23 : 37 16 oktyabr
   
Problem

  İntiharlar niyə artıb? – Ekspert danışdı

 

vaqif-qarayev
2018-01-10 11:48 Baxılıb:   82

İntiharların səbəbi kimi depressiyanın payı çoxdur, təxminən, 80 faiz. Bu cür depressiv əhvalı isə dost-tanış arasında sosial şəbəkələrdə tez-tez, demək olar, hər gün xəstəlik, ölümlə bağlı status paylaşanlar yaradır.

Milletinsesi.az xəbər verir ki, bu sözləri tibb eksperti, həkim Vaqif Qarayev əhalinin tez-tez depressiv əhvaldan şikayətlənməsindən və son günlər baş verən intiharlarda danışarkən deyib.

V.Qarayevin fikrincə, sosial şəbəkələrin psixo-emosional sferası bəzi insanlarda depressiya yaradır:

“Kimə baxırsan, deyir, depressiyadayam. Depressiya ciddi problemdir. “Qızdırmadan yanıram”, “qulağım ağrıyır”, “öskürək amanımı kəsdi”, “xarabada həkim yoxdur ki, müraciət edəm”, “filankəsim ağır xəstədir, dua edin”, “bu gün filankəsimin qırxıdır(ilidir)” və s. tipli paylaşımların şahidi oluruq sosial şəbəkələrdə. Psixo-emosional sferası labil olan adamlarda bu cür statuslar, məlumatlar depressiya yarada bilər və yaradır da. Həmçinin depressiyanı ağırlaşdırır da. Xəstə şikayətini həkimə deməlidir, sosial şəbəkələrdəkilərə yox! Kədər, faciə yaşayan insan ruh halını doğmaları ilə bölüşməlidir, sosial şəbəkələrdəkilərlə yox!”

Həkimin fikrincə, intihar həmişə təkcə iradəsi zəif olanların edəcəyi əməl deyil:

“Fiziki baxımdan güclü, yüksək intellektli insanlar da intihar ediblər, edirlər. Hər kəsin probleminə fərdi yanaşılmalıdır, xüsusən yeniyetmə və gənclərin. Dinləmək lazımdır. Aqressiya depressiyanı dərinləşdirir, onları cəmiyyətdən daha da təcrid edir. Sonu da intiharla nəticələnir”.

V.Qarayev bildirib ki, konkret bir suisid hadisəsinin TV-də və KİV-də davamlı olaraq işıqlandırılması başqalarını intihara təhrik edir:

“Psixiatriyada “Verter effekti” deyilən bir nəsnə var. Konkret olaraq bir suisid hadisəsinin TV-də və KİV-də davamlı olaraq işıqlandırılması başqalarını intihara təhrik edir. Kifayət qədər misallar var bu barədə. İntihar edənləri qınamaq lazım deyil. Qəhrəman kimi də təqdim etmək də lazım deyil. Biliyi, qabiliyyəti olanlar hadisə baş verənə qədər yardım etsə, edə bilsə, azalar belə hadisələr”.

 

Bənzər xəbərlər