18 : 54 21 sentyabr
   
Dünya

Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

2018-06-21 15:20 Baxılıb:   33

Türkiyədə keçiriləcək 24 iyun prezident və parlament seçkilərilə bağlı sorğuların nəticəsi göstərir ki, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) 600 mandatlı parlamentdəki çoxluğunu itirə bilər.   "Reuters” xəbər verir ki, bir sıra investorlar seçkilərdən sonra Türkiyədəki siyasi proseslərin dalana dirənəcəyindən narahatdır. AKP parlamentdəki üstünlüyü qorub saxlaya bilməsə, hökumətin formalaşdırılmasında çətinlik yarana bilər.


Lakin Ərdoğan bu məsələdə heç bir problemin olmayacağına əmin edərək, koalisiya hökumətinin anonsunu verib.

"Əgər 300-dən az yer qazansaq, o zaman koalisiya üçün axtarışa çıxacağıq” – deyə Ərdoğan bildirib. Lakin onun fikrincə, AKP-nin parlament çoxluğunu itirmə ehtimalı olduqca azdır.

Ərdoğanın partiyası ilə "Cumhur İttifaqı” quran Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bundan əvvəl bəyan etmişdi ki, əgər AKP ilə MHP parlamentdə çoxluq qazana bilməsələr, yeni seçkilər keçirilə bilər. Müxalif Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə koalisiya təklifini rədd edib.

Qeyd edək ki, AKP Türkiyədə hakim partiya olduğu 16 il ərzində parlamentdəki üstünlüyünü qoruyub saxlayıb. Yalnız 2015-ci ilin iyun seçkilərində AKP çoxluq qazana bilməyib. Lakin o zaman koalisiya hökuməti formalaşdırmaq mümkün olmadığından noyabrda təkrar parlament seçkiləri keçirilib və partiya deputat yerlərinin sayına görə yenidən lider olub.

Bənzər xəbərlər