BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , İyun 20 2019

Ukrayna sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib


Moldovada yaranan siyasi böhranla əlaqədar Ukrayna bu ölkə ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

AZƏRTAC Ukrayna Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, sərhəddə gediş-gəliş zamanı insanlar ciddi yoxlanılır. Təhlükəsizlik Xidməti sabitliyi qorumaq üçün Moldovanın müvafiq qurumları ilə informasiya mübadiləsini intensivləşdirib. Ukrayna Xarici İşlər Nazirliyi isə Moldovada sabitliyin qorunması üçün köməyini təklif edib.

Qeyd edək ki, Moldovanın Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.

Konstitusiya Məhkəməsi parlamentin yeni Baş Nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib. Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 6-da keçiriləcək. Bu barədə Prezidentin səlahiyyətlərini icra edən Baş Nazir əvəzi Pavel Filip Fərman imzalayıb.

Xatırladaq ki, Moldova Prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlamışdı. İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan etmişdi. “Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş Naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, – deyə İ.Dodon əlavə edib.