18 : 06 12 dekabr
   
Araşdırma

Mərkəzi Kəşfiyyat İdarəsi televizorları da dinləyirmiş- "Apple", "WhatsApp", "Signal", "Telegram" necə ələ keçib?

pic_28e9abd6d7ef497a525cd3cca2c86769
2017-03-14 18:27 Baxılıb:   80

Ötən həftənin ən qalmaqallı olaylarından biri "WikiLeaks" saytının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli sənəd arxivini yayması oldu. Bu səs-küylü sənədlərdə idarənin bütün dünyada smartfon, kompüter və televizorlara necə nüfuz etməsindən və insanları gizli dinləməsindən bəhs olunur.

Vaşinqton "soyuq duş" effekti yaradan bu hadisəyə sərt reaksiya verdi. Mərkəzi Kəşfiyyat İdarəsindən bildirdilər ki, "WikiLeaks"in bu addımı amerikalıların təhlükəsizliyinə təhdid yaradır, eyni zamanda ABŞ-ın düşmənlərinə xidmət edir.

 ABŞ kəşfiyyatının adı ətrafında cərəyan edən bu qalmaqala aydınlıq gətirməyə çalışacağıq.

Ən nəhəng məlumat sızması…

"WikiLeaks" bu sənədlərin yayılmasını Mərkəzi Kəşfiyyat İdarəsinin tarixindəki ən nəhəng məlumat sızması adlandırıb. Söhbət, bütün dünya üzrə gizli dinləmə və izləmələrin nəticələrinin əks olunduğu 8761 sənəddən gedir.

Saytın iddiasına görə, bu sənədlər Mərkəzi Kəşfiyyat İdarəsinin Vircinya ştatındakı kəşfiyyat bölməsinə məxsusdur.

Kəşfiyyat xidmətindəki mənbələr əminliklə bildirirlər ki, sənədləri idarədə müqavilə əsasında işləyən mülki əməkdaşlardan biri sızdırıb.

Eynilə Edvard Snouden nümunəsində olduğu kimi.

ABŞ əleyhinə casusluqda ittiham olunan Snouden də Mərkəzi Kəşfiyyat İdarəsində müqavilə əsasında işləyirdi. Bununla belə, məxfi sənədlərə çıxış imkanı var idi

 

.

Ələ keçən sənədləri "unikal kolleksiya" adlandıran "WikiLeaks" orada texnoloji avadanlıqları sındırmaq üçün minlərlə vasitə və virus proqramları barədə məlumatın olduğunu bildirir.

Yayılan materiallardan belə məlum olur ki, ABŞ xüsusi xidmət orqanlarının "Apple", "Google" və "Microsoft" kimi, əməliyyat sistemlərinə, həmçinin "WhatsApp", "Signal" və "Telegram" kimi, messencerlərə çıxış imkanı var və onların müdafiə sistemini yara bilirlər.

Sənədlərdə amerikalı xəfiyyələrin daha bir fəaliyyəti üzə çıxarılıb. Onlar həm də bir çox ölkələrin, eləcə də Rusiyanın haker hücumlarının mexanizm və metodlarını öyrənirlərmiş.

Rusiya mediası iddia edir ki, bu, həm də sonradan hansısa haker hücumunu Kremlin ayağına yazmaq üçündür. 

Yayılan arxiv sənədlərində məxfi sənədlərə kimlərin çıxış imkanının olduğuna dair də qeydlər var. Məlum olur ki, dinləmə vasitələrinin sınaqdan keçirilməsi, virusların yaradılması ilə idarənin kiberhücum mərkəzi məşğul imiş. 

Bu mərkəz idarənin ən nəhəng strukturlarından olan Kəşfiyyat Direkorluğuna tabedir. Şöbənin mütəxəssisləri zərərli proqramlar hazırlayaraq bütün dünya üzrə gizli kəşfiyyat əməliyyatlarında istifadə ediblər.

"Ağlayan mələk"…

Sənədlərdə bəhsi keçən böyük əməliyyatlardan biri də "Weeping Angel"dir (Ağlayan mələk).

Sən demə, ABŞ xüsusi xidmət orqanlarının "Samsung" televizlorlarına da müdaxilə imkanları olub. Və Mərkəzi Kəşfiyyat İdarəsi danışıqları bu televizorların mikrofonu ilə yaza bilib.

Smart TV funksiyalı "Samsung" televizorlarına çıxış əldə etmək üçün isə idarənin mütəxəssisləri xüsusi proqramlardan istifadə ediblər. 

Bu funksiyanın köməyilə həmin televizorların yanında olan hər kəsin danışığını yazmaq mümkün imiş. Bu işdə ABŞ-a Britaniya kəşfiyyatının da yaxından köməklik etdiyi deyilir.

Gizli dinləmə üçün istifadə olunan modellərdən biri də 2013-cü ildə istehsal olunan "Samsung F8000" olub. Bu televizlorlar çox vaxt yüksək vəzifəli şəxslərin ayaq saxladığı otellərdə olub.

Mərkəzi Kəşfiyyat İdarəsinin mobil qurğular bölməsi əsasən Android, iOS və Windows əməliyyat sistemlərindəki boşluqları axtarırmış.

"WikiLeaks" hesab edir ki, hazırda kibersilahlar nüvə arsenalından daha təhlükəlidir:

"Nüvə silahı əleyhinə çoxsaylı beynəlxalq məhdudiyyətlər mövcuddur və onu fiziki baxımdan önləmək mümkündür. Lakin xüsusi xidmət orqanlarının əlində olan kiberpotensial istənilən an ölkəni nəzarətdən çıxara bilər".

 "WikiLeaks" məlum materialları dərc edəndə ona işarə vurdu ki, hazırkı xüsusi xidmət strukturlarını yox etmək lazımdır. Yəqin elə bu səbəbdən də sənədlərin arxivinə daxil olmaq üçün «Splinter It Into A Thousand Pieces And Scatter It Into The Winds» («Bunları min parçaya ayırıb küləyə vermək lazımdır") parol-ifadəni daxil etmək tələb olunur. 

Bu ifadəni ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü ildə – Li Xarvi Osvald güllələnməzdən 1 ay əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin ünvanına səsləndirmişdi.

Deyilənə görə, "WikiLeaks" məlum sənədləri yayandan sonra Amerikada sosial şəbəkə istifadəçiləri arasında belə bir zarafat başlayıb ki, Kennedi dirilib bu əməlinə görə ABŞ xüsusi xidmət orqanları ilə hesablaşmalıdır…

Strateq.az

Bənzər xəbərlər