NEFT FAKTORU, "itirilən" Mosul və Kərkük

NEFT FAKTORU, "itirilən" Mosul və Kərkük



Bu gün bütün dünyanın diqqəti İraqın Mosul şəhərinə yönəlib. 2014-cü ilin yayından İŞİD qruplaşmasının nəzarətində olan şəhər hazırda İraq ordusu, kürd peşmərgələri və beynəlxalq koalisiya qüvvələrinin aviasiya dəstəyi ilə azad olunmağa başlanıb.

"Millətinsəsi.az" saytı xəbər verir ki, bu fonda İraq baş naziri Heydər Əl-Abadi və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasındakı söz dueli diqqətləri üzərinə çəkib. Belə ki, Türkiyə Mosul və Kərkükü İraq ərazisi kimi tanısa da, həmin torpaqlara ərazi iddiaları olub.Prezident Ərdoğanın çıxışlarının birində “Mosul da, Kərkük də bizim olub” deyə baş verənlərə reaksiyası onu göstərir ki, 1922-ci ildə ingilislərin təkidi ilə İraqın tərkibinə daxil edilən bu torpaq Türkiyə üçün yad ərazilər deyil.

İndiki durumda Türkiyə rəhbərliyinin Mosulun, Kərkükün və Hələbin taleyinə bilavasitə məsuliyyət daşımasıyla bağlı eyforik davranışları müəyyən mənada Qərbin də maraqlarına xidmət edir: Türkiyənin "Suriya" adlı cəhənnəmə soxub böyük paralar hesabına başa gələn hərbi əməliyyatlar gerçəkləşdirməklə qardaş Türkiyənin hərbi-s\naye kompleksini və iqtisadiyyatını diz çökdürmək!

Artıq Mosulun 12 kilometrliyində yerləşən Başika qəsəbəsində 5 minlik türk ordusu yerləşdirilib. Bu qoşun həm regionda Türkiyənin nüfuzunu saxlamağa, həm də İŞİD-ə qarşı mübarizə aparan kürd peşmərgələri, müxalif ərəblər və türkmənlərə təlim keçmək məqsədi daşıyır.
Amma Bağdaddakı şiə hökuməti bunu suverenliyin pozulması kimi qəbul edir və Məsud Bərzaninin Kürdüstan muxtariyyətinin Ankara ilə yaxınlaşmasını qısqanclıqla qarşılayır.

Uzun illər ərəb xilafətinin təsir dairəsində olan Kərkük və Mosulu ilk dəfə XI əsrdə səlcuqlar Abbasilər xilafətinin əlindən almışdılar. Sonralar şəhər Hülakülərin, Cəlalilərin və Əmir Teymurun qoşunları tərəfindən qısa müddətdə işğal olunmuşdu. Ardınca, Ağqoyunlu, 1508-ci ildən isə Səfəvilər dövləti Ninerviya vilayətinin bu qədim şəhərini nəzarətə götürmüşdü. Lakin bu proseslər çox davam etmədi.
Get-gedə güclənən, Afrika, Asiya və Avropada geniş ərazilər tutan Osmanlı İmperiyası şəhərin növbəti sahibi oldu.
1535-ci ildə Sultan Süleyman Qanuninin başçılıq etdiyi qoşunlar Mosula daxil oldular. Növbəti 4 əsr Mosul Türkiyə paşalarının idarə etdiyi zəngin vilayətə çevrildi. Lakin regionda sakitlik, harmoniya 1918-ci ildə pozuldu. Birinci Dünya Müharibəsinə qatılmaqla böyük səhvə yol verən Osmanlı qoşunları yunan, ingilis və fransız qoşunlarının hücumları altında kapitulasiya etməli oldu. 1918-ci ilin oktyabrında imzalanan Mudros müqaviləsi Osmanlı İmperiyasının varlığına son qoydu, Antanta ölkələri onun ərazisini öz aralarında bölüşdürdülər.


Mosul 1918-ci ilin noyabrında, yəni Mudros müqaviləsindən sonra ingilislərin əlinə keçdi. Bu fakt Osmanlı İmperiyasının qalıqları üzərində yaradılan Türkiyə Cumhuriyyətinin Mosula iddia etməsi üçün əsas amillərdən biridir. Lakin elə həmən ərəfədə Mosul yaxınlığında neft aşkarlandı. İngilislər Fransaya verməyi planlaşdırdıqları regiona iddialı oldular və diplomatik manevrlərlə Mosulu müstəmləkəyə çevirdikləri İraqın tərkib hissəsi elan etdilər. Lakin Atatürk hökuməti Mosulun ilhaqını tanımaqdan imtina etdi.

1923-cü ildə müasir Türkiyənin Avropa sərhədlərini müəyyənləşdirən Lozanna sülh konfransı belə, bu məsələyə aydınlıq gətirə bilmədi. Mübahisəli ərazi məsələsi o vaxtlar yeni yaranmış və müasir BMT-nin ilkin strukturunu xatırladan Millətlər Liqasının müzakirəsinə verildi.

Millətlər Liqası isə mübahisəli qərar qəbul edərək, 4 əsrə yaxın Osmanlı İmperiyasının tərkibində olan və heç bir etnik millətin çoxluq təşkil edə bilmədiyi Mosul vilayətini Böyük Britaniyanın Mesopatamiyadakı (İraqdakı) mandatına əlavə etdi. Bu barədə razılaşma 1926-cı ildə imzalandı.

Bəzi tarixçilər iddia edirlər ki, Atatürk Mosul və Kərkükdəki neft faktorunun ölkənin gələcəyi üçün təhlükə ola biləcəyini dilə gətirərək indiki Türkiyə ərazisindən düşmənləri süpürüb atan türk əsgərinə məhz ora çatanda "dur" deyib...
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər