İsmayıl bəy Qaspıralı: Milli ideya haqqında

İsmayıl bəy Qaspıralı: Milli ideya haqqında

İsmayıl bəy Qaspıralı: Milli ideya haqqında


İnsanın və bütün xalqın həyatı və xoşbəxtliyi ağıllı şəkildə qoyulmuş vəzifələr və istəklərlə təmin olunur. Ağıllı məqsəd olmadan ağıllı işlər də görmək olmaz. Hər bir işdən və yaradıcılıqdan öncə ideya gəlir və bu ideya nə qədər yüksək səviyyəli olsa, insanlar onu nə qədər çox dərk etsələr onların zəhməti və fəaliyyəti o qədər intensiv olar. Xalqların həyatında baş verən bütün böyük hadisələr bu və ya digər ideyalarla ərsəyə gəlmişdir; ən böyük kəşflərdən öncə onun haqqında ideya yaranmışdır. Fikrimizi izah etmək üçün 2-3 misal gətirək. Təkallahlığın yayılması demək olar ki, dünyanın yarısını ərəblərin hakimiyyəti altına keçirdi. Moskva ətrafında birləşmə ideyası böyük Rusiyanı yaratdı. Bərabərlik və azadlıq ideyası birinci respublika fransızlarına bütün Avropa ilə mübarizə aparmaq gücü verdi. Milliyyət ideyası slavyan dünyasını dirçəldir və gözümüzün önündə İtaliya və Almaniyanı yaradıb. Xalqda milliyyət ideyası olmasaydı Madzini, Kavur, Qaribaldi və Bismark səhrada çığıra-çığıra qalardı.

Azad və müttəfiq vətəndaşlar ideyası Amerikada almanları, fransızları və ingilisləri güclü, vahid bədəndə birləşdirir, o zaman Avropada olduğu kimi başqa ideyaların təsiri altında bu xalqlar biri birilərini asmağa hazırdırlar.

İdeya və istəklərin olmaması əksinə, xalqların mənəviyyatını pozur, onları yatırdır və zəiflədir. Bir neçə yüz milyon çinli, iki yüz milyon hind minilliklər boyu özlərini heç nə ilə göstərməyiblər və bütün qonşuları üçün qənimət rolunu oynayıblar. Mancurlar, türklər, farslar, əfqanlar, ingilislər və digər xalqlar indi yaponların etdiyi kimi həmişə öz tələblərini bu ideyasız, başqa sözlə yarımcan xalqlara diktə ediblər.

Xalqların və insan cəmiyyətlərinin dirçəlməsi və fəaliyyəti üçün ideyanın gücünün nə qədər böyük olduğu deyilənlərdən aydındır. Əgər bu belədirsə, onda öyrənmək maraqlıdır ki, müasir müsəlman xalqlarının hansısa ideyaları varmı və onlar nədən ibarətdir? Əgər bütün Şərqin ətalətli, mürgüləyən vəziyyətinə diqqət yetirsək öyrənməyə də lüzum qalmayacaq. Şərq ideyalardan məhrumdur və Kabildə, Tehranda, Bağdadda, Dəməşqdə, Fəsdə və başqa yerlərdə hansısa idealları axtarmaq əbəs olardı. Farsdan, Türkdən, ərəbdən, hinddən soruşsanız ki, onları hansı ideya qidalandırır, onların həyatda, etikada, işdə idealı nədən ibarətdir, onlar təəccüblə sizə baxacaqlar və başa düşməyəcəklər ki, siz onlardan nə soruşursunuz.

Və burada bütpərəst monqol dünyasındakı kimi ideyaların və idealların olmaması xalqları sözün ən geniş mənasında tənəzzülə gətirib çıxarıb. Şərq xalqlarının durğunluğu və hərtərəfli tənəzzülü bununla izah olunur, baxmayaraq ki, onların tarixindən məlum olduğu kimi onlar heç də gücdən, ağıldan və qabiliyyətdən məhrum deyillər.

Bu ümumi mülahizələrdən sonra bizi maraqlandıran xüsusi məsələlərə keçək. Biz sual qoymaq istəyirik: Rusiyanın müsəlman əhalisini hansı ideyalar və istəklər qidalandırır? Onlar nə haqda düşünür və nə arzulayırlar? Oxucularımız yuxarıda deyilənlərdən gördülər ki, heç nə arzulamamaq – heç nə əldə etməmək, yəni yoxsul, əhəmiyyətsiz və yarımcan qalmaq deməkdir, bu isə yaxşı deyil və təhlükəlidir.

Yaxşı ideyalar, yaxşı istəklər həm ayrıca insan üçün, həm də bütün cəmiyyət üçün vacibdir. Onlar cəsarət verir, yolu və zəhməti müqəddəsləşdirir. Lakin əfsus ki, Rusiyanın müsəlman icması hansısa ideya və ideala malik deyil. Bu icma hər gün dəqiqələrin və aza qane olan mədənin marağı ilə yaşayır və bilmir ki, indikindən çox yaxşı yaşamaq və işləmək olar. Bizdə yuxuyozma kitabçaları, gül-bülbül mahnıları ilə dolu kitabçalar, doqquz arşınlıq boyu olan pəhləvan haqqında rəvayətlər var, amma beyinlərimizin dumanını dağıdacaq bir kitab da yoxdur ki, öz vəziyyətimizi görək, tərəqqi və daha yaxşı gələcəyi qurmaq haqqında düşünək.

Bununla belə Rusiyanın digər xalqları ideallardan məhrum deyillər, daha doğrusu, onlar arasında ümumi istəklər var. Onlar öz vəziyyətlərinə uyğun olaraq tərəqqilərinin qayğısına qalırlar, onun haqqında danışırlar, çaba göstərirlər, ianələr verirlər... Uzağa getmədən, məsələn, ətrafımızda və bizimlə birgə yaşayan erməniləri götürək. İnkar etmək olmaz ki, həyatın bütün sahələrində onlar bizi geridə qoyublar. Bu ona görədir ki, ermənilərdə tərəqqi ideyası və ona doğru can atmaq vardır. Bax buna görə də müəyyən qədər imkanlı hər bir erməni öz varının bir hissəsini ümumi işin xeyrinə vəsiyyət etmədən ölmür. Bax buna görə də erməni Katolikosunun yüz minlərlə manat məktəb və xeyriyyə işləri üçün yığılmış kapitalı var, amma bizim müftilər ictimai faydalı iş üçün yüz manat tapa bilmirlər.

Maariflənmə və tərəqqini özümüzə vəzifə və ideal kimi müəyyən etməyin bizə vacib olması haqqında danışmaq lazımdırmı? Biz bu ülvi və müqəddəs ideyanı dərindən dərk etməklə dirçələrik, həyatımız zinətlənər, istəklər və fikirlər nəcibləşər, aramızda görkəmli və işgüzar insanlar meydana çıxar. İdeya bizə güc və vasitə verir. Onlar indi də var, amma ətalət onu sıxıb öldürür.


İsmayıl Bəy QASPIRALI, “Tərcüman” qəzeti, 7 may 1895. №18.

Rus dilindən tərcümə edən: Şirvani Ədilli.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər