BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , İyul 24 2019

İyulun 24-dən ali məktəblərə ixtisas seçimi başlayır


Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

Milletinsesi.az-ın xəbərinə görə, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını www.eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Abituriyentlər müsabiqə şərtlərini ödədikləri halda eyni vaxtda 3 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı ikisi və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər. Dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla qəbul aparılmasından asılı olmayaraq ali təhsil müəssisələrinin ixtisaslarının siyahısında hər bir ixtisas üzrə ümumi plan yerləri təqdim edilib. Hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı ayrıca cədvəldə verilib. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.