dək) ərazi boyunca bərabər paylanmayıb.

Milletinsesi.az bildirir ki, bunu Trend-ə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, temperatur artımının qeyri-bərabər paylanmasına səbəb Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafiyanın -28,0-dan 4466 metrə qədər dəyişməsi, nəticədə ölkə ərazisində 8 müxtəlif iqlim zonasının yaranmasıdır.

R.Məmmədov qeyd edib ki, bütün müşahidə dövründə temperatur artımı Kür-Araz düzənliyində (0,4-0,9 °С), Qazax-Gəncə zonasında (0,6-1,1 °С), Böyük Qafqazın Cənub yamacında (0,5-0,8 °С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 °С) və şimal (0,4-0,6 °С) yamaclarında müşahidə olunub. Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntının miqdarı 10-15% azalıb.

R.Məmmədov bildirib ki, ümumilikdə götürdükdə respublika ərazisində ekstremal hidrometeoroloji hadisələrin sayı çoxalıb, ən böhran vəziyyət Kür çayında müşahidə olunub, çayın su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhv olma təhlükəsi yaranıb.

Share: