Həzrəti Muhəmmədin qızı Ruqiyyə

Həzrəti Muhəmmədin (s. a. v.) qızlarından biri olan bu xanımın tam adı Ruqiyyə (Ruqəyyə) (رقيّة) bint Muhəmməddir.

Ruqiyyə hicrətdən 20 il əvvəl Məkkədə dünyaya gəlib. Muhəmməd peyğəmbərin (s. a. v.) həzrəti Xədicədən dünyaya gələn 3-cü uşağı olub. Ruqiyyə İslam dinini anası və bacıları ilə birlikdə qəbul edib.

Milletinsesi.az muselmanlar.com-a istinadən bildirir ki, Həzrəti Muhəmmədə peyğəmbərlik verilməmişdən qabaq Ruqiyyə Əbu Ləhəbin oğlu Utbəyə, bacısı Ümmügülsüm isə Əbu Ləhəbin digər oğlu Uteybəyə ərə getdi. Hələ toyları olmamış Quranın Ləhəb (Məsəd) surəsi nazil oldu. Bunun üstündən Əbu Ləhəb və arvadı öz oğullarına Muhəmməd peyğəmbərin qızlarını boşatdırdılar. Mənbələrdə qeyd olunur ki, peyğəmbər və qızları da belə istəyirdilər.

Ruqiyyə bundan sonra Osman ibn Əffana ərə getdi. Müsəlmanlar Məkkədə əziyyət çəkdikləri üçün həzrəti Muhəmməd qızı və Osmana Həbəşistana hicrət etməyi məsləhət gördü. Onlar da belə etdilər. Daha sonra da Mədinə şəhərinə getdilər. Deyilənə görə bu vaxt Ruqiyyə birinci övladını itirdi.

Ruqiyyə atası həzrəti Muhəmmədin Bədr döyüşünə hazırlaşdığı bir vaxtda qızılcıq xəstəliyinə tutuldu. Xəstəliyi şiddətləndi. Həzrəti Muhəmməd onun əri Osman ibn Əffana dedi ki, yoldaşının yanında qal. Bu səbəbdən Osman Bədr döyüşündə iştirak edə bilmədi.

Ruqiyyə Bədr döyüşünün davam etdiyi vaxtda – hicrətin 17 və ya 19-cu ayında (Ramazan ayının axırıncı 10 günündə: mart ayı, 624-cü il) Mədinədə 22 yaşında dünyasını dəyişdi. Cənazəsini Ümmü Eymən yudu. Meyyit namazını isə əri Osman ibn Əffan qıldırdı.

Bədr döyüşündə əldə olunan qələbənin xəbəri Mədinə şəhərinə gəlib çatdığı vaxt Ruqiyyə Bəqi qəbristanlığında dəfn olunurdu. Bu səbəbdən həzrəti Muhəmməd qızının dəfn mərasimində iştirak edə bilmədi.

Bununla belə, bəzi rəvayətlərdə qeyd olunur ki, həzrəti Muhəmməd qızı Ruqiyyənin dəfninə çatıb. Görünür ki, bu xəbəri nəql edənlər Ruqiyyə və Ümmügülsümün dəfn mərasimlərini bir-birinə qarışdırıblar.

Ömər ibn Xəttab Ruqiyyənin ölümündən kədərlənib ağlayan qadınlara mane olmaq istədi. Həzrəti Muhəmməd isə bildirdi ki, qışqırıb bağırmadan ağlamaq mərhəmətdən irəli gəlir.

Belə başa düşülür ki, həzrəti Fatimənin Ruqiyyənin qəbrinin üstündə ağlaması və həzrəti Muhəmmədin onun gözünün yaşını silməyi hadisəsi Bədr döyüşündən sonrakı qəbir ziyarəti vaxtı baş verib.

QEYD: Bu cavab yazısı hazırlandığı vaxt Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasından (35-ci cild, s. 219) istifadə edilmişdir.

Share: