13 : 11 18 oktyabr
   
Kriminal

Bakıda asetonlu araq istehsal edənlər yaxalandı

araq1
2017-10-11 12:24 Baxılıb:   63

Hadisənin son zamanlar bölgələrdə baş verən kütləvi zəhərlənmələrlə də əlaqəsi araşdırılır.

 

Bir gün öncə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keyfiyyətsiz yeyinti və sənaye məhsulları hazırlamaqla insan sağlamlığına ciddi təhlükə yaradan, müxtəlif xəstəliklərin yaranmasına səbəb olan, həmçinin ölkənin iqtisadi dayaqlarına, ayrı-ayrı dövlətlərlə idxal-ixrac əməliyyatlarına zərər vuran şəxslərin aşkar edilməsi istiqamətində növbəti kompleks əməliyyat-tədbiri həyata keçirildiyi barədə məlumat vermişdik.

Məlumatda bildirilirdi ki,  daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya, Belarusiya, eləcə də digər dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrinin eyni adlar altında qanunsuz istehsalını həyata keçirən, bununla da insanların sağlamlığına zərər vuran mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib. Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri –  Abil Hüseynov, Bərxudar Həsənov və İlqar Mirzəyevin rəhbərlik etdiyi 10 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb.

Dəstə üzvlərinə məxsus Biləcəri, Sulutəpə və Saray qəsəbələrində yerləşən gizli anbarlara və sexlərə, həmçinin onların yaşadıqları evlərin zirzəmilərinə, saxlanc yerlərinə baxış zamanı spirtli içkilərin hazırlanması üçün istifadə edilən 10 ton mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və sair texniki avadanlıqlar aşkar olunaraq götürülüb.

Ekspert rəyinə əsasən aşkarlanan saxta spirtli içkilərin tərkibində insan orqanizminə ciddi təhlükə yaradan zərərli mikroqatışıq hesab edilən aseton mövcuddur.

Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri tərkibində aseton olan spirtli içkiləri müxtəlif adda hazırlayandan sonra qurduqları şəbəkə vasitəsilə satışını təşkil ediblər.

Xatırladaq ki, son dövrlərdə müxtəlif bölgələrdə, Tovuz, Mingəçevir, Ağdam, Ağstafa, Bərdə, Balakən və bəzi digər rayonlarda, xüsusilə də keçirilən toy mərasimlərində  kütləvi zəhərlənmə halları qeydə alınmışdır ki, bu hallar hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etmişdir.

Məlumata görə saxlanılan şəxslərin hazırladığı aşkar edilmiş saxta məhsulların qeyd olunan kütləvi zəhərlənmə halları ilə də əlaqəsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı DİN BMCMİ-də cinayət işi başlanılıb və saxlanılanlar barəsində həbs qətimkan tədbirləri seçilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

Post Baku

Bənzər xəbərlər