13 : 22 23 sentyabr
   
Köşə yazarları

Bu bayram bizim deyil- Öz qələbəmiz nə vaxt  olacaq?

2018-05-10 00:26 Baxılıb:   193

Xətai rayonu, Ukrayna dairəsində qurulan 9 may şənliyinin  gurha-güru  4-5 km-dən  tam aydın eşidilir. Bir tərəfdən imperiya bayramının tappıltısı, bir tərəfdən də Bakıya buraxılan zəhərli havanın təsirindən yuxumuz ərşə çəkilib.

Hər il biz 9 MAY-ı  qələbə günü  kimi qeyd edirik. Bu bayram bizimdirmi?  Xeyr! Bu bayram bir imperiyanın digər imperiyası üzərində qələbəsidir. Biz isə o vaxt  SSRİ-nin tərkibində müstəmləkə olan  bir ölkə idik. SSRİ-nin tərkibində böyük şücaət göstərən igidlərimiz  qəhrəmanlıq səlnamələri yazdı. Buna şübhə yox.. O vaxtkı  hərbi texnikaların  az qala hamısını yanacaqla Bakı təmin edirdi, yəni, təbii sərvətlərimiz də bu yolla talan edildi. SSRİ qalib gəldi..Əvəzində bizə nə verdi ?

SSRİ-nin tərkibində ola-ola Borçalını Gürcüstana hədiyyə etdilər. Zəngəzuru, Göyçə mahalını ermənilərə bəxşiş verdilər. İrəvandan və digər əzəli torpaqlarımızdan qovulduq; Yeraz, kraz, həmşəri olduq.

Sonra imperiya dağılandan sonra SSRİ-nin siyasi  varisi -ruslar və onların əlaltıları- ermənilər tərəfindən 20 yanvar qırğınları törədildi. Daha sonra heç vaxt ərazi bütövlüyü çərçivəsində müstəqilliyimizi bərpa edə bilməmək üçün Qarabağ və ətrafyanı ərazilər rusların köməyi ilə ermənilərə verildi və bu gün də onların himayəsi ilə qorunur. Mədəni irsimiz məhv edildi. Soydaşlarımıza qarşı qeyri-insani aktlar törədildi.

Bir sözlə, Faşizmi ermənizmlə  əvəz etdik. Bir imperiyanın əlindən xilas olub, digərinin əsarəti altına ömürlük düşdük.  Dünən  Qarabağın ən dilbər  guşəsinin- Şuşanın  ildönümünü, bugünkü qələbə günündən çox sönük yad etdik. O qədər itirmişik ki, hər günə bir kənd, bir qəsəbə düşür və yenə də bayram edirik.  Bu bayramı qeyd etməklə biz   imperiyanın əsarətinə yenə də  hə demiş oluruq.

Fikir verin, faşizmin beşiyi sayılan  Almaniya  dünyada bütün əzilən və hüquqları pozulan insanları milliyətnə fərq qoymadan qəbul edir, onlara qucaq açır, ev verir, insan kimi yaşamağı öyrədir.

Faşizmin üzərində qələbə çalan SSRİ-nin dağılması nəticəsində müstəqillik qazanmış hər bir respublikasında isə  insanların haqqı pozulur.Bəzilərində isə  bu imperiyanın siyasi varisi olan  Rusiya tərəfindən münaqişə ocaqları yaradılır. Bunların  gələcəkdə yeni imperiya modeli altında birləşdirmək üçün  isə recaqlar daim  Rusiyanın əlində möhkəm saxlanılır.

Biz  bu gün qələbəni o halda edə bilərdik ki, ermənilərin yeni seçilmiş nazirinin bizim torpaqların işğal günündə həmin torpaqlara  uçuşu zamanı vertolyotu  ordumuz tərəfindən vurulardı.. Axı aprel döyüşlərindən sonra ölkə prezidenti  məhv edilən erməni əsgərləri haqqında deyirdi: "onlar  bizim torpalarımızda nə gəzirlər ki, ölürlər". Əsgəri gəzə bilməyən düşmənin nazirinin bizim torpaqlarda nə işi var? Biz nə vaxta kimi düşmənlərin bayramında əl çalıb oynayacağıq? Niyə bizim yeni seçilən baş nazirin ilk səfəri Qarabağa olmadı? Biz nəyi gözləyirik?

Heyf- milli dərdlərlə dolu dünənimizi unudub, bü gün düşmən bayramında rüşvətlə yığılan pullarla alınan atdığınız- fişənglərə..Heyf bu torpağa ki,  sizləri və sizlərin ozbaşnalıqlarınıza  boyun əyən bizləri gəzdirir.. Heyf bu torpağa ki, bu torpağı qan gölünə dondərənlərin bayramını keçirənləri qoynunda saxlayır..

Talıb Əhədov

Bənzər xəbərlər