13 : 11 18 oktyabr
   
Mədəniyyət

Azərbaycanlı bəstəkarın mahnısı türk müğənnisi tərəfindən OĞURLANIB

508182
2017-06-03 17:15 Baxılıb:   56

Əməkdar incəsənət xadimi, məşhur azərbaycanlı bəstəkar Tahir Əkbərin bəstələdiyi "Əzizim” adlı mahnı qanun musiqi alətinin ifaçısı, Türkiyənin tanınmış musiqiçisi Halil Karaduman tərəfindən illər əvvəl oğurlanıb.

Tahir Əkbər mətbuata müsahibəsində oğurluq faktını təsdiqləyərək bəstənin 1999-cu ildə Halil Karaduman (musiqi) və Ali Tekintürenin (söz) müəllifliyi ilə MESAM-da (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) qeydiyyatdan keçirildiyini bildirib.

"Milletinsesi.az" xəbər verir ki, bəstəkar mahnının tarixçəsi barədə məlumat verib:

"Mahnını ilk dəfə Xalq artisti Nisə Qasımova 1989-cu ildə AzTV-də "Ömrün ayları” verilişində ifa edib. Şeiri mənə Fəxrəndə Məmmədli təqdim edərək ona mahnı bəstələməyimi xahiş etmişdi. Mahnı dövlət televiziyasının fondunda qorunur və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib. Nisə xanım qonşu ölkələrə, o cümlədən Türkiyəyə qastrol səfəri zamanı bu mahnını və bəstənin daxil edildiyi albomu musiqisevərlərə təqdim edib. Bundan sonra mahnı musiqisi Halil Karaduman və sözləri Ali Tekintürenin müəllifiliyi ilə Türkiyənin tanınmış ifaçıları tərəfindən səsləndirilib. 1990-cı ildə mənə zəng edib bildirdilər ki, sizin bəstənizi Türkiyənin "TGRT” telekanalında müğənni Nazlım ifa edir. Həmin verilişdə müğənni qeyd etdi ki, bu mahnı anonimdir, bəstəni çox bəyənir və klip çəkdirmək istəyir. 1995-ci ildə isə onu albomuna daxil edir".

Bu yaxınlarda türkiyəli müğənni Adnan Tayfunun onunla telefon vasitəsilə əlaqə saxladığını vurğulayan Tahir Əkbər bildirib ki, qarşı tərəfin mahnını oxumaq istəyinə münasibəti belə olub: "Tayfun "Amin” əsərimi oxumaq istədiyini bildirdi. Söhbət əsnasında söylədim ki, artıq mənim bir neçə bəstəm türkiyəli ifaçılar tərəfindən səsləndirilib. Nəşə Karaböcək "Heç küsməyin yeridirmi?”ni, Nazlım və digərləri "Əzizim”i ifa edib. O bildirdi ki, "Əzizim” Azərbaycan mahnısı deyil, müəllifləri H.Karaduman və A.Tekintüredir. Mən sizə danışdığm kimi, bəstənin tarixçəsindən ona da bəhs etdim, çox təəccübləndi və mahnının MESAM-da 1999-cu ildə qeydiyyatdan keçirildiyini bildirdi. Söylədi ki, H.Karaduman 2012-ci ildə dünyasını dəyişib, amma A.Tekintüre sağdır. Mənə Türkiyəyə gələrək məsələni həll etməyi məsləhət gördü".

Bəstəkar adı çəkilən mahnıyla bağlı onu da qeyd edir ki, ""Əzizim” mahnısı Azərbaycanda Bədii Şura tərəfindən təsdiqlənib, əlimdə sənədlər var və məsələni həll etmək üçün yaxın günlərdə Türkiyəyə yollanacağam”.

Məlumat üçün bildirək ki, bu mahnı sonralar  azərbaycanlı ifaçılar Tacir Şahmalıoğlu, Fədayə Laçın, "Xalq ulduzu”nda Şəhla Həmidova, "Nanəli” proqramında Eldəniz Məmmədov və digərləri tərəfindən də səsləndirilib.

Mövzu ilə bağlı mahnının ilk ifaçısı "Xalq artisti" Nisə Qasımovanın fikirləri də maraqlıdır:

"Əzizim” mahnısının ilk ifaçısı mən olmuşam. Tahir Əkbərin bəstəsidir. 1988-ci ildə lentə alınıb, 1989-cu ildə isə işıq üzü görüb. Bəstəni türkiyəli müğənni Güllü də ifa edib. Mən o zamanlar mahnının oğurlanması ilə bağlı səs-küy qaldırmışdım. Türkiyə ilə əlaqə saxlamağa çalışmışdım. Daha sonra sona qədər bu işin dalınca düşə bilmədim. Çünki 90-cı illərdən bu günə qədər Azərbaycanda şou-biznes sistemi rəsmi və sağlam şəkildə qurulmayıb. Türklər bizim qardaşlarımız olsa da, dəfələrlə mahnılarımızı anonim kimi təqdim ediblər və yaxud sözlərində dəyişiklik edərək öz musiqiləri kimi qələmə veriblər. Bunların qarşısını almaq üçün rəsmi şəkildə tədbir görülməlidir”.

Bənzər xəbərlər