Əlisa Nicata elə yardımlar təklif olundu ki… – “80+ klubu” yaradılır

“Əlisa Nicata yardım təşəbbüsləri davam edir”.

Modern.az xəbər verir ki, bunu 87 yaşlı yazıçıya yardım kampaniyası başladan “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib.
 

Ş.Xuduoğlunun sözlərinə görə, “ArmoStore” mağazalar şəbəkəsinin direktoru Vüqar Seyidəhmədov deyib ki, Əlisa Nicatın aylıq bazarlıq xərclərini şirkət olaraq öz üzərimizə götürür.
 

“Bir neçə həkim (stomatoloq, terapevt) təmənnasız müayinə və müalicə xidməti də təklif edib.

Ev şəraitinin yaxşılaşdırılması ilə bağlı hələ də yeni təkliflər gəlir.

Aylıq əmək haqqı, ayrıca qaz pulu, işıq pulu ödəməyi öz üzərinə götürürlər.

Ona sevinirəm ki, xırda-xırda yardım təklifi edənlər daha çoxdur. Yəni, bir oliqarx ortaya çıxıb mən onun bütün şəaritini düzəldərəm, gəlsin ona ev verək deyib sonra da aradan çıxmadı. Yadınızdadırsa, Sevil Gültən məsələsində belə olmuşdu. Onun həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı çoxlu müraciətlər oldu. O zaman böyük bir tikinti şirkətinin sahibi dəvət etdi ki, gəl ev verim, sonra sözündən qaçdı.
Sadə camaat daha etibarlıdır. Daha güvənlidir. Daha sıxavətidir. Sadə insanların verdikləri xırda məbləğlər daha bərəkətlidir.

Toplum olaraq bu sınaqdan üzüağ çıxdıq.

Çox bəyəndiyim bir cəhət isə edilən xeyirxahalığı gözə soxmamaqdır. Yardımı təmənnasız etmək lazımdır. Bu cəhət adətən oturuşmuş cəmiyyətə xasdır. Şükür ki, bizdə də bu varmış. “Gəl qol çək, 50 manat verək, o öldürür adamı. Nə yaxşı ki mən bu günləri gördüm”. Bunlar Əlisa Nicata aid fikirlərdir”.

Ş.Xuduoğlunun sözlərinə görə, təşəbbüsə mənəvi dəstək verən çoxlu zənglər olub.

“Bu hadisə insanlarımızın paklığını göstərdi. Onlarda mərhəmət, qayğı hissini oyatdı. Yalnız bu deyil, digər məsələlərdə də yardımlaşma hissini vacibliyini ortaya çıxardı”.

Ş.Xuduoğlu deyir ki, Azərbaycanda Əlisa Nicatın vəziyyətində olan ahıl ziyalılar az deyil. Onların arasında elələri var ki, maddi olmasa da, mənəvi dəstəyə, ünsiyyətə böyük ehtiyac duyurlar:

“Ehtiyac içində abırlarına sığınıb yaşayanlar az deyil. Onları üzə çıxartmaq, qayğı və istəklərini bilmək, həm də sosiallaşdırmaq məqsədi ilə qərara gəldim ki, ’80+ klubu” təsis edək.

Onlar bizim mənəvi xəzinəmizdir. Gəlin layiqincə qoruyaq.

“80+ klubu”nun işini daha yaxşı təşkil etmək üçün təklif və ideyalarınızı gözləyirəm”.
 

Ş.Xuduoğlu sosial şəbəkə istifadəçilərindən tanıdıqları ahıl ziyalıların əlaqələrini təqdim etməyə çağırıb.

Mənbə

Share: