Ərdoğan işbirliyinə hazır olduğunu BƏYAN ETDİ

“Xəzər dənizindəki “Dostluq” yatağı üzrə türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.

 

Ərdoğan Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə də toxunub:

 

“Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin önəmi yenidən anlaşıldı. Əsasən Türkiyə olaraq biz bu istiqamətdəki addımları uzun müddət idi ki, atmaqda idik. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Cənub Qaz Dəhlizi bu baxımdan önə çıxmaqdadır. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) onurğa sütununu təşkil etdiyi bu dəhlizlə Xəzər qazını Avropaya daşıyırıq”.

 

Türkiyə Prezidenti vurğulayıb ki, Türkmənistanın təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqlinə yönəlmiş işlərə də başlamamız lazımdır.

 

Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

 

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, “Dostluq” yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupu fəaliyyət göstərir.

Mənbə

Share: