“Əliağa Ağayev rejissora demişdi ki, Çingiz Əhmədov gəlməsə, çəkilən deyiləm…”

“Teatrın maskası kimiyik, biz üzümüz gülüş, biz üzümüz kədərli”

 

“Bəzən deyirlər ki, teatr aktyoru teatrda olmalıdır. O məclislərdə aparıcılıq etməməlidir. O vaxt Lütfü Məmmədbəyov, Möhsün Sənani ilk dəfə qohum-əqraba toylarında tamadalıq ediblər. O cür böyük sənətkarlar bunu ediblərsə, biz niyə etməyək?! Onlar peşəkarlar, teatrın sütunları olub. 30 ilə yaxındır ki, aparıcılıq fəaliyyətim var. Akademik Musiqili Teatrın aparıcı aktyorlarındanam. İnsan orkestr olmalıdır. Hər şeyi bilməlidir. Teatrda özüməməxsus rollarım var, amma televiziyada elə rollar olub ki, onları qəbul etməmişəm. Deyiblər ki, bu rolu oyna. Mən oynamamışam, sonra görmüşəm ki, başqa aktyor oynayıb, çox şit çıxıb”.

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aparıcı aktyoru Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.

“Hamı kimi biz aktyorlar da əsəbləşirik, hirsli vaxtlarımız çox olur. Biz aktyorların içi özümüzü, çölü özgəsini yandırır. Teatrın maskası kimiyik, biz üzümüz kədər, bir üzümüz gülüş. Mən heç vaxt kədərli üzümü insanlara bildirmək istəməmişəm” deyə sənətkar bildirib.

 

Çingiz Əhmədov böyük sənətkar Əliağa Ağayevlə xatirələrini də bölüşüb.

“O vaxt Əliağa Ağayevlə çox yaxın olmuşam.  Mən ondan ləzzət alırdım. İndi çox təəssüflənirəm ki, onunla çox az zaman keçirmişəm. Onunla bağlı bir xatirəni sizinlə bölüşmək istəyirəm. O vaxt hər evdə telefon yox idi. Qonşumuzda telefon var idi. Gördüm ki, rejissor Kərim Kərimov zəng vurub. Mənə dedi ki, hardasan?! Dedim ki, evdə! Dedi ki, Əliağa Ağayev deyir ki, o gəlməsə mən çəkilməyəcəm. Bir taksiyə oturub studiyaya getdim. İçəri girən kimi Əliağa Ağayevin rəngi-ruhu özünə gəldi. Dedi ki, “gəl də, mən səni gözləyirəm axı, hardasan bayaqdan?”. Ssenarini mənə verib dedi ki, get bunları əzbərlə, hazır olanda mənə deyərsən. Bir saatın içində 3 vərəq ssenarini öyrənib, Əliağa Ağayevlə çəkilmişəm” deyə sənətkar bildirib.

 

Çingiz Əhmədov bildirib ki, rejissorlar onu komik obrazlarda görürlər.

 

“Rejissorlar hər zaman mənə komik obrazlar verir. Mən faciə janrında olan obrazı elə oynayaram ki, oturub ağlayarsınız. Beynimdə hətta Kral Lir obrazını oynamaq var, onun həvəsindəyəm. Yaxşı rejissor 20 aktyora dəyər. Yaxşı rejissorlar da elə bil azalıb. O vaxt ssenari yazan ssenaristlər, dramaturqlar, yazıçılar var idi. İndi onlar da yox dərəcəsindədir, tək-tük yazar qalıb” deyə o bildirib.

Mənbə

Share: