Azərbaycan və Rusiya ombudsmanları arasında - saziş imzalandı

Azərbaycan və Rusiya ombudsmanları arasında - saziş imzalandı
Bakıda Azərbaycan müstəqilliyinin 25 illiyinə, Az­ərbaycanda "Multikulturalizm ilinə və "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununun qəbul olunması və ilk Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunan "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf" mövzusunda konfrans keçirilir.

ATV.az-ın məlumatına görə, tədbirdə baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləti və bir sıra dini icmaların rəhbərləri və s. iştirak ediblər.

Ombudsman Elmira Süleymanova 15 il ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib:

“Azərbaycanın multikulturalizm təcrübəsi, modeli dünyada öyrənilir. Multikulturalizm Azərbaycanda dövlət siyasətinə çevrilir. Hazırda Azərbaycanın 28 təhsil ocağında multikulturalizm fənn kimi tədris olunur”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də il ərzində ölkədə keçirilən tədbirlər, görülən işlər haqqında geniş məlumat verib. Nazirin sözlərinə görə, 2017-ci ildə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Forum keçiriləcək: “Bizim mədəniyyətimiz dünya ölkələrinin mədəniyyətləri ilə sıx əlaqədədir və biz mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə çalışmalıyıq. Artıq bütün beynəlxalq təşkilatlardan müraciətlər qəbul edirik”.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycanda multikulturalizm bir həyat tərzidir: “Bu bizə kənardan gəlməyib, bu, insanların daxili tələbatıdır, eyni zamanda dövlət siyasətidir”.

Qeyd edək ki, konfrans zamanı Azərbaycan və Rusiya ombudsmanları arasında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Sazişi hər iki ölkənin insan hüquqları üzrə müvəkkilləri Elmira Süleymanova və Tatyana Moskalkova imzalayıblar.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər