12 : 54 14 avqust
   
Köşə yazarları

DƏYİRMAN ÇAX-CAXINDA BİZİM UN EŞQİMİZ

2017-12-02 13:11 Baxılıb:   149

Ələkçinin qıl verənləri mənim beynimə yeridirlər ki, üyüdəcəyimiz unun eşqi bizi həm də dəyirman çax-çaxına öyrəncəli edib… Və bir şey də var: kim ki, dəyirman səsindən qaçırsa, o adam un üyüdə bilməz haaa…..
İLLƏRİN İSTİSİ əhdimizi kəsdiyi kimi SOYUĞU da katalikos sevdalıların “lütfü” sayəsində damarlarımızdakı qanımızı belə dondurub. Sanki bu məmləkətdə mövzu qıtlığı var. Gündə özünü kölgəyə vermək düşüncəsi gündəmi zəbt etməyə çalışanların peşəsinə çevrilib…
Qaşıq-qaşıq yığdığımızı çömçə ilə paylayırıq ki, təki “əla oğlan” titulumuza xələl gəlməsin…
O qədər QURD TOTEMİndən danışdıq ki, elə qurdlar kimi dumanlı günün çox olmasını arzulayırıq ki, yediyimiz və udduğumuzun sayı bol olsun…
AUTİST MƏMLƏKƏTİN SAKİNLƏRİ kimi davranırıq – hərənin öz dünyası və hərənin öz kuralları var….
İz açmağa tələsirik, ancaq izdən əvvəl olan ayaqlarımızın donunu açmağa canımızda təpərti yox….
Gözəl görünməyə çalışırıq, ancaq içimiz, içalatımız belə hisin-pasın içindədir,, xəbərimiz yox…
Bizi qaz ölkəsi kimi tanıyırlar, ancaq deyəsən soyuqdan donmamaq üçün evin içində də “potava” ilə gəzməyimizdən katalikos sevdalıların xəbəri yox…
Dərdlərimiz, problemlərimiz qartımaqda, gəncliyin ömrü kürsü həsrətilə puç olmaqda, qocalarımız da hakimiyyət iyerarxiyasında lövbər salaraq əsayla fırlanmadadılar….
Məmləkət Əhlinin kimisi baş , kimisi də xaş hayındadır.
Yaşayış və davranış tərzlərindən belə görünür ki, xaş hayında olanlar baş hayında olanlardan deyil…
Xaş hayında olanların kefləri ala buludun yanında, baş hayında olanların ah-zarlarısa ərşə bülənd olub…
Xaş hayında olanların balaları deyəsən Aydan, Saturndan gəliblər, Marsda torpaq almağa hazırlaşırlar. “Vardı, yoxdu” düşüncəsi bütöv həyatlarına hakim kəsilən baş hayında olanların cocuqlarısa məmur harınlığı ucbatından qazsız, işıqsız, marşrutsuz, daşlı, palçıqlı, dolanbac yollarda can çürütməyə möhtac olublar….
Bizi susuz qoyan Yezid övladları, bizi yolsuz qoyan yola baxan YOLÇULAR, bizi qazsız qoyan oğrubaşılarsa aydan arı, sudan duru kimi davranırlar….
Davranış gözəlliyi yoxa çıxıb, milli düşüncəyə qənim kəsilmək sanki gündəmin mövzusuna çevrilib….
Kerçmişimiz unutdurulur, bugünümüzün üzünə sığal-tumar çəkilməklə gerçək halımız gizlədilir, gələcəyimiz sual altına qoyulur….
İçinə sığınsaq da, istisinə qızına bilmədiyimiz som-soyuq daş-divarları bizim üçün göz dağına çevirirlər…
Pusquda dayananlar BÖYÜK AZƏRBAYCAN və TURAN DÜNYASI SEVDAMIZa qarşılıq A-Z-Ə-R-B-A-Y-C-A-N formatı, “rusofilli və iranofil” düşüncələriylə qənim kəsilməkdədilər….
DƏRDLƏRİMİZin əlindən bükülən BELİMİZin ağrısına, acısına dərman tapacaq loğmanımıza qiymət vermir, yad əllərin möcüzəsinə inanırıq…
“Sən HAQQ ol, HAQQ səninlə olacaq” ümidiylə çırpınan ÜRƏYİMİZə basılan dağlar öz əlimizlə qızdırdığımız şişin vurduğu yaradır…
SAYMAQLA BİTMƏYƏN DƏRDLƏRİMİZə rəvac verənsə mənəm, sənsən, odur, bizik, sizsiniz, onlardır….Yox əgər bu halımızda kimsə yaxasını kənara çəkirsə, deməli, o adam dolayı yolla özü-özünü ifşa etmiş olur. Çün demokratiyanın ilkin şərtlərindən biri cavabdehlik və məsuliyyət hissidir. Hər kəs özü-özüylə danışsa, cavabdehlik və məsuliyyət hissinin yerinə yetirilməsindəki səhvlərini anındaca anlayar….
Dərdlərimizə inanmaq istəməyən BİGANƏ ƏHLİKEFLƏR, “xalqın xidmətçisi” olmaqdan çimçəşərək özünü günümüzün XUDAYAR BƏYLƏRi kimi aparan harınlamış məmur təbəqəsi, bank oğruları, “pilot layihələr”lə dövlət büdcəsini diz çökdürən avropalaşanlar, təhsilimizi, səhiyyəmizi təcrübə poliqonuna çevirən naşılar, imtiyazlar, güzəştlər, orden və medallar həsrətilə sıraya düzülən yurd sevgisini unudanlar, səyyar Kəbə ziyarətilə saqqalda feyz axtaranlar, Azərbaycanı özü boyda şou məkanına çevirənlər, müharibə şəraitində yaşayan bir millətə çalıb oynamağın hərb sənətindən daha üstün, daha əlverişli olmasını təlqin edənlər, görmək istədikləri demokratiyanı bizə sırımağa çalışan avropalı qurumsaqlar, dərdimizə ikili standartla yanaşan üzlərinə tüpürüləsi bir çox beynəlxalq təşkilatlar…və belində ZOĞAL AĞACLARInın zərbindən iz qalan Azərbaycan İnsanının Dözümü, Səbri…
Dərdlərilə baş-başa qalmaqdan artıq BAŞINI İTİRMİŞ İNSANLAR…
Belini qaşımağa əli olmayan, əlini isitməyə cibi olmayan, ciblərində siçan oynayan, siçanı öldürməklə milli pişiklərimizə tələ quran, tələsinə küt gedən kündəsini qoymaqla eybini gizləyən və tələsdiyindən kündəsi küt gedən BİNƏVALAR…
Vizual və virtual məkanlarda pilləsiz mərtəbələrin təqdimatından doğan acı təbəssüm…
Rzayev ANARın soyunan Təhminələri, zavallı “Zeynəb”lər, cəhənnəm sevdasıyla yaşayan Abdullayev ÇİNGİZin təqdimatında cəmiyyəti “fahişəliyə” sürükləyən səbəblərin dilə gətirilməməsi qorxaqlığı, riyakarlığı, Əkrəm Əylislinin “Daş yuxuları”nda pərvazlanan sülh göyərçinləri, quyruğısa qırqovulların vurnuxması…..
Ən böyük günahlardan olduğu anlaşılsa da, ancaq zorən sevginin ərsəyə gətirdiyi İNTİHARLAR SERİYASI, BOŞANMALARın xırda detallarının təbliği deyil, sadəcə olaraq xəbərin çatdırılması, səbəblərin təhlilinin mütəxəssis səviyyəsində təqdimatı…
Hərraca çıxarılan ar, namus…..
Mənən korların, karların oxuduqları ariyadan guya ki, feyziyab olan kölə psixologiyalı insanların şizofrenik davranışları….
“Atın məni dənizlərə” harayı….
Bir butulka nöyütlə dövlət instansiyalarının qarşısı…
Qataraltı seyrəngahlara dalma….
“AzTV” xislətli televiziyalarda gölməçə həsrətilə gözləri bərəli qalan qurbağalar tək cərcənək olan lüt əndamlılar, həmin kifli düşüncəli, müsbət mənada dediklərinin tam tərsini gündəlik həyatında yaşayan riyakar münsiflər, aparıcılar….
Fahişələrin diliylə təqdim olunan əxlaq dərsləri, oğruların, korrupsionerlərin diliylə səslənən Hammurapi qanunları…
VƏ daha nələr, nələr…
GÜNDƏMƏ DUZ QATMAQ İSTƏYİRSİNİZSƏ YAZIN BUNLARDAN, əziz kabinet jurnalistləri!
SübhanAllah……
Əstəğfürullah, əstəğfürullah, əstəğfürullah!!!!
Ətrafımzı saran belə bir mühitdə bizlər yenə də səbir daşından yapışmalıyıq. Çünki Uca Yaradan səbr edənləri Sevəndir. VƏ BÜTÜN MÜŞKÜLLƏRİN AÇARI BİR ALLAHIN ƏLİNDƏDİR. Zənn etdiklərimizə aldanmayaq. Çünki küləkli havada xırman sovurmazlar. Ələkçilərin qıl verənlərinin güvəndikləri bu dünyasa bir dəyirmandır. Və bu dəyirmanda dəni olmayana un vermirlər.
Tanrı unumuzu bol etsin, buğdanısa evdə arıdaq, dəyirmanda yox…

İgid Teymurlu

Bənzər xəbərlər