2016 NECƏ YADDA QALDI?

İL AYRICINDA DÜŞÜNCƏLƏR...
2016 NECƏ YADDA QALDI?
2016 – nı da geridə qoyduq . Yenə də Qarabağı rus – erməni düşmənlərin , qalan torpaqlarımızı “öz” məmurlarımızın işğalında qoyduq . Yenə Qarabağda döyüşənlərə icra başçıları , deputatlar , məhkəmə hakimləri özlərini yandırma “qayğısından” qalmadılar . Yenə Qarabağda Xanın səsi yox , dığaların hırıltısı havalanır ...Qarabağdan ötən ildə bizə aprel döyüşünün eyforiyası qaldı . İgid döyüşçülərimiz qanları bahasına Lələtəpədə BAYRAĞIMIZI - PAPAĞIMIZI qaldıra bildilər .

Bəs 2016 daha nə ilə yadda qaldı ?

Yola saldığımız il ən çox maliyyə - bank “mollalarının” milli valyutanın – manatın “fatihəsini verməsi” və “MTN – Rabitə” reketliyi ilə yadda qalıb və belə görünür ki , bu fatihənin oxunması , məmurların reketçiliyiliyi hələ uzun sürəcək . Nədən “baş maliyyə mollası” Beynəlxalq Bankın rəhbərinin “kredit nəzirlərini” yeməsini müşahidə edə bilmədiyindən öz “nəziryığanını” banka təyin etməsi və onun da bir neçə aylıq “mollalığının” manatı daha da öldürməsi acı gerçəkdir . İcra hakimiyyətləri , nazirliklər , hüquq – mühafizə orqanları isə yeni – yeni reketlik üsulları icad etmədədirlər .

Artıq məhkəmələrə ehtiyac da qalmır .

Elə müstəntiqlər özləri hakimlərin adından iclassız , ən yaxşı halda təqsirləndirilən şəxslərsiz saxta , şablon məhkəmə qərarları qəbul edirlər . Yeri gəlmişkən , gözdən hərbi xidmət əlili Elyar İsmayılov vergi reketlyinin qurbanı kimi belə saxta qərarla hələ də həbsdədir . Müharibə əlillərinə bərabər tutulan bu gözdən əlilin hazırda sidiyi vergi müstəntiqlərinin “qanına” bələnib . Nardaran məhbuslarına da özlərinin iştirakı olmadan cəza istənilib . Qarabağ qazisi Asif Yusifli də yenə məhbəsdə qaldı .

Yenə də Qarabağ əlillərinin , şəhidlərin qan pulunu maliyyə naziri Samir Şərifovla Dövlət Sığorta Kommersiya Şirkətinin sədri ,”sığorta Mamed” ayamalı Məmməd Məmmədov yeməkdədir . Bu qurumlar hətta Konstitusiya Məhkəməsinin qərarlarını da saymır , icra şöbələrilə qanunsuz bağlantıya girib , məhkəmə yolu ilə qanpulu hüququ qazananların sığorta pulunu da ortaqlı yeyirlər . Eləcə də “Sovetski” sakinlərinin mülk pullarının verilməsi ildən – ilə ötürülür . Yəqin manatın “fatihəsinin” tam verilməsini ,” cənazə namazının qılınmasını” gözləyirlər . Onacan da ya manat ölər ya da ümidini kompensasiyaya tikənlər, qanpuluna dikənlər . Kompensasiya demişkən Qarabağ əlillərinə ayrılan zibil – kommünal , dərman, rabitə, nəqliyyat pulunu da maliyyə qurumları mənimsəməkdədirlər . 2016-cı ildə bu kompensasiyanın yiyəsi ola bilməyən savaş əlilləri 2017-ci ilə ümidlə baxırlar . Di gəl , 2015-də Avropa Oyunları kimi , indi də İslam Oyunları maliyyəni oyuna yönəldəcəyi görünür .

2016-cı ildə Azərbaycanımızın birinci özəl telekanalının – ANS –in bağlanması ilə daha çox yadda qaldı .”Rotasiya qaydasında” hər il ölkənin birinci şəxslərini “İlin adamı” edən '’ANS’’ həm bu hüquqdan , həm əqli və maddi mülkiyyət hüququndan bir anın içində məhrum edildi . MTRŞ - dan soruşmaq gərəkir , tutaq ki , ANS TV kimdənsə reportaj hazırladığından bağlanıb , bəs eyniadlı radionun bağlanması nə ilə bağlıdır ? O da “terrorçudan” müsahibə alıb ? Necə olur , Bakının mərkəzində terrorçu PKK – nın qəzetləri çap olunur , peyk vasitəsilıə radio, televiziyaları yayımlanır , amma adi bir anonsa görə ANS “persona non qrata” elan edilir ? Bir proqrama görə bütöv kanalı bağlamağı kimin vicdanına bağlayaq ?İllərlə ANS -i yaradanlar necə bir anın içində əqli , maddi mülkiyyət hüquqlarından məhrum edilə bilər ?

Geridə qoyduğumuz il tariflərin , qiymətlərin artması fonunda əmək haqlarının yerində sayması , büdcə xərclərinin 8 milyard ixtisar edilməsilə yadda qaldı . Fikir verin , gündəlik qida məhsulları 80-100 faiz civarında bahalaşıb , təsərrüfat malları bundan da çox bahalaşıb , amma əhalinin gəlirləri nəinki artıb , əksinə , devalvasiya nədəniilə daha da azalıb !

2016 – dan yadımızda qalanlar bunlar oldu . Nə Qarabağ yaddan çıxdı , nə də yadlar Qarabağdan . 2017 –ci ildə Qarabağdan yadları çıxara biləcəyikmi ?

MƏĞRUR BƏDƏLSOY , QARABAĞ ƏLİLİ
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər