YENİ TƏQVİM İLİ BAYRAMININ TARİXİNƏ BAXIŞ

YENİ TƏQVİM İLİ BAYRAMININ TARİXİNƏ BAXIŞ

YENİ TƏQVİM İLİ BAYRAMININ TARİXİNƏ BAXIŞ


Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır. Yeni ili bayram etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir.

Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesapotomiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda �qul ağaya çevrilərmiş�. Yeri gəlmişkən, �Karnaval� sözü babil dilindən tərcümədə �gəmi-dəniz� deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış.Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babalistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış � yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü �Günəş qapısı� adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.


Şam ağacının bəzədilməsi ənənəsi.

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu yolka təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları yolka bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya � Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə yolka bütün dünyada məşhurlaşıb


Yeni ilin yanvarın 1-dən hesab olunması çoxları xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə görə, xristian dininin yaradıcısı İsa peyğəmbər dekabrın 24-də anadan olmuşdur. Ona görə də xristianlar bu günü İsa peyğəmbərin doğulması şərəfinə Milad bayramı kimi qeyd edirlər. Milad bayramının ilkin mənbəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) "xilaskar allahın doğulması" ilə əlaqədar keçirilən qədim bütpərəst mərasimi olmuşdur. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdir. Bu bayram 431-ci ildə qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır. Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır.
Yeni ilin rəmzlərindən biri də Şaxta babadır. Şaxta babanı müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlar. Məsələn, ABŞ-da və Avstraliyada o, Santa Klaus, Rusiyada - Ded Moroz, Türkiyədə - Noyel baba, Avstriyada - Sivestr, Britaniyada - Miladi baba, Yunanıstanda Müqəddəs Vasili adlanır.
Bütün hallarda Şaxta baba uşaqların sevimlisidir. Yeni il gecəsində onlar evlərə heç vaxt əliboş gəlmirlər. Torbalarındakı müxtəlif hədiyyələrlə uşaqları sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bayram süfrəsi ətrafında toplaşırlar. Artıq həmişəlik vidalaşdıqları ilin son anlarında musiqini dayandıraraq sükut içərisində saat 12.00-ı gözləyirlər. İlin başa çatdığını göstərən saat zənginin təntənəli sədaları altında sağlıqlar söyləyir, sonra isə şampan şərabı ilə dolu qədəhləri toqquşdurur, yeni ildə bir-birinə xoş günlər və sağlamlıq arzulayırlar.
Böyük Britaniyada ənənəyə uyğun olaraq əllərini yuxarı qaldırır və "Mərhəmətli köhnə il" mahnısını oxuyurlar.
ABŞ-da da ilin son gecəsində şənlənir, ayağa duraraq sağlıqlar söyləyirlər. İtaliyada köhnə ili yola salarkən pəncərələri açır, evdəki köhnə əşyaları çölə atırlar. Bunun mənası isə köhnədən xilas olmaq, onu yenisi ilə əvəz etməkdən ibarətdir.
Çində yeni il yanvarın ortalarında və fevralda qeyd olunur. Bu, Çin bayramlarından ən əlamətdarıdır. Yeni ilə bir həftə qalmış bütün evlər səliqə ilə yığışdırılır. Guya bununla ailə ocağının ilahı (yəni allahı) Tszao-van digər allahlara mənzilin qaydada olması haqqında məlumat verir. Sonra isə onun təsvirini yandırırlar. Onun yerinə Tszao-vanın yeni təsvirini qoyurlar. Bu hadisəni atəşfəşanlıq keçirmək və ətirli maddələr yandırmaqla qeyd edirlər.
Yaponiyada yeni il O-seqaytsu adlanır və yanvarın 1-dən başlayaraq üç gün davam edir. Ailə ibadətgahının önünə çiçək dəstələri və hikmətli sözlər yazılmış lövhəciklər qoyurlar. Bayram ərəfəsində evləri yeni il atributları ilə bəzəyirlər: şam budaqlarından hörülmüş çələng, xüsusi formalı yeməli moti və danqo, quru xurma, xərçəng və s. Yeni ili qarşılayarkən paqodalarda (buddist məbədlərində) 108 dəfə zəng çalınır. Yaponların inamına görə insanın çəkdiyi 108 əziyyət son zəng ilə keçmişdə qalır. Bundan sonra yaponlar dağa və ya dəniz sahillərinə gedərək təzə doğan günəşi alqışlamaq ayinini icra edirlər.
Heç də bütün ölkələrdə yeni il yanvar ayında qeyd olunmur. Hindistanda yeni il bayramı elm və bilik ilahı (yəni allahı) Sarasvatinin şərəfinə Sarasvatipudca bayramı keçirilməsi ilə qeyd olunur. Bayram günlərində küçələrdə ilahın (yəni allahın) təsvirləri gəzdirilir, uşaqlar bu təsvirləri gül-çiçək dəstələri ilə bəzəyirlər. Onlar belə hesab edirlər ki, ilaha (yəni allaha) ibadət etməklə dərslərini yaxşı oxumaqda onun köməyini qazanacaqlar.
Yəhudilərin bayramı Tu Be-Svat və ya yeni il yanvarda və ya fevralda qeyd olunur. İsti və quru iqlimi olan ölkələrdə, xüsusilə İsraildə ağac insanları və bitkiləri yandırıcı günəş şüalarından qoruyur.
Buna görə də bu ölkələrdə ağaca böyük ehtiram vardır. Bütün dünyada yəhudi uşaqları Tu Be-Svat günü anadan olan uşaqların şərəfinə ağac əkirlər. Əgər yeni doğulan uşaq oğlan olarsa sidr ağacı, qız olarsa sərv ağacı əkirlər. Ağac əkilərkən uşaqlar xüsusi ayin də icra edirlər
.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər