Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbirlər iyunun 20-də paytaxtın Xəzər rayonu ərazisində keçirilib. Reydlər zamanı “Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzlərinin ərazilərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.
Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.