04 : 25 15 dekabr
   
Flaş

Yeni qəbul qaydası: ikimərhələli imtahan necə keçiriləcək?

2017-09-30 14:11 Baxılıb:   104

Təhsil eksperti Dövlət İmtahan Mərkəzinin 2019-cu il üçün ali məktəblərə qəbulla bağlı yeniliklərinin nələrdən ibarət olacağına aydınlıq gətirib.

Milletinsesi.az xəbər verir ki, bu barədə ekspert Kamran Əsədov Feysbuk səhifəsində məlumat paylaşıb və bununla bağlı həssas məqamları qeyd edib.

K.Əsədov bildirib ki, imtahan iki mərhələli olacaq:

“Birinci mərhələ həm buraxılış (attestat) imtahanı olacaq, həm də kolleclərə, qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün V qrup. Qəbul imtahanlarında 1-ci mərhələnin nəticəsi ikinci mərhələ ilə toplanacaq, yekunda maksimum bal 700 olacaq (ehtimal ki, 1-ci mərhələ 300 bal, 2-ci mərhələ 400 bal).

Yenilik o demək deyil ki, artıq abituriyentlər Azərbaycan dilindən və xarici dildən imtahan verməyəcək. Əksinə, bütün qrupların abituriyentləri birinci mərhələdə mütləq iştirak etməlidir və Azəbaycan dili və xarici dildən imtahan verəcəklər. Hətta əvvəlki illərin məzunları V qrupdan bu fənlər üzrə imtahan verdikdən sonra qəbul imtahanlarında iştirak etməlidir”.

K.Əsədov bildirib ki, buraxılış imtahanları daha əvvəlki illərdə olduğu kimi sadə formatda olmayacaq. Daha ciddi və peşəkar suallardan tərtib olunacaq:

“Təhsildə repititorların rolu danılmazdır. Yəni ali məktəblərə qəbul zamanı göstərilən nəticələr məhz onların fəaliyyətinin nəticəsidir. Amma təhsili repititorlardan asılı halda saxlamaq olmaz. Azərbaycan dili və xarici dil qəbul imtahanlarının ixtisas qruplarından çıxarılıb, amma qəbul imtahanının tərkib hissəsi və 1-ci mərhələsi olan hissədə var. Bu o deməkdir ki, bu fənnin müəllimləri yenə də repititorluğa davam edəcəklər. Çünki bütün ixtisaslar 1-ci mərhələdə iştirak etməlidir. Yəni 1-ci mərhələ qəbul imtahanlarında iştirak etmək üçün məcburidir.

Düzdür, ilkin vaxtlarda çoxları 1-ci mərhələnin asan və sadə olacağını düşünüb ciddi yanaşmayacaq, amma indidən bu mərhələyə xüsusi yanaşmaq lazımdır. Qəbul imtahanları təkcə buraxılış və qəbul imtahanlarından ibarət olmayacaq. Esse və inşa kimi yeni qaydalar əlavə mərhələdə tətbiq olunacaq”.

Qeyd edək ki, qəbul imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub. 2019-cu ildə qəbul imtahanlarında hər qrup üzrə 3 fənn təqdim olunacaq və 3 saat veriləcək. İmtahanda şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunacaq.

Bənzər xəbərlər