17 : 47 14 dekabr
   
Problem

Xəzərin suyu sürətlə azalır - EKOLOJİ TƏHLÜKƏ

2018-09-13 12:43 Baxılıb:   86

Son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun alimlərinin Xəzər sahillərindən Qarabağ düzünə qədər olan ərazidə çöl tədqiqatlarının nəticələrində qeyd edilib.

Məlumatda bildirilir ki, bu illər ərzində Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 metrə qədər geri çəkilib və nəticədə geniş ərazi kontinental rejimə keçib. Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilib və 1:25000 miqyaslı xəritə tərtib edilib. Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək.

İnstitutun məlumatında bildirilir ki, Kür-Araz ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib.

Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır. Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin artmasına və son nəticədə səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaq.

Son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi elementlərin miqdarı artıb. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.

Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb. Meşədə aparılan tədqiqat zamanı ağacların kütləvi qırılması, kənd təsərrüfatından istifadə sahələri və meşə bərpa xüsusiyyətləri öyrənilib.

Bənzər xəbərlər