Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.
Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Belə ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad-soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın, həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.
***
13:22
Şəmkirdə 14 yaşlı qızın nişanlanması barədə məlumatlar yayılıb.
Modern.az xəbər verir ki, məktəbli qızın ailəsinin razılığı ilə 26 yaşlı əmisi oğlu ilə nişanlandığı deyilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.
“Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonda nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar. Qızın ailəsi hələlik elçilik mərasimi keçirildiyini, yaxında isə nişan olacağını deyib. Yeniyetmənin valideynləri isə toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildiriblər. Qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılacaq”, – deyə məlumatda qeyd olunub.