
Bir müddət əvvəl terror hücumuna məruz qalmış deputat Fazil Musatafa rəhbərlik etdiyi Böyük Quruluş Partiyasının (BQP) fəaliyyətini evdən idarə edir.
Bu barədə Modern.az-a deputatın özü məlumat verib.
Fazil Mustafa bildirib ki, bir çox məsələləri telefon vasitəsilə həll edir: “Seçicilərlə görüşü onlayn formatda təşkil etməyə hazırlaşıram. Önümüzdəki həftədən bu formatda görüşlərə başlayacağıq”.
Məlum olduğu kimi, yeni siyasi partiyalar haqqında qanuna əsasən, 5000-dən az üzvü olan partiyaların fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən dayandırılacaq. Bəs, Böyük Quruluş Partiyası bu tələbi yerinə yetiribmi?
Deputat deyir ki, rəhbərlik etdiyi BQP artıq 5000 üzvün siyahısını hazırlayıb: “Bizim partiyanın, əlbəttə, 5000 üzvü var. Bizdə siyahı yekunlaşıb. Hazırda son yoxlamalar aparılır. Üzvlərin məlumatlarını düzəldirik ki, sonra səhvlik olmasın. Yaxın zamanlarda siyahı təqdim olunacaq”.
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.


