Ədliyyə Nazirliyi partiyalara nə cavab verib?

 

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, KXCP və Ağ partiya da var.

Milletinsesi.az partiyaların təkrar qeydiyyat üçün müraciətinə necə cavab verildiyini araşdırıb.

Məsələ ilə bağlı saytımıza danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, partiyasının təkrar qeydiyyatla bağlı müraciətinə imtina cavabı gəlib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi ADP-nin təqdim etdiyi məlumatlarda nöqsanlar aşkar edildiyini bəyan edib:

“Bizə bir ay vaxt verdilər. Bir ay ərzində çalışacağıq ki, o səhvləri aradan qaldıraq. Ümumiyyətlə, qanun qəbul ediləndə biz dedik ki, bu məsələ problemli olacaq. Çünki bir çox adam ölkədəki ictimai-siyasi vəziyyətə görə özünün məxfi məlumatlarının verilməsinə tərəddüd edir. Bizim bəzi üzvlərimiz də şəxsi məlumatların olduğu kimi verilməsindən imtina edib. Görək, əlavə üzvlərimizdən kimlər razı olacaqsa, reyestrə salacağıq”.

Sərdar Cəlaloğlu ADP-nin bir çox üzvünün partiyadan imtina etdiyini, bəzilərinin isə gizli şəkildə başqa partiyaya keçdiyini söyləyib.

“Təqdim etdiyimiz siyahıda bəzi adlar təkrar olunub. Hərf səhvləri var. Bir neçə şəxslərlə bağlı məlumatlar dəqiq deyil. 20 nəfər partiyadan imtina edib. Təxminən 25 nəfər də başqa partiyanın üzvü olduğunu deyib. Bizim partiyadan çıxmadan gedib başqa partiyanın üzvü olublar. Bizim məlumatımız olmayıb. Bunun günahı bizdə deyil. Nizamnamədə elədir ki, şəxs ərizə verib üzvlükdən çıxmırsa, bizim partiyanın üzvü sayılır. Digər partiya onları qeyri-qanuni qeydiyyata alıb”, – deyə partiya sədri vurğulayıb.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirib ki, partiyası təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyib.

“Biz partiya olaraq təkrar qeydiyyat üçün müraciət etmədik. Çünki partiyamızın qeydiyyata düşmək üçün tələb olunan qədər üzvü yoxdur”,- siyasətçi deyib.

Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə vurğulayıb ki, Ədliyyə Nazirliyi partiyasının reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb.

O qeyd edib ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı vəfat etmiş, texniki səbəblərlə adı təkrar olunan, AMİP üzvü olmadığını bildirən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olub, 3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin aparılması zəruri hesab edilib.

“Ancaq bu heç də yalnız yerdə qalan 3200-ə yaxın üzvün AMİP üzvlüyünü təsdiqlədiyi anlamına gəlməməlidir. Belə ki, reyestr məlumatların dəqiqləşdirilməsi tələb olunan şəxslərin də əksəriyyəti partiya üzvü olduğunu təsdiqləyib.

Reyestr məlumatlarında dəqiqləşmələr aprılacaq partiya üzvlərinin sayının AMİP-in reyestr məlumatlarının təsdiqi üçün yetərli olacağını nəzərə alaraq partiya rəhbərliyi tərəfindən partiya üzvlüyünü təsdiqləməyən şəxslərlə bağlı araşdırmanın sonraya saxlanılması məqbul hesab edilib. Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq”, – partiya sədri bildirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hələ heç bir məlumat almadıqlarını, lakin ədalətli cavab veriləcəyini düşündüyünü söyləyib:

“Qanunda tələb olunan saydan da çox imza təqdim etmişik. Hələ ki, cavab verilməyib. Gözləyirik. Qanunda nə tələb olunursa, o da olacaq. Yox cavabı gəlməsi üçün heç bir səbəb görmürəm. 4 dəfə prezidentliyə namizəd olmuşam. hər dəfə 60-80 min imza toplanıb verilib. 22-23 ilin partiyasıdır. Hər halda mən düşünürəm ki, mənfi cavab gəlsin. Normal qaydada sənədlər təqdim olunub və ədalətli qərarlar veriləcək”.

Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev 10 mindən çox imza təqdim ediklərini bildirib:

“Təqdimatı etmişik. Yerlərdən məlumat verirlər ki, yoxlama prosesi gedir. İndi biz bir cavab gəlməsini gözləyirik. Siyahıda 10 202 nəfərin imzasını vermişik. Yoxlama qaydaları belədir ki, siyahıda adı səhv yazılan, rəhmətə gedən olanda siyahını bütövlükdə geri qaytarırlar. Bu da bizə sürpriz olmaz. Yenidən siyahı təqdim edərik. Hələ ki, bu istiqamətdə heç nə yoxdur”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı qeyd edib ki, partiya olaraq 5000 mindən artıq imzanı Ədliyyə Nazirliyinə təqdim ediblər:

“Bu ayın 4-də qanunvericiliyin tələbinə uyğun olaraq 5000 mindən artıq imzanı təqdim etmişik. Hazırda bizə Ədliyyə Nazirliyindən cavab gəlməyib. Bizim yerli şöbələrdən onlara zəng edilməsi ilə bağlı məlumatlar verilir. Hələki rəsmi məktub göndərilməyib”

Mənbə

Share: