“Xalq Cəbhəsi liderləri şüurlu şəkildə camaatı qırğına verdilər” — Politoloqdan QALMAQALLI AÇIQLAMA

“20 yanvar hadisəsi SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin təxribatı idi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadə deyib.

“O vaxtlar belə bir faciəli günün yaxınlaşdığını görürdüm. Xalq Cəbhəsi İdarə heyətində üç dəfə məruzə etdim ki, xalqı ayağa qaldırıb dövlət idarələrinə, orduya hücum etmək lazım deyil. Bu, təhlükəlidir və nəticəsi pis olacaq. Orduda qulluq eləməmiş, fərrari Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri mənim dediyimi anlamırdılar. 15 nəfər idarə heyətinin üzvündən yalnız 2 nəfər Sovet ordusuna qulluq etmişdi ki, onlardan biri də mən idim. Son 13 nəfər isə fərrari idi, Sovet ordusunda qulluq eləməmişdi, min bir fırıldaqla boyun qaçırmışdı. Ona görə də, orduda andın nə olduğunu, orduda verilən əmrlərin sözsüz yerinə yetirildiyini anlamadan Vəzirovu devirmək naminə xalqı sövq edirdilər ki, dövlət idarələrinə hücum etsinlər. Mənasız, səfeh uşaqlarla mitinq keçirirdilər. Dövlət idarələrini iflic vəziyyətə salmışdılar. Axırda görəndə ki, bu adamlar söz anlamırlar, şüurlu  surətdə xalqı qırğına aparırlar, 1990-cı il yanvarın 7-də Xalq Cəbhəsini tərk etdim. Mən Xalq Cəbhəsini tərk edəndən sonra son sözlərim bu olmuşdu: “Bəylər, mən qorxuram. Siz xalqı qana, məğlubiyyətə aparırsınız”. Qışqırdılar ki, “xain, satqın, qorxaq” və s.  Mən də döndüm, çıxdım getdim. Qaldı Əbülfəz Əliyev və onun ətrafı. 13  gündən sonra bu hadisə baş verdi”.

Z.Əlizadənin sözlərinə görə, bu, Dövlət Təhlükəsizliyi Komitəsinin təxribatı idi və bu işdə Xalq Cəbhəsi fəal iştirak etdi: “Yada salmaq istəyirəm ki, 13 yanvar 1990-cı ildə son şüar “ermənilərə ölüm” idi. Bu, DTK layihəsinin tərkib hisssəsi idi. On üç gündən sonra Sovet ordusu əlavə hissələrini Bakıya yeritdi. Onsuz da, Bakıda 11 mindən yuxarı Sovet ordusu var idi və 20 min də əlavə saldılar. Xalq Cəbhəsi şüurlu sürətdə bilərək ki qırğın olacaq, xalqı yalançı şüarlarla küçələrə çıxartdı. Silah verəcəyik və s. yalançı vədlərlə xalqı aldatdılar. Camaatı küçələrə çıxardılar, Sovet hərbi hissələrinin ətrafında və Bakıya gedən əsas yollarda barikadalar qurdular. O vaxtlar onlara siyasi rəhbərlik tərəfindən təhdid edildi ki, camaatı küçəyə çıxartmayın. İsa Qəmbərin cavabı belə oldu ki, nümayiş və mitinqlər xalqın konstitusion hüququdur. Gəlin vurun, qırın! Əbülfəz bəy də xalqa dedi ki, qadınlar getsin, kişilər qalsın. Özü də qaçdı gizləndi qəlb dostu Becan Fərzəliyevin evində. Ondan sonra ordu gəldi, qırdı. 131 meyid Bakıda, 7 meyid Neftçala və Lənkəranda”.

Politoloq qeyd edir ki, həmin vaxtlar Moskva bura ən ali məqamlı siyasi rəhbərlərini göndərmişdi: “Onlar Xalq Cəbhəsinin liderləri ilə görüşdülər və dedilər ki, xalqı küçəyə çıxartmayın. Amma dedilər ki, çıxardacağıq. Belə bir şəraitdə Vəzirovu yıxmaq naminə mənasız şüarlarla camaatı verdilər qırğına. Sonra da iblisanə bir məkrlə bunu adlandırdılar xalqın qəhrəmanlıq simfoniyası, vəssalam. Sonda Vəzirovu yıxdılar. Bu adamlar alçaq işlərini görəndən sonra çəkiliblər və 30 ildir müxalifət rolunu oynayırlar. 18 dəfə seçkini uduzublar, özlərini xalqın adamı adlandırırlar. Mən adi insanam, bilirəm çörəyim haradan çıxır. Sovet dövründə aldığım mənzildə yaşayıram. Bu adamlar haradan qazanırlar? Necə yaşayırlar? Gəlirləri haradandır? Anlamıram. Xalq olaraq bu sualı vermirik. 20 Yanvar Azərbaycan xalqının demokratik idarəçilik üzvlərini itirməsi üçün DTK-nın və hakimiyyət maşasının apardığı siyasətin növbəti mərhələsi idi. İndi sosial şəbəkədəki nadan, cahil insanlar elə bilirlər hər şey bilirlər, əslində tariximizlə bağlı heç nə bilmirlər”.

Share: