04 : 21 15 dekabr
   
Köşə yazarları

Ölümsüzlüyünü yaşadığım Toğrulun 40 günü

Ölümsüzlüyünü yaşadığım Toğrulun 40 günü
2016-05-19 13:00 Baxılıb:   336

Düz 40 gündür bu gün… 40 gündür ki səninlə vidalaşdıq, səni müqəddəs torpağa tapşırdıq. Əslində müqəddəs insanlar müqəddəs torpağa qismət olur...
Ölümündən 5 gün əvvəl görüşdük səninlə… Bəyaz, sakit bir gecədə… Bu GECƏ GÖRÜŞÜNÜN nə biləydim ki bir anlamı var? Canından çox istədiyin, qanınla, canınla bağlı olduğun Bicoda. Bir Bico gecəsində. Həmin gecə siman həmin sima olsa da, bu dəfə daha çılğın, daha məğrur gördüm səni. Tam fərqli. Sanki tələsirdin. Salamlaşıb, hal-əhval tutandan sonra xeyli söhbətləşdik. Amma. Nəsə narahat idin. Sanki kiməsə nəsə söz vermişdin. Ora getmək üçün tələsirdin…Və…Getdin…

Və cəmi 5 gün keçdi…5 gündən sonra, aprelin 2-də eşitdiyim xəbərə heç cür inana bilmədim… Necə ki hələ də inana bilmirəm Toğrul…
50 gün əvvəl sənin Şəhid olmaq xəbərini eşitdik. Cəsarətinə, igidliyinə, məğrurluğuna əmin idim. Amma ölməzliyinə ondan da çox əmin idim.
Çox soraqladım, axtardım, aradım, hospitalları, xəstəxanaları. Amma…Gördüm deyən olmadı səni. Kimisi dedi sağdır, kimisi dedi yaralı. Aprelin 8-nə qədər…Və….
Bu gün torpağa tapşırıldığın gündən 40 gün keçir. İnanmasam da məcburam. Çünki dəfn etdik səni. Amma tək torpağa yox, həm də qəlbimizə…

Dəfn günü. ŞƏHADƏTƏ qovuşduğun gün sənin haqqında yazmaq istədim. Amma…dilim-dodağım quruduğu kimi əllərim də qurudu, qələmim də… 40 gündür ki hər gün, hər saat yazmaq istəyirdim, amma yaza bilmirdim…
Bu gün cəsarət tapdım. Toparlandım və yazmağa çalışdım…
Bu gün yenə qürurverici gün idi. Hamı sizin həyətdə idi. Səndən başqa…
Hamı gəlmişdi, hamı danışır, səninlə fəxr edirdi. Amma…Sən yox idin aramızda…
Aramızda olmasan da ürəyimizdə idin, hər birimizlə ayrı-ayrılıqda söhbət edirdin, igidliyin salnaməsini danışırdın həyətinizdəkilərin hər birinə, həm də mənə…
Həyətinizdəki mağarı gördünmü Toğrul? 40 gündü o mağar səninçün qurulub…Toy mağarına oxşayırdı…Qırmızı xalatlar asılmışdı mağarın dirəklərindən. Amma o qırmızıya bürünən mağarı bəzəyən al xalatlara yox, hamı mağarın girişində asılmış və qürurla dalğalanan üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağına baxır, köks ötürür, və səni o bayrağın üstündə təsəvvür edirdi…
Bəli, hamı sənə o bayraq vasitəsilə təzim edirdi. Qoca baban, nənən. Orta yaşlı olmasına baxmayaraq sənin hünərinin, qəhrəmanlığının şərəfini yaşayan, sifətində yaşından böyük məğrurluq cizgilər əmələ gələn atan və anan. Bir yandan ölümsüzlük zirvəsinə yüksəlməyinlə fəxarət hissi yaşayan, digər tərəfdən həmin hisslərə TƏK OĞUL İTKİSİ həkk edərək sifətlərinə qəribə bir kədər hopan atan və anan..

Hamı səbr diləyirdi onlara. “Son qəmin olsun!”, “Allah rəhmət eləsin”, “Fəxr et ki bu cür övlad yetişdirmisən Vətənə”, “Hamımız Toğruluq” kimi standart şüarları atan və anan, ailə üzvlərin artıq 40 gündü eşidirdi. Artıq onlar həyətinizə, sənin üçün qurulan mağara gələn insanların hansının hansı sözü deyəcəyini əvvəlcədən bilirdilər. Və bu artıaq onlar üçün bu 40 gündə vərdişə çevrilmişdi…
Bu gün yenidən uyuduğun o müqəddəs qəbirstana da baş çəkdim…Bu dəfə səninlə sonuncu görüşümüzdən fərqli olaraq gündüz getdim səninlə görüşə… Səndən böyük olsam da, mənə “əmi” deyə müraciət etsən də bu dəfə sən məndən çox böyük idin. Ona görə. Mən getdim sənin ayağna…Və elə ayağın altda da dayanıb səni böyük bir zirvədə gördüm-ŞƏHİDLİK ZİRVƏSİNDƏ.
Həmişə səni uzaqdan görəndə bilirdim ki, gəlib görüşəcəksən. hal-əhval tutacaqsan. Və heç vaxt da yanılmırdım fikrimdə. Həmişə düşündüklərim olurdu. Amma…Bu dəfə gözləmədim ki sən gələcəksən mənimlə görüşməyə. Sənin o xasiyyətin hünərin, rəşadətin mənim daxilimə hopdu bu dəfə, heç özüm də bilmədən…
Bu dəfə mən getdim sənin yanına. Salam verdim, Toğrula verdiyim salam kimi yox. Səcdə etdiyim bir ŞƏHİD TOĞRUL kimi… Çünki sən artıq uşaqlığı gözümüzün onundə keçən, həmişə balaca qardaş kimi baxdığımız Toğrul deyildin. Sən 23 illik həyatındakı Toğrul deyildin bu gün. Bu gün sən bir anın içərisində çoxlarının həsrətində olduğu,bir göz qırpımında yüksəldiyin bir ZİRVƏDƏN boylanan ŞƏHİD TOĞRUL idin… Və ona görə də səninlə görüşməyə mən tələsdim bu gün…
Məzarın da çox qəribə idi. Qəbirstanlıqda hamının qəbrindən fərqlənən, parıldayan, qəbirstanlığa xüsusi işıq saçan məzarın. Üstünü üçrəngli Azərbaycan Bayrağı ilə örtmüsən. Çox qalın deyil üstünə örtdüyün bayraq. Amma, düşünmürəm ki, üşüyürsən. Çünki sən o bayrağı həyatın bahasına qazanmısan, o bayrağı canın qədər sevmisən. Çoxları yerin üstündə, isti evində qalın yorğana büküldüyü bir vaxtda sən üzrəngli bayrağımıza bükülərək rahat uyuyursan. Ona görə rahat uyuyursan ki sən o bayrağı, bu vətəni sevdin. Və həmin bayrağı da indi üstünə örtdün.
Amma, heç əvvəlki xasiyyətini dəyişməmisən Toğrul. Sinənin üstünə örtdüyün bayraqla doymayıb başının da üstünə eyni bayrağı asmısan və hey baxırsan bayrağın məğrur dalğalanmasına. Əslində o bayrağın məğrur dalğalanmasının böyük bir səbəbi var. O bayraq sənin kimi oğullarla fəxr edir və sənin kimi oğulların başı üstündə asılıb. Başının üstündə məğrur dalğalanan Azərbaycan bayrağının niyə belə məğrur olduğunu bilirsən Toğrul? Mən bilirəm. Bu bayraq ona görə məğrur dalğalanır ki, o sənin kimi bir igidin başı üstündə dayanıb. Sənin başının üstündə dalğalanan bayraq heç vaxt qırışa bilməz, heç vaxt əyilməz. Çünki, sən bayrağımız, dövlətimiz və dövlətçiliyimiz üçün canından keçdin, uf da demədin. İnsan üçün dünyada ən şirin nemət özünün can sağlığıdır. Sən isə bu bayraq üçün, bu dövlət üçün, bu millət üçün canını əsirgəmədin. Düşmənin Azərbaycan torpaqlarını tapdamasına dözə bilmədin. Üçrəngli Azərbaycan bayrağı uğrunda döyüşə atıldın, düşmənin üstünə kişi kimi getdin. Onları Azərbaycan torpağına icazəsiz soxulduğu üçün bağışlamadın. Onlarla düşməni məhv etdin, kişilik göstərdin və kişi kimi də ŞƏHİD oldun. Belə bir şəxsiyyətin başı üstündə dalğalanan bayraq necə məğrur dayanmasın…
Qəbrinin üstündə qərənfillər, qızılgüllər səpələnmişdi. Gülə qərq edilib məzarın. Amma, güllərə də fikir verdim. Sənin cazibən qarşısında həmin güllərdə büzüşmüşdü, boyunlarını büküb sinənin üstünə uzanmışdı güllər. Sanki səni soyuqdan qorumaq üçün səfərbər olmuşdular…
Məzarın üstündəki güllər də göz yaşı axıdırdı. Onlar da səni qucaqlayıb səninlə söhbət edirdilər…

Bu gün silahdaşların da gəlmişdilər səninlə görüşə. Amma bu dəfə səninlə yox, sənsiz gəlmişdilər. Sənin igidliklərini əhaliyə çatdırmaq üçün. Prezident tərəfindən təltif edilmək xəbərini bizlərə çatdırmaq üçün gəldilər.
Düzdü, onların da gözü səni gəzirdi, elə bilirdilər ki, bu dəqiqə həyətinizdən gələcəksən, onları qarşılayacaqsan…Amma, çox gözlədilər, gəlmədin…
Ruhun şad olsun qardaş! Yerin cənnətdi İnşallah! Çünki sən elə bir zirvəyə ucalmısan ki, ŞƏHADƏT ZİRVƏSİ onsuz da cənnətə bərabər zirvədir. Hamımızın arzusunda olduğumuz bir zirvədi bu yüksəklik. ŞƏHADƏTİN MÜBARƏK ŞƏHİD QARDAŞIM!


SAMİR ƏLİ

Bənzər xəbərlər