14 : 23 11 dekabr
   
Gündəm

Kamal Abdulla Assambleya sədri ilə görüşdü

2018-09-21 13:58 Baxılıb:   23

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərlə görüşüb.

Milletinsesi.az xəbər verir ki, qonağı salamlayan rektor rəhbərlik etdiyi universitet, burada tədris olunan dillər, fəaliyyət göstərən mərkəzlər haqqında ətraflı məlumat verib:

“Azərbaycan Dillər Universitetində Avropa ölkələri, onların dilləri və mədəniyyətləri ilə yanaşı İndoneziya, Hindistan, Yaponiya, Koreya kimi ölkələrin dil və mədəniyyətlərini də öyrənirik. Bu mənada Sudan ədəbiyyatına, tarixinə, mədəniyyətinə də marağımız böyükdür. Sudan universitetlərinin hər hansı biri ilə əməkdaşlıq etmək şansımız olsa, həm Sudanda Azərbaycan mədəniyyətini daha yaxşı təbliğ edə bilərik, həm də ölkəmizdə Sudan mədəniyyətinin təbliğinə yardımçı olarıq. Eyni zamanda Sudan universitetlərinin rəhbərlərini Bakıya dəvət edə, onlarla əməkdaşlıq haqqında müqavilə imzalaya bilərik”.

Kamal Abdulla Azərbaycandakı multikultural şərait haqqında qonaqlara ətraflı məlumat verib. Rektor qeyd edib ki, ölkəmizdə müxtəlif xalqlar dinc və qardaşlıq şəraitində yaşayır, Azərbaycan Prezidenti cənab İlham Əliyev multikulturalizmin dövlət siyasətinə çevrildiyini hər zaman qeyd edir.

 

ADU rektoru vurğulayıb ki, “Azərbaycan multikulturalizmi” fənni və Azərbaycan multikulturalizmi modeli dünyanın müxtəlif ölkələrinin universitetlərində, o cümlədən Almaniya, İsveçrə, İtaliya, İndoneziya, Rusiya, Polşa, Gürcüstan və başqa ölkələrin universitetlərində tədris olunur: “Sudan universitetlərində də bu işi həyata keçirmək mümkündür”.

Yüksək qonaqpərvərliyə, xüsusi diqqətə görə Kamal Abdullaya təşəkkürünü bildirən İbrahim Əhməd Ömər ADU-nun yüksək səviyyəli universitetlərdən biri olduğunu söyləyib:

“Mən Azərbaycanın ən nüfuzlu və yüksək səviyyəli universitetlərindən biri olan Dillər Universitetini ziyarət etməkdən çox şadam. Sizin Sudan universitetləri ilə əməkdaşlıq təklifini yüksək qiymətləndirirəm. Bu əlaqələrin yaradılması bir çox əməkdaşlığa yol aça bilər. Eyni zamanda tələbə mübadiləsi, birgə araşdırma və layihələr istiqamətində addımlar atmaq mümkün və vacibdir”.

Milli Məclisin sədri Oqtay Əsədovla görüşü haqqında danışan İbrahim Əhməd Ömər qeyd edib ki, həmin görüşdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.

Kamal Abdulla Sudan Respublikası Milli Assambleyasının sədrinə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını hədiyyə edib.

Bənzər xəbərlər