“Əlimizdə Arayikin, Vardanyanın həbsi üçün əsaslar var- amma eyni zamanda yoxdur…”

“Əlimizdə Arayikin, Vardanyanın həbsi üçün əsaslar var- amma eyni zamanda yoxdur…”

“Çox sadə bir səbəbdən…”

 

Bir neçə həftədir ki, Qarabağın Azərbaycan dövlətinin yurisdiksiyasından, birbaşa nəzarətindən kənar qalan hissəsində gərginlik yaşanmaqda davam edir. Həmin gərginliyin bir əsas səbəbkarı müvəqqəti(!) olaraq hüquqi-tarixi ərazilərimizdə yerləşən Rusiya “sülhməramlı” kontingentidirsə, digər əsas səbəbkarı da faktiki Kremlin, Putin rejiminin tabeliyində olan və məhz Moskvanın himayəsi altında artıq 32-ci ildir ki, torpaqlarında fəlaiyyət göstərən separatçı-terrorçu rejimdir. Əgər  2020-ci ildəki ikinci uğurlu Qarabağ savaşımızda Azərbaycan dövlətinə, ordusuna Xankəndindəki bu şər yuvasını dağıtmaq imkanı verilsəydi, Qarabağ məsələsi əsl mənada çoxdan həllini tapmışdı… 

 

Bəs görəsən, mövcud reallıqda Azərbaycan dövlətinin əlində Qarabağdakı baş separatçı Araik Arutyunyan, V. Balasanyan, B.Saakyan, A.Qukasyan, D.Babayan  və s. ilə yanaşı, Putinin milyarder “desantı” sayılan Ruben Vardanyanın da həbsi və Azərbaycana on illərdir ki, kəskin ağrılar yaşadan Xankəndindəki iyrənc separatçı-terrorçu “mədə yarası”nın kəsilib atılması üçün yetərli əsaslar və hüquqi mexanizmlər varmı?..

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bu sualı belə cavablandırıb:

 

“Bu gün Azərbaycan hakimiyyətinin, dövlətinin əlində, əlbəttə,  həmin  Arayik Arutyunyanı, V. Balasanyanı, B.Saakyanı və bunlarla yanaşı, Putinin “desantı” sayılan həmin Ruben Vardanyanı da mühakimə etmək  üçün əsaslar  var, amma eyni zamanda da yoxdur. Nə qədər paradoksal görünsə də…” 

 

Ardınca ekspert Azərbaycan dövlətini separatçı liderləri qanuni formada həbs və mühakimə edərək zərərsizləşdirmək imkanından hələlik məhrum edən səbəbləri izah edib.

“Əvvəla, düzdü, hüquqi baxımdan, bəli, onlar Azərbaycanın ərazi bütövlüyünü pozmuş, ərazimizdə qanunsuz silahlı birləşmələr formalaşdırmış, Azərbaycan dövlətinin ərazi bütövlüyünə təhdid yaratmış şəxslər kimi ölkə qanunvericiliyınə görə cinayət məsuliyyəti daşıyırlar. Lakin bu separatçı liderlərin məsuliyyətə cəlb olunması üçün hüquqi mexanizmlərin özü belə, yoxdur. Çox sadə bir səbəbdən… Həmin şəxslər hal-hazırda Azərbaycan ərazisində, onun Qarabağ bölgəsinin dağlıq hissəsində qanunsuz yerləşmiş dırnaqarası Rusiya “sülhməramlı”larının nəzarəti və himayəsi altındadırlar. Azərbaycan dövlətinin isə hələlik bəhs edilən ərazilərə təsir imkanları yoxdur. Odur ki, sözügedən erməni separatçıları və digərlərinin hər hansı bir şəkildə məsuliyyətə cəlb olunması hələlik, belə deyək, arzuolunan bir haldır”- deyə siyasi analitik vurğulayıb.

 

Sultan Laçın

 

 

Mənbə

Share: