21 : 42 21 noyabr
   
Araşdırma

İrəvan vilayətinin türk toponimləri

İrəvan vilayətinin türk toponimləri
2016-12-29 21:59 Baxılıb:   134




Bəymirzə Şabiyevİrəvan vilayətinin türk toponimləri

tarix üzrə fəlsəfə doktoru



İrəvan vilayətinin türk toponimləri ( “Cambr”ın materialları əsasında )



XVIII əsr erməni katalikosu və salnaməçisi İrəvanlı Simeonun “Cambr” əsərində İrəvan bölgəsində yüzlərlə türk mənşəli toponimlərin qeyd olunduğu bəllidir. Birinci məqaləmizdə əsərdə adı kecən və yalnız Üçkilsə monastrına məxsus olan türk mənşəli yaşayış məskənləri haqqında məlumat verilmişdir. Bu məqalədə isə “Cambr”da adı keçən və İrəvan vilayətindəki digər xristian kilsə və monastrlarına məxsus olan türk mənşəli yerlər və yaşayış məskənləri tədqiqat obyektinə çevrilmişdir.

İrəvanlı Simeonun “Cambr” əsərində Qarni dairəsində yerləşən Xor-Viran monastrına məxsus Veti yaşayış məskəninin adı çəkilmişdir.(1,s.358). Bu yaşayış məskəni 1590-cı ildən məlumdur və həmin tarixə aid İrəvan əyalətinin müfəssəl dəftərində qeydə alınmışdır.(2,s.214). Xanlıqlar dövründə İrəvan xanlığının bir mahalı da Vedibasar adlanırdı. Xanlıqlar çağında Vedibasar mahalında Vedi Ulya adlı kəndin olması da məlumdur. (3,s.169).

İrəvanlı Simeon Karpi dairəsində yerləşən Aqcots monastrına məxsus Çatqıran kəndinin adını çəkmişdir.(1,s.358). Qeyd etmək lazımdır ki, İrəvan bölgəsində üç Çatqıran və bir Çatqıran-Zimmi yaşayış məskəni mövcud olmuşdur. Çatqıran kəndlərinin biri İrəvan xanlığının Qırxbulaq, biri Vedibasar, biri Karbibasar mahalında ( Şopen), Çatqıran-Zimmi isə 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində qeydə alınmışdır. (5,s.36). Çatqıran sözünün yozumu ilə bağlı tarixi ədəbiyyatda müxtəlif mülahizələr olsa da. əksər tədqiqatşıların fikrincə,toponimin birinci komponenti olan çat- yarğanın kənarı, dağ beli, dağ çıxıntısı, qayalı yüksəklik, ikinci komponenti olan qıran isə qırılan, qopan və s. mənasındadır.(3,s.418-419).

İrəvan vilayətində yerləşən Qetarqel monastrının digər adlarının Dzaqavank və Çayqaytaran olduğunu qeyd edən İrəvanlı Simeon bu monasra məxsus əkin sahələrinin sərhədlərini təsvir edərkən bir çox türk mənşəli toponimlərin adflarını çəkmişdir. Müəllifin məlumatına əsasən bu monastra məxsus olan və Bazarşen adlanan əkin sahəsi Yelqovan Şaab kəndləri arasında yerləşir.(1,s.358). Bazarşen sözünün kökünün türk mənşəli olması heç bir şübhə doğurmur. Irəvan bölgəsində bu sözün kökünü əks etdirən bir neçə toponim olmuşdur. Belə ki, XIX əsrdə Zəngəzur qəzasında ( indiki Sisiyan rayonunda) Bazarkənd kəndi, Bazarçay çayı (3,s.144), 1590-cı ilə aid Osmanlı mənbəsində Rəvan əyalətinin Bazarçay nahiyəsində Bazarçayı (2,s.156), 1727-ci ildə İrəvan əyalətinin Sisiyan nahiyəsində Bazarçayı kəndi (5,s.150), İrəvan quberniyasının Eçmiədzin qəzasında Bazarcıq kəndi (3,s.144), 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində Bazarcıq kəndi (5,s.113), 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində Bazarcıq kəndi (2,s.196) kimi toponimlərin qeydə alınması bunu bir daha təsdiq edir.

İrəvanlı Simeonun qeydə aldığı Yelqovan kəndinin adına 1590-cı ilə aid Osmanlı mənbəsində rast gəlinir.(2,s.56). Xanlıqlar çağında İrəvan xanlığının Qırxbulaq mahalında da Yelqovan kəndi olmuşdur.(3,s.276). 1829-cu ildə bu kənddə Osmanlı ərazisindən köçürülmüş ermənilər yerləşdirilmiş, 1998-ci ildə isə kəndin azərbaycanlı əhalisi deportasiya edilmişdir. Bu kəndin adi 1965-ci ildə dəyişdirilərək Kotayk adlandırılmışdır.(3,s.276).

İrəvanlı Simeon Qetarqel monastrına məxsus əkin sahələrindən birinin Aladağ adlandığının və onun Dzaq, Aban və Taqarnak kəndləri arasında yerləşdiyini göstərmişdir.(1,s.359).Çox maraqlıdır ki, B.Budaqov və Q.Qeybullayevin tərtib etdikləri “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”ndə Aladağ toponimi haqqında heç bir məlumat verilməmişdir.

“Cambr”da Qetarqel monastrına məxsus olan iki üzüm bağından birinin Nork kəndi yaxınlığındakı Qırxbulaq çayı, digərinin Dəmirbulaq tərəfində yerləşdiyi göstərilmişdir.(1,s.359). XVI-XIX əsrlərdə İrəvan bölgəsində Qırxbulaq adlı bir neçə toponim mövcud olmuşdur. Xanlıqlar dövründə İrəvan xanlığının bir mahalı Qırxbulaq adlanmış və mahalda eyni adlı kənd də olmuşdur. Qeyd etmək lazımdır ki, XVI-XIX əsr erməni mənbələrində bu toponim bir çox hallarda Kotak şəklində tapmışdır. Araşdırmalar göstərir ki, Kotak, Katak və ya Kotayk toponimi eramızın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış peçeneqlərin katayk tayfasının adından yaranmışdır.(3,s.289). Digər bir Qırxbulaq toponimi İrəvan quberniyasının danSürməli qəzasında qeydə alınmışdır və bu toponim 1590-cı ilə aid qaynaqda yaylaq kimi göstərilmişdir. ( Şopen.s.258).

1728-ci il tarixli “ İrəvan əyalətinin icmal dəftəri”ndə Məzrə nahiyəsində Qırxbulaq adlı kəndin olması da göstərilmişdir.(5,s.61). “Cambr”da əksini tapmış Dəmirbulaq toponiminə gəldikdə isə XIX əsrdə İrəvan quberniyasının Eçmiədzin qəzasında Dəmirli bulaq adlı bir çeşmənin olması bəllidir.(3.s.233).

İrəvanlı Simeon Keçaris monastrına məxsus kəndlər arasında Təkəlik və Eşşəkquduran kəndlərinin adlarını çəkmişdir.(1,s.360).B.Budaqov və Q.Qeybullayev Təkəlik sözünün ərəb dilində “təkiyyun” (ibadət yeri) sözündən əmələ gəldiyini bildirirlər.(3,s.386). Fikrimizcə bu anlayışın türk mənşəli təkəli tayfası ilə bağlanması ehtimalı daha ağılabatandır.

Keçaris monastrına məxsus olan Eşşəkquduran kəndi 1728-cil tarixli Osmanlı mənbəsinin məlumatına əsasən İrəvan əyalətinin Abaran nahiyəsində(6,s.194), xanlıqlar çağında isə İrəvan xanlığının Dərəçiçək mahalında qeydə alınmışdır.(Şopen). Bu kəndin adı İrəvan vilayətində Pəmbək dağ silsiləsinin zirvələrindən biri olan Eşşəkquduran dağının adındandır. Toponim “oşiq” və “kudur” sözlərinin birləşməsindən yaranmışdır. Buryat-monqol dillərində oşiq “külək tərəfindən çox aşınmış dağ suxuru”, türk dillərində kudur “Dalğavari dağ silsiləsi” anlamındadır.(3,s.245). Yeri gəlmişkən İrəvan vilayətində qeydə alınan Oşaqan (ermənicə Oşakan) toponimi də bu anlamdadır. XIX əsrdə Qars əyalətində Eşəkmeydan, cavad qəzasında Eşəktəpə, Zəngəzur qəzasında Eşakmeydan, Tiflis quberniyasında Eşaktəpə kimi qeydə alınan toponimlərlə Eşşəkquduran yer adı mənaca eynidir.

İrəvanlı Simeon Xutavəng monastrına məxsus yaşayış məskənləri içərisində Ərk, Salamalik, Daştak, Hacar, Xaluc, Yanşaq, Meydan, Çapar kəndlərinin adlarını çəkmişdir.(1,s.360-361).

Türk dilində qala mənasını verən Ərk yaşayış məskəni XVIII əsrin əvvəllərində Göyçə mahalında yerləşirdi və əhalisi türklərdən ibarət olmuşdu.(3.s.256).

Erməni mənbələrində Salamalik kimi əksini tapmış bu kəndin adı 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Zar nahiyəsində (2.s.328), 1728-ci il tarixli mənbədə isə Zarzəmin nahiyəsində kənd tipli yaşayış məskəni kimi Salaməleyk formasında qeyd olunmuşdur.( 5.s.120).

“Cambr2da Daştak kimi əksini tapmış toponim əslində Daşdağ mənasındadır və İrəvan vilayətində XVI-XIX əsrlərdə bu sözün kökündən əmələ gəlmiş 40-a qədəryer adı olmuşdur. Çox təəssüf ki, B.Budaqov və Q.Qeybullayevin izahlı lüğətində Daştak toponimi ilə bağlı heç bir informasiya verilməmişdir. Eyni fikri “Cambr”da əksini tapmış, lakin həmin lüğətə daxil edilməyən Həcər toponimi ilə bağlı da söyləmək lazımdır.

İrəvan vilayətinin Göyçə mahalında qeydə alınan Karataq toponimi heç şübhəsiz “Cambr”da ermənicə verilmişdir və əslində Qaradağ adının təhrif edilmiş formasıdır.

İrəvanlı Simeonun Xaluc kimi təqdimetdiyi yer adı oğuz tayfa birliyinə daxil olan Xalac (Xələc) tayfasının adından yaranmışdır və XVIII-XIX əsrlərdə İrəvan bölgəsinin Qırxbulaq nahiyəsi Və Şərur-Dərələyəz qəzasında Xalicə, Xalaclar yurdu kimi yer adları ilə eyni kökdəndir.(3,s.397-398).

“Cambr”da adı keçən Yanşaq kəndi isə 1728-ci il tarixli Osmanlı mənbəsində İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd tipli yaşayış məskəni kimi təqdim olunmuşdur.`(5,s.120).

Azərbaycan türkcəsində “açıq yer”, “düzən” və s. mənanı verən Meydan toponimi İrəvan vilayətinin üç bölgəsində qeydə alınmışdır.Belə ki, 1728-ci il tarixli Osmanlı mənbəsində bu toponimlərdən biri Dərələyəz nahiyəsində (6.s.14), digərləri isə irəvan əyalətinin Maku (5,s.40) və Zarzəmin (5.s.120) nahiyələrində kənd kimi qedə alınmışdır.

Çox təəssüf ki, İrəvanlı Simeonun Xutavəng monastrına məxsus kənd kimi qedə aldığı Çapar kəndinin adına B.Budaqov və Q.Qeybullayevin məlum lüğətində rast gəlinmir.

İrəvanlı Simeon Qeqarkuni dairəsində yerləşən Xeyrəvəng monastrına məxsus kəndlər içərisində Dəliqardaş, Quləli, Kişlaq, Buzxana, Qara-kilsə, Düdəngi, Yekdəngi, Sedəngi, Kəmənd-bulaq, Hasan-bulaq və Azat kimi yaşayış məskənlərini xatırlatmışdır.( 1,s.365).

1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeydə alınan dəliqardaş yaşayış məskəni (5,s.55) XIX əsrdə İrəvan quberniyasının Novobəyazid qəzasının tərkibində olmuşdur.1919-cu ildə kəndin türk əhalisi qovulmuş, 1920-ci ildə Osmanlı ərazisindən köçürülən ermənilərlə məskunlaşdırılmış və 1935-ci ildə kəndin adı dəyişdirilərək Sarukan adlandırılmışdır.(3,s.232).

Yerli tələffüz forması həm də Güləli şəklində olan və XVIII əsr erməni mənbəsində Quləli kimi qeydə alınan bu toponimə İrəvan vilayətinin iki bölgəsində rast gəlinir. Bunlardan biri 1728-ci ildə İrəvan əyalətinin Şiragel nahiyəsində(5,s.132). digəri isə İrəvan quberniyasının Novobəyazid qəzasında yerləşmişdir.(3,s.219). XIX əsrdə Cənubi Qafqazın və Osmanlının bəzi bölgələrində də Quləli adlı yaşayış məskəninə rast gəlmək mümkündür. Belə ki. Yelizavetpol quberniyasının Qazax qəzasında, Qars əyalətinin Kağızman dairəsində Quləli (3,s.219), Tiflis quberniyasının Ahalsıx və Axalkələk qəzalarında Qulalis kəndləri mövcud olmuşdur.(3,s.219). Bu toponimin qul və Əli şəxs adlarının birləşməsindən və yaxud qüllə olan yer sözlərindən yaranması kimi versiyalar mövcuddur.

İrəvanlı simeonun adini çəkdiyi Qışlaq kəndi XIX əsrdə İrəvan quberniyasının Novobəyazid qəzasında qeydə alınmışdır. Onu da qeyd etmək lazımdır ki, XVII-XIX əsrlərdə İrəvan bölgəsinin müxtəlif ərazilərində Qışlaq adlı 14 toponim mövcud olmuşdur.(3,s.210-211).

“Cambr”da adı çəkilən Buzxana toponimi 1728-ci il tarixli Osmanlı mənbəsində İrəvan əyalətinin Qarni nahiyəsində kənd kimi qeydə alınmış və onun digər adının Ağcaqışlaq olduğu göstərilmişdir.( 6,s.79).

Tarixi mənbələrdə İrəvan bölgəsində 13 Qarakilsə toponiminə rast gəlinmişdir. Bundan əlavə bu toponimə Qarakilis formasında bölgənin daha üç məntəqəsində təsadüf olunmuşdur.(3,s.184-185). Xeyrəvəng monastrına məxsus olan Qarakilsə kəndi 1728-ci ildə İrəvan əyalətinin Göyçə nahiyəsində yerləşirdi.(6,s.12).

“Cambr”da adı keçən Yekdəngi, Düdəngi, Sedəngi toponimləri fars mənşəli olub, yek , dü, se və dəngi sözlərindən yaranmışdır və birinci, ikinci, üçüncü məhəllə mənasındadır. Çox ehtimal ki, bu kəndlər Səfəvilər tərəfindən İrandan köçürülmüş əhali tərəfindən salınmışdır.

İrəvanlı Simeonun əsərində əksini tapmış Kəmənd bulağı kəndi 1728-ci ilə aid qaynaqda İrəvan əyalətinin Göyçə nahiyəsində qeydə alınmışdır.(6,s.12). Qeqarkuni (Göyçə) nahiyəsində yerləşən Həsən bulaq yaşayış məskəninin Azərbaycan türklərinə məxsusluğu isə heç bir şübhə doğurmur.

“Cambr”da Göyçə mahalında yerləşən Şquak monastrına məxsus kəndlər sırasında türk mənşəli Yastıyolum, Dilənçi, Altuntaxt toponimlərinin adlarını çəkmişdir.(1,s361). Yastıyolum Azərbaycan türkcəsində yastan və türk dillərində olum “keçid” sözlərinin birləşməsindən yaranmışdır. İrəvanlı Simeonun xatırlatdığı Dilənçi kəndi 1728-ci il mənbəsində İrəvan əyalətinin Göyçə nahiyəsində qeydə alınmışdır. B.Budaqov və Q.Qeybullayev yanlış olaraq bu kəndin Xeyrəvəng monastrına məxsus olduğunu göstərmişlər.(3,s238).

Mənbələrdə İrəvan vilayətinin iki yerində Altuntaxt adlı yer adına rast gəlinir. Bunlardan biri, İ.Simeonun göstərdiyi Altuntaxt kəndi 1728-ci il mənbəsinə görə Göyçə nahiyəsində, XIX əsr mənbəsinin məlumatına əsasən isə Novobəyazid qəzasında yerləşmişdir. (6,s.12). Bu kəndin azərbaycanlı əhalisi 1828-1832-ci illərdə qovulmuş, xaricdən köçürülmüş ermənilərlə əvəz edilmişdir. İkinci Altuntaxt toponimi isə Dərəçiçək mahalında Dağ və yaylaq adı olmuşdur. İlk dəfə bu ada “Kitabi Dədə Qorqud” dastanında rast həlinir. (7,s.50). Bu toponim türk mənşəli altun və ərəb mənşəli taxt ( yüksəklik) sözlərindən yaranmışdır.

İrəvanlı Simeon Sevan monastrına məxsus Göyçə mahalında yerləşən Buğda təpə, Qaradalu, Dərəçiçək ( Çaxkunik) nahiyəsində yerləşən Çibuxlu kəndlərinin adlarını çəkmişdir.(1,s.361). Mənbədə adı qeyd olunan Buğda təpə kəndinin XIX əsrdə İrəvan quberniyasının Novobəyazid qəzasında yerləşməsi məlumdur.(3,s.66).

İrəvanlı Simeonun Qaradalu kimi göstərdiyi kəndin adı əslində Qaradəlidir. 1728-ci il tarixli osmanlı mənbəsində bu kəndin İrəvan əyalətinin Göyçə nahiyəsində yerləşdiyi göstərilmişdir.( 6,s.12).

“Cambr”da Dərəçiçək və ya ermənicə Çaxkunik kimi qələmə alınan toponim İrəvan vilayətində mühüm türk toponimlərindən olub Göyçə nahiyəsində yerləşən Dərəçiçək dağının adından yaranmışdır. Bu toponim adı altında İrəvan bölgəsində dağ, mahal və kənd adı olmuşdur. İrəvanlı Simeonun adını çəkdiyi Dərəçiçək kəndi 1728-ci ildən məlumdur.(5,s.53). Rusiya işğalı dövründə kəndin adı Konstantinovskoye qoyulmuş, XIX əsrin 70-ci illərində kəndin türk əhalisi qovulmuş, Onların yerinə Osmanlı ərazisindən köçürülmüş yezid kürdləri yerləşdirilmişdir.( 3,s.236). 1959-cu ilə ilə qədər Ermənistan SSR-də Dərəçiçək adlı rayon da mövcud olmuşdur.

İrəvanlı Simeonun Dərəçiçək nahiyəsində qeydə aldığı Çibuxlu (Çubuqlu) kəndinin XIX əsrdə Novobəyazid qəzasında yerləşməsi bəllidir. !728-ci il tarixli Osmanlı mənbəsində kəndin adı Çubuqlu olaraq göstərilmişdir. (6,s.12). Ehtimal ki, bu kənd Anadolunun Çubuq kəndindən gəlmiş əhali tərəfindən salınmışdır. (8,s.406). Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın bir çox bölgələrində Çubuqlu, Çubuqçu kimi toponimlərə rast gəlinir. Belə ki, Tiflis quberniyasının Dəmirçi Həsənli nahiyəsində və Borçalı qəzasında da Çubuqlu yaşayış məskəni, dağ və çay adları olmuşdur. (9,s.290-291).

İrəvanlı Simeon Kotayk dairəsində yerləşən Bcni monastrına məxsus olan çoxsaylı türk mənşəli kənd adlarını qeydə almışdır. Müəllifin məlumatına əsasən Zəngi çayının sahilində yerləşən bu monastra Kotayk dairəsində Kənəkir, Elar, Tut, Göy-kilsə, Kamal, Kankan, Aqoran, Qızıl-qala, Tezxarab, Kızloran, Ozan, Frankonots, Alacakilsə, Qorqoç, Dəlilər, Dərəçiçək nahiyəsində isə Yaycelər, Ağpara, Ağten, Korkotan kəndləri məxsus olmuşdur. (1,s.361-362).

Erməni mənbələrində Kanaker kimi yad edilən bu kənd Qırxbulaq mahalında yerləşmiş, 1590-cı il tarixli Osmanlı mənbəsində Kənəkir (2,s.40), 1728-ci ildə isə Kanakir kimi qeyd olunmuşdur.(5,s.36).

Elar kimi yad edilən kəndin əslində adı Ellər olmuş, e. ə. VIII əsrə aid Urartu mənbəsində Elar (3,s.243), 1590-cı il mənbəsində İlar (2,s.56), 1728-ci ildə Hellar (5,s.82) kimi göstərilmişdir. 1961-ci ildə kəndin adı dəyişdirilərək Abovyan qoyulmuş, kəndin tqrk əhalisinin bir hissəsi 1948-1951-ci, digər hissəsi isə 1988-ci ildə deportasiya edilmişdir. (3,s.243).

İrəvanlı Simeonun Qırxbulaq nahiyəsində göstərdiyi Tut kəndi haqqında B.Budaqov və Q.Qeybullayevin lüğətində məlumat yoxdur. Bu lüğətdə Tut adlı yaşayış məskəninin XIX əsrdə Sürməli qəzasında yerləşdiyi bidirilmişdir. (3,s.392).

Türkcə köy (kənd) və kilsə (kilsə kənd) sözlərindən yaranan Göykilsə toponomi 1590-cı ildən məlumdur. (2,s.60) və bu kəndin müsəlman əhalisi 1918-ci ildə qovulmuş, 1922-ci ildə bir hissəsi geri qayıtmış, 1949-cu ildə Azərbaycana deportasiya edilmişdir.(3,s.320).

İrəvan bölgəsində iki Kamal adlı yaşayış məskəni qeydə alınmışdır. Bunlardan biri 1728-ci ildə Qırxbulaq nahiyəsində (5,s.80), digəri isə İrəvan quberniyasının İrəvan qəzasında yerləşmişdir.(3,s.286). 1590-cı il Osmanlı mənbəsində kəndin adı Kamal-Dərviş (2,s59), 1728-ci ilə aid qaynaqda isə Kamal kimi göstərilmişdir. (6,s.32).

1590-cı il mənbəsində Kənkan ( 2,s21), “Cambr”da Kankan (1,s.362) kimi yad edilən bu kəndin adı fars mənşəlidir və quyu qazan mənasındadır. Bu kənd XIX əsrdə Novobəyazid qəzasında yerləşmişdir, kəndin türk əhalisi 1918-ci ildə qovulmuş, Osmanlı ərazisindən gətirilmiş ermənilərlə əvəz edilmişdir. (3,s.287).

“Cambr”da Aqoran formasında yad edilən bu kənd türkcə Ağörən kimidir, ağ (rəng) və örən (xaraba qala divarı) sözlərindən yaranmışdır. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində məzrə kimi qeyd edilmişdir.(6,s.80).

İrəvan bölgəsində Qizilqala adlı üç toponim mövcud olmuşdur.Onlardan biri İrəvan quberniyasının İrəvan qəzasında (3,s.203), Biri irəvan quberniyasının İqdır nahiyəsində (6,s19), digəri isə İrəvan xanlığının Qırxbulaq mahalında yerləşmişdir.(Şopen).

İrəvan vilayətində iki Tezxarab yaşayış məskəni olmuşdur. Onlardan biri İrəvanlı Simeonun qeyd etdiyi kimi Dərəçiçək mahalında, digəri isə Tezxaraba adı altında Qırxbulaq nahiyəsində yerləşmişdir. (3,s.384).

“Cambr”da Kızıloran kimi xatırlanan kənd qızıl (qırmızı0 və örən (xaraba qala) sözlərindən yaranmışdır və 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göyçə nahiyəsində kənd tipli məskən kimi təqdim olunmuşdur. (6,s.12). 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin bir adı Qızılörən, digər adı isə Öyüd Oyrat kimi verilmişdir. (5,s.55). İrəvan bölgəsində Qızılörən adlı bir kənd də Spitak (keçmiş Hamamlı) rayonunda olmuşdur. 1590-cı il tarixli mənbədə bu kəndin adı Qızıl Örən (2,s.68), 1728-ci ildə isə Qızıl Viranə kimi göstərilmişdir. (6,s.69).

İrəvanlı Simeonun Qırxbulaq nahiyəsində qeydə aldığı Ozan kəndi 1728-ci ilə aid qaynaqda da həmin ərazidə göstərilmiş, kəndin digər adının isə Baxcacıq olması vurğulanmışdır.(5,s.82).

Frankonots toponimi haqqında əvvəlki məqaləmizdə məlumat verildiyi üçün bu barədə yenidən yazmağa heç bir lüzum yoxdur.

İrəvanlı Simeonun Qırxbulaq nahiyəsində kənd kimi göstərdiyi və türk mənşəli olması heç bir şübhə doğurmayan Alacakilsə və Qorqoç toponimləri də təəssüf ki, B.Budaqov və Q.Qeybullayevin izahlı lüğətinə daxil olunmamışdır.

“Cambr”da Qırxbulaq nahiyəsində göstərilən Dəlilər kəndi də həmin lüğətə daxil edilməmişdir, lakin müəlliflər İrəvan bölgəsinin Ağcaqala, Qarni nahiyələrində və Aleksandropol qəzasında Dəlilər kəndlərinin olmasını göstərmiş, bu toponimin türk mənşəli tele tayfasının adından yarandığını bildirmişlər. (3,s.232-233).

İrəvanlı Simeon Dərəçiçək nahiyəsində yerləşən və Bcni monastrına aid olan Yaycelər kəndinin adını çəkmişdir. XIX əsrdə bu kənd İrəvan quberniyasının Novobəyazid qəzasında qeydə alınmışdır.(3,s.273). Bu toponim türk mənşəli yaycı tayfasının adından yaranmışdır və irəvan bölgəsində səkkiz Yaycı adlı yaşayış məskəni mövcud olmuşdur. XIX əsrin 70-ci illərində İrəvanlı Simeonun qeydə aldığı Yaycılar kəndinin türk əhalisi qovulmuş, kənd xaricdən köçürülmüş ermənilər tərəfindən məskunlaşdırılmışdır.

“Cambr”da Ağpara kimi qeydə alınan kənd 1728-ci ilə aid mənbədə Axpara kimi təqdim olunmuş (5,s.112), XIX əsrdə kəndin türk əhalisi qovulmuş vəermənilərlə əvəzlənmişdir.

İrəvanlı Simeonun Dərəçiçək nahiyəsində qeydə aldığı Ağten yaşayış məskəni də məlum lüğətə daxil olunmamışdır. Bu toponimin türk mənşəli ağ və fars mənşəli tən (bədən) sözlərindən yaranması ehtimal olunur. Həmin lüğətə daxil edilməyən və “Cambr”da Dərəçiçək nahiyəsində qeydə alınan Korkotan yaşayış məskəninin türk mənşəli olmasını isbat etməyə heç bir ehtiyac yoxdur.

İrəvanlı Simeon Şirak əyalətində yerləşən Qıpçaq monastrına məxsus Qıpcaq və Şirak kəndlərini xatırlatmışdır.(1,s.364). Qıpcaq tayfasının adından yaranmış bu kəndin adı XVII əsrdə çəkilsə də Qıpcaq monastrının 895-ci ildə tikilməsi məlumdur. Bu kəndin türk əhalisi 1878-ci ildə qovulmuş, ermənilərlə əvəzlənmişdir. (3,s.208).

İlk dəfə V əsrdə Moisey Xorenlinin əsərində rast gəlinən Şirak yer adı sonrakı dövr erməni mənbələrində daha çox Şirakavan formasında çəkilir. Osmanlı qaynaqlarında Şirəqala ( 2,s.236) və Şirəkala (6,s.102) formasında yad edilən bu toponim türk mənşəli Şirak (Sirak) tayfası ilə bağlıdır və bəzi hallarda Şörəyal formasında da işlənir. İrəvanlı Simeonun qeyd etdiyi Şirak kəndinin türk əhalisi 1878-ci ildə qovulmuş, xaricdən köçürülmüş ermənilərlə əvəzlənmişdir.(3,s.441).

İrəvanlı Simeon Saqmosavank monastrına məxsus Abaran dairəsində yerləşən Baş Abaran, Mülk, Qaranlıq dərə, Gümbetli, Gülablı, Sarıbulaq, Damcılı, Molla Uqasim, Kirəşli, Qara bulaq, Qalacıq, Güllücə, Balçıqlu, Qızıl-burun, Əliqucaq, Şirakala, Karvansaray, Hamamlu, Ayvazalı, Kürdəli kəndlərinin adlarını göstərmişdir. (1,s.365-366). Müəllif Saqmosavank monastrının Kasax çayı sahilində yrləşdiyini qeyd etmişdir. Mənbəyini Ələyəz və Pəmbək dağlarından alan, 89 km. uzunluqda olan bu çay Araza tökülür və erməni mənbələrində bu çayın adı 1674-cü ildə çəkilir. (10,s.87). Bu toponim türk mənşəli qazax tayfasının adından yaranmışdır və Abaran rayonunda eyni adlı kənd də olmuşdur. (3.s.289).

XVI-XVIII əsrlərdə Çuxur-Səəd bəylərbəyliyinin mühüm ərazi vahidlərindən olan Abaran xanlıqlar dövründə İrəvan xanlığının mahallarından biri olmuş və bu mahaldakı Baş Abaran kəndi və Abaran şayının adı ilə adlanmışdır. Erməni mənbələrində Aparan kimi göstərilsə də bu toponim türk mənşəli avarlarla bağlıdır. İrəvan bölgəsində Baş Abaran toponimi ilə yanaşı daha dörd Abaran adlı kənd , çöl, çay və bir Abaranoğlu kənd adı qeydə alınmışdır. (3,s.96-97).

İrəvanlı Simeonun Abaran dairəsində qeydə aldığı Mülk kəndi XIX əsrdə İrəvan quberniyasının Eçmiədzin qəzasında Mülkü kəndi kimi göstərilmişdir və bu toponim Azərbaycan türkcəsində “mülk” sözündən yaranmışdır.

İrəvan vilayətində beş Qaranlıq və bir Qaranlıq dərə toponimi mövcud olmuşdur ki, “Cambr”da adı keçən Qaranlıqdərə kəndi sonralar ermənilər tərəfindən dəyişdirilərək əvvəlcə Xvaradzor, 1935-ci ildə isə Lyusadzor adlandırılmışdır.(3,s.187).

Abaran dairəsində Gümbətli kimi təqdim edilən kənd adının kökünü əks etdirən toponimə Cənubi Qafqaz və Osmanlı imperiyasının bir sıra bölgələrində rast gəlinir. Belə ki, İrəvan quberniyasının Novobəyazid qəzasında Gümbət dağı, tiflis quberniyasının Axalsıx dairəsində Gümbətdağ, borçalı qəzasında Gümbəd kəndi, Qars əyalətində Gümbət və ya Günbəz kənd adları olmuşdur. (9,s.223-224). Azərbaycan dilində günbəz qəbirüstü abidə, movzeley mənasındadır. İrəvanlı Simeonun Günbətli kimi təqdim etdiyi bu kəndin adı 1590-cı ilə aid qaynaqda gümbəzli olaraq göstərilmişdir və kəndin türk əhalisi 1828-1832-ci illərdə qovulmuşdur.(Şopen).

“Cambr”da adı çəkilən türk toponimlərindən biri də Gülablı yaşayış məskənidir. Abaran dairəsinə aid olan Gülablı kəndi XIX əsrdə İrəvan quberniyasının Eçmiədzin qəzasına daxil edilmişdir. Kəndin azərbaycanlı əhalisi XIX əsrin 70-ci illərində qovulmuş və kənd 1946-cı ildə Dzaraqyuq adlandırılmışdır. Bu toponim Azərbaycanda Gülablı dağı Və Ağdam rayonu ərazisində yerləşən Gülablı toponimləri ilə eyni kökdəndir.(3,s.324).

İrəvan bölgəsində Sarıbulaq adlı üç toponim qeydə alınmışdır. Bunlardan biri Abaran nahiyəsində (6,s.32), biri Eçmiədzin qəzasında, digəri isə Sürməli qəzasında olmuşdur.(6,s.92).XIX əsrdə Eçmiədzin qəzasında qedə alınan Sarıbulaq kəndi 1590-cı ildən məlumdur.(2,s.234).

Mənbələrin məlumatına əsasən İrəvan vilayətində iki Damcılı toponimi mövcud olmuşdur. Bunlardan biri Abaran nahiyəsində (2,s232), digəri isə Qırxbulaq mahalında yerləşmişdir.(2,s.60). Qırxbulaq mahalında yerləşən Damcılı kəndinin türk əhalisi XIX əsrin 20-30-cu illərində qovulmuşdur.

İrəvanlı Simeonun Abaran nahiyəsində Molla Uqasim kimi yad etdiyi kənd əslində Molla qasım adlı şəxsin adı ilə bağlı olmuşdur və bu kənd 1590-cı ildən məlumdur.(2,s.233). Kəndin türk əhalisi XIX əsrin 70-ci illərində qovulmuş, osmanlı ərazisindən köçürülmüş ermənilər tərəfindən məskunlaşdırılmışdır. (3,s.340).

İrəvanlı Simeonun Abaran nahiyəsində qeydə aldığı Kirəşli toponimi haqqında birinci məqaləmizdə, Şirakqala haqqında isə yuxarıda məlumat verildiyi üçün yenidən buna qayıtmağa ehtiyac yoxdur.

İrəvan vilayətində geniş arealda yayılmış türk toponimlərindən biri də Qarabulaq yaşayış məskənidir. Cənubi qafqazın müxtəlif bölgələrində qeydə alınan 30-dan çox Qarabulaq toponimindən on biri indiki Ermənistan ərazisinə düşür. İrəvanlı Simeonun göstərdiyi Qarabulaq kəndi 1590-cı ildən məlumdur.(3,s.179). Digər adı Yuxarılı Qapılı Andan olan bu kəndin türk əhalisi 1828-1832-ci illərdə qovulmuş, xaricdən köçürülən ermənilərlə əvəzlənmiş, 1946-cı ildə isə kəndin adı dəyişdirilərək ermənicə Yerincə-Tap adlandırılmışdır. (3,s.179). Qarabulaq toponiminin mənası “yeraltı su”, “qara su”, “içməyə yararsız su” anlamındadır.

Araşdırmalar göstərir ki, İrəvan vilayətində geniş yayılmış türk toponimlərindən biri də Qalacıq adlı yaşayış məskəni olmuşdur. İrəvan vilayətində qeydə alınan 16 Qalacıq adlı yaşayış məskənlərindən olan və “Cambr”da əksini tapan bu kənd 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyəsində yerləşmişdir və bu kəndin digər adı Ömərköy olaraq göstərilmişdir. (2,s.233).

Orta əsrlərdə İrəvan vilayətində ona qədər Güllücə adlı toponim mövcud olmuşdur ki, bunlardan biri də İrəvanlı Simeonun Abaran nahiyəsində qeydə aldığı yaşayış məskənidir. Onu da qeyd etmək lazımdır ki, Abaran nahiyəsində iki güllücə kəndi olmuşdur. Bunlardan biri 1590-cı ildən (2,s.58), digəri isə 1728-ci ildən məumdur.(6,s.123). 1728-ci ilə aid mənbədə adı keçən Güllücə kəndinin digər adlarının Güneykənd və Ərikli olması da bəllidir.(6,s.123). Abaranda qeydə alınan birinci Güllücə kəndi 1978-ci ildə, ikinci kənd isə 1946-cı ildə müvafiq olaraq ermənicə Tsovk və Vardenik adlandırılmışdır.(3,s.325).

İrəvanlı Simeonun Abaran nahiyəsində Balçklu kimi qeydə aldığı kəndin adı əslində Palçıqlıdır. 1590-cı ilə aid mənbədə bu kəndin adı Palçıqlı (2,s239), 1728-ci ilə aid mənbədə isə Qızılviran kimi göstərilmişdir.(5,s.109). 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində də Palçıqlı adlı kənd qeydə alınmışdır.(5,s.117).

“Cambr”da Abaran nahiyəsində yerləşdiyi göstərilən Qızılburun kəndi 1590-cı ildən məlumdur.(2,s.234) və bu kəndin adı Abaran nahiyəsində olan Qızılburun dağının adından yaranmışdır.

İrəvanlı Simeonun Abaran nahiyəsində göstərdiyi türk kənd adlarından biri də Əlikuçək toponimidir. Eyni adlı kənd XIX əsrdə İrəvan quberniyasının Sürməli qəzasında da qeydə alınmış və kəndin adı Əli-Koçak kimi göstərilmişdir. (3,s.251).

Abaran nahiyəsində qeydə alınan bu kənd 1590-cı ilə aid mənbədə Əli Kuçək kimi yad edilmişdir.( 2,s.236). B.Budaqov və Q,Qeybullayevin fikrincə, bu kəndin adı orta əsrlərdə Anadoluda yaşayan Boz Ulu tayfa birləşməsinin Köçəkli qolunun adını əks etdirir.(3,s.251).

İrəvanlı Simeonun məlumatına əsasən Saqmosavank monastrına məxsus kəndlərdən biri də Karvansaray kəndi olmuşdur. Araşdırmalar göstərir ki, İrəvan vilayətində yeddi Karvansaray adlı toponimolmuşdur. Orta əsrlərdə ticarət yolları üzərində tikilən karvansaraylarla bağlı yaranmış toponimdir.

“Cambr”da yad edilən türk toponimlərindən biri də Hamamlı yaşayış məskənidir. İrəvan bölgəsində qeydə alınan üç Hamamlı toponimindən biri İrəvan xanlığının Abaran mahalında (Şopen), biri 1728-ci ilə aid mənbəyə əsasən Şiragel nahiyəsində (5,s.132), digəri isə İcevan rayonunda yerləşmişdir.(3,s.407). Hər üç kəndin türk əhalisi XIX əsrdə qovulmuş, xaricdən köçürülən ermənilərlə əvəzlənmişdir. Onu da qeyd etmək lazımdır ki, 1937-ci ilə qədər Ermənistan SSR-in rayonlarından biri Hamamlı adlanmış, sonra dəyişdirilərək Spitak qoyulmuşdur. Bu toponim həmin bölgədəki müalicə xarakterli isti sulu mineral bulaqlarla bağlıdır.

İrəvanlı Simeon Saqmosavank monastrına məxsus Ayvazali kəndinin adını çəksə də onun hansı nahiyədə yerləşməsini göstərməmişdir. B.Budaqov və Q.Qeybullayevin lüğətində isə İrəvan bölgəsində yalnız bir Ayvazalı kəndinin olması və bu kəndin Qasax çayı hövzəsində yerləşdiyi bildirilmişdir. (3,s.114).

“Cambr”da Saqmosavank monastrına məxsus olduğu göstərilən Kürdəli kəndi 1728-ci ilə aid mənbədə Kürd Əli kimi qeydə alınmış (6,s.48), və bu kənd XIX əsrdə İrəvan quberniyasının Eçmiədzin qəzasına daxil edilmişdir. Kəndin adı ehtimal ki, küed eli və yaxud Əli adlı bir kürdlə bağlı olaraq yaranmışdır.

İrəvanlı Simeon Ovannavank monastrına məxsus kəndlərin sırasında Şərabxana dairəsi və Qotur bulaq kəndinin adlarını çəkmişdir.(1,s.368). Mənbədə adi çəkilən Şərabxana dairəsi XVII əsrdə Karpi bölgəsində Şərabqala kimi göstərilmiş (11,s.71), XX əsrdə isə Abaran rayonunda Şərabqala kəndi olmuşdur. Digər bir Şərabxana kəndi isə 1728-ci ildə İrəvan əyalətinin Şiragel nahiyəsində qeydə alınmışdır. (5,s.124).

Irəvanlı Simeonun Karbi nahiyəsində xatırlatdığı Qoturbulaq kəndinin 1728-ci ilə aid mənbədə də həmin ərazidə yerləşdiyi göstərilmişdir. (6,s.46). XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında (sonralar Ermənistan SSR-in Calaloğlu rayonunda) da Qoturbulaq kəndi olmuşdur. (9,s.169). Kənd öz adını həmin ərazidə yerləşən qotur xəstəliyinin müalicəsi üçün istifadə edilən mineral bulaqdan almışdır.

İrəvanlı Simeon Surp-Sarkis monastrına məxsus kəndlərin arasında türk mənşəli Talin, Mastara, Karvan-saray, Çerpılu,gözlü yaşayış məskənlərinin adlarını göstərmişdir. (1,s.368).

İrəvan xanlığının mahallarından biri olan Talin adına ilk dəfə Mixitar Qoşun “Alban salnaməsi”ndə, sonra XIII əsr tarixçisi Gəncəli Kirakosun “Tarix” əsərində rast gəlinir.(3,s.379). Talin 1590-cı il Osmanlı mənbəsində Rəvan əyalətinin nahiyələrindən biri kimi göstərilir.(2.s.243). XIX əsrdə İrəvan quberniyasının Eçmiədzin qəzasında Yuxarı və Aşağı Talin kəndlərinin olması məlumdur.(3,s.379). kəndin adı qədim türk dillərində tal “söyüd” sözündəndir.

Mastara və Karvan-saray toponimləri haqqında məlumat verdiyimiz üçün yenidən bu məsələyə qayıtmağa ehtiyac yoxdur.

İrəvanlı Simeonun Çerpılu kimi xatırlatdığı yaşayış məskəni XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Çirpılı formasında qeydə alınmışdır. (3,s.424).

“Cambr”da Gözlü kimi göstərilən kənd 1590-cı ilə aid mənbədə Gözlü məzrəsi kimi xatırlanmış (2,s.248), XIX əsrdə Eçmiədzin qəzasında kənd tipli yaşayış məskəni olduğu göstərilmişdir. (3,s.319).1918-ci ildə bu kəndin müsəlmam türk əhalisi qovulmuş, Osmanlı ərazisindən köçürülmüş ermənilərlə əvəzlənmiş,1946-cı ildə kəndin adı dəyişdirilərək Axnuk qoyulmuşdur.(3,s.319).

İrəvanlı Simeon Muğni monstrına məxsus türk mənşəli Muğni, Şəhriyar, Molla Bəyazid və Cəfərabad kəndlərinin adlarını çəkmişdir.(1,s.369).İlk məqaləmizdə Muğni toponimi haqqında məlumat verildiyi üçün Mənbədə adı çəkilən digər yer adları araşdırma obyektinə çevrilmişdir.

XVI-XIX əsrlərdə İrəvan bölgəsində bir neçə Şəhriyar adlı yaşayış məskəni olmuşdur. Tədqiqatçıların fikrincə, bu toponimin şəxs adı ilə bağlı yaranması ehtimalı daha azdır. Belə ki, tədqiqatçılar bu toponimin türk tayfalarının yayıldığı areallarda daha çox təsadüf edilməsini əsas tutaraq onun türk etnik zəminində təşəkkül tapması ehtimalına üstünlük verirlər. Mənbələrin məlumatına əsasən, İrəvan xanlığının Sərdarabad, Qarnibasar, Vedibasar mahallarında (Şopen) və Ermənistanın Oktomberyan rayonunda Şəhriyar adlı kəndlər olmuşdur.( 3,s.440). Sərdarabad mahalında qeydə alınan bu kənd 1728-ci ildə Qırxbulaq nahiyəsinə (5,s.86) daxil edilmişdir. Qarnibasar və Vedibasar mahallarında olan Şəhriyar kəndləri 1590-cı ilə aid Osmanlı mənbəsində də qeydə alınmışdır.(6,s.254,225).

Din xadimi Molla Bəyazidin adı ilə bağlı olaraq yaranmış bu kənd 1728-ci ildə İrəvan əyalətinin Xanzirək nahiyəsində (5,s.47), xanlıqlar dövründə isə Sərdarabad mahalında qeydə alınmışdır.(Şopen). Bu kəndin türk əhalisi 1918-1919-cu illərdə qovulmuş, osmanlı ərazisindən köçürülmüş ermənilərlə məskunlaşdırılmış və 1935-ci ildə kəndin adə dəyişdirilərək Bambaşat qoyulmuşdur.(3,s.340).

İrəvan vilayətində Cəfərabad adlı iki kənd olmuşdur. Bunlardan biri Zəngibasar, digəri isə Cəfərabad mahalında yerləşmişdir. 1728-ci ildən məlum olan hər iki kəndin türk əhalisi qovulmuş, ermənilərlə əvəz olunmuşdur. Hər iki kəndin adları 1946-cı ildə dəyişdirilərək müvafiq olaraq Arqavand və Qetaşen qoyulmuşdur.

Beləliklə, araşdirmalar göstərir ki, İrəvanlı Simeonun “Cambr” əsərində Üçkilsə monastrı istisna olmaqla on iki xristian monastrına məxsus yaşayış məskənlərindən 88-i türk mənşəli yer adlarıdır. Bunların mqtləq əksəriyyəti kənd tipli yaşayış məskəni, çox az qismi isə dağ və çay adlarından ibarətdir. Irəvan vilayətində adları çəkilən on iki monastrın heç də hamısı erməni monastrları deyildir. Belə ki, Qıpçaq və Muğni monastrları bu bölgədə məskunlaşmış və xristianlığı qəbul etmiş türk tayfalarına məxsusdur. Onu da qeyd etmək lazımdır ki, erməni katalikosu İrəvanlı Simeonun bu monastrlara məxsus yer adlarının böyük bir hissəsinin yalnız erməni adlarını verməsi həmin toponimlərin mənşəyinin araşdırılmasında müəyyən çətinliklər yaradır. Araşdırmalar həm də onu göstərir ki, B.Budaqov və Q.Qeybullayevin tərtib etdikləri “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”bölgənin türk mənşəli yer adlarının heç də hamısını əhatə etməmişdir. Məqalədə həmin lüğətə daxil edilməyən bir-neçə türk mənşəli toponimlərin verilməsi bunu bir daha təsdiq edir.

Digər tərəfdən, bu məqalədə İrəvanlı Simeonun “Cambr” əsərində adı çəkilən və yalnız xristian monastrlarına məxsus türk mənşəli yer adları tədqiqat obyektinə çevrilmişdir. Halbuki müəllifin əsərində yüzlərlə türk toponimləri əksini tapmışdır.Bu bir daha irəvan bölgəsinin qədim türk yurdu olması faktını sənədləşdirir.



Bənzər xəbərlər