Bakıda narkotik açıq satışda: Alver belə həyata keçirilir

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ölkə ərazisində narkotik vasitələrin kütləvi satışının həyata keçirilməsi ilə bağlı informasiyalar yayılıb. Doğrudanmı narkotik sosial şəbəkədə açıq satışdadır və kim istəsə, ala bilər? Qiymətləri necədir? Satış necə həyata keçirilir?

Bu suallara aydınlıq gətirmək üçün Axar.azəməkdaşı olaraq İnstaqram səhifəsində narkotik satışını elan edən sosial şəbəkə istifadəçiləri ilə “alıcı” kimi əlaqə yaratdıq.

Qeyd edək ki, şəbəkə üzərindən müraciətlərimiz dərhal cavablandırılırdı. Bu isə onu deməyə əsas verir ki, səhifələr aktivdir və daim nəzarətdədir, “satıcılar” bütün günü müştəri gözləməklə məşğuldur.

Cavablardan aydın oldu ki, Bakıda narkotiklər sosial şəbəkə üzərindən bu qiymətə satılır:

1. “Patı” adlanan şüşə – 50-55 manat

2. “Metamfetamin”in 1 qramı – 22 manat

3. “Kakos”un 1 qramı – 18 manat

4. “Metadon” adlanan psixotrop maddənin 40 millisinin biri – 6 manat

5. Müxtəlif narkotik tərkibli bitkilərin (ot) qutusu – 25 manat.

Satış isə bu cür həyata keçirilir: sifariş etdiyin narkotikin pulu sosial şəbəkə üzərindən göndərilən bank kartına ödənilir. Karta vəsaitin göndərildiyini təsdiqləyən qəbzin surətinin fotosu satıcıya göndəriləndən sonra narkotik ünvana çatdırılır.

“Ünvana çatdırılma” isə belədir: Bakıda istədiyin ərazini qeyd edirsən, bir saatdan gec olmayaraq o ərazidə narkotik müəyyən yerə qoyulur və alıcıya narkotikin qoyulduğu yer xəbər edilir. Yəni alıcı və satıcı bir-birini görmür, yalnız satıcı hansı zibil qutusunun və ya daşın altına narkotikin qoyulduğunu sənə xəbər edir.

Təəssüf ki, narkotikin belə dövriyyəsi, üstəlik ucuzluğu ona əlçatanlığı artırdığından, yeniyetmələr belə bundan istifadəyə meyillənir. Bir neçə dəfə istifadədən sonra isə asılılıq yaranır və gənclər arasında narkomaniya sürətlə yayılır.

Hər gün sosial şəbəkə üzərində açıq şəkildə narkotik satışı həyata keçirənlərin saxlanıldığı barədə DİN-in yaydığı məlumatlar, maarifləndirmə tədbirləri isə narkotik alverinin genişlənməsinin qarşısını almaqda acizdir. Belə olmasaydı, gündəlik həbslər qarşısında heç olmasa sosial şəbəkələrdə elanların azaldığını və yaxud yoxa çıxdığını müşahidə edərdik.

Bütün ölkəni, cəmiyyəti narahat edən bu məsələ ilə bağlı kompleks tədbirlərin keçirilməsi artıq qaçılmazdır. İlk iş isə sosial şəbəkələrdə saxta profillərin qadağan olunması ilə başlamalı, cəmiyyət bütövlükdə prosesə cəlb edilməlidir.

Mövzunu davam etdirəcəyik…

Share: