Alimlər Əkizlər bürcündə Günəşdən 69 dəfə ağır olan qeyri-adi qara dəlik aşkar ediblər Bu yaxınlarda qravitasiya teleskopları vasitəsilə üzə çıxarılmış uzaq qalaktikalardakı ağır çəkili qara dəliklərdən fərqli olaraq, onun Süd Yolu qalaktikasında mövcudluğunu izah etmək astronomlar üçün çox çətindir.
AZƏRTAC tədqiqatın nəticələrini dərc etmiş “Nature” jurnalına istinadla xəbər verir ki, alimlərdən ibarət qrupun üzvü, Çin Elmlər Akademiyasının nəzdində Milli Astronomiya Rəsədxanasının professoru Tszifen Lyu deyib: “Biz düşünürdük ki, qalaktikamızın ən böyük ulduzları öz mövcudluğunun son mərhələsində çəkilərini itirir və bu səbəbdən bu cür qara dəliklər yarada bilməzlər. Onun çəkisi bizim güman etdiyimizdən iki dəfə ağırdır. İndi nəzəriyyəçilər belə obyektlərin necə meydana gəlməsini izah etmək üçün tədqiqat aparmalıdırlar”.
İndi alimlər çəkisinə görə kəskin fərqlənən qara dəliklərin iki kateqoriyasını müəyyən ediblər. Onların ən ağırları qalaktikaların mərkəzində yerləşir və Günəşdən milyon, hətta milyard dəfələrlə ağırdırlar. Ulduz kütləsinin qara dəlikləri adlanan daha kiçik obyektlər isə nəhəng ulduzların məhv olması nəticəsində çox sürətlə meydana gəlirlər. Astronomlar uzun illər hesab ediblər ki, bu cür obyektlər çox dar diapazona və Günəşdən 10-50 dəfə artıq çəkiyə malikdirlər. Onlar çox həddindən artıq böyük və çox kiçik ola bilməzlər, çünki belə olan halda ulduzun nüvəsi qara dəliyə çevrilməzdən əvvəl partlaya və kosmik fəzaya yayıla bilər. 2017-ci ildə LIGO qravitasiya teleskopu Günəşdən 51 dəfə böyük olan qara dəlik aşkar edib. Sonrakı tədqiqatlar göstərdi ki, Kainat bu cür obyektlərlə doludur.
Ən son tapılan qara dəlik isə ABŞ astronomlarının “2MASS J0521” obyektini aşkar etdikləri metodla üzə çıxarılıb. Həmin metoda görə qara dəlik kosmosda yalnız deyil, çoxlu sayda ulduzun əhatəsində olduqda onun cazibə qüvvəsi məxsus olduğu ulduzu silkələyir. Belə olan halda parlaq ulduz gah Yerə yaxınlaşır, gah da ondan uzaqlaşır. Beləliklə, ulduzun məhvi və qara dəliyini yaranmasını uzunmüddətli müşahidə yolu ilə müəyyən etmək mümkün olur. Tədqiqatçılar Əkizlər bürcündə LAMOST teleskopunun vasitəsi ilə təqribən üç min ulduzun spektrinin dəyişməsini müşahidə ediblər. Onların diqqətini cəlb edən və Yer kürəsindən 15 min işıq ili uzaqda yerləşən LB-1 adlı ulduzun spektrindəki silkələnmələr zamanı bu obyektin 80 gündə bir dövrə vurmaqla naməlum peykin ətrafında fırlandığı müşahidə olunub. Günəşdən 69 dəfə ağır olan qara dəlik məhz belə aşkar edilib.