Ərdoğan Putinlə nəyi müzakirə edəcək?

Ankara və Moskva indiki qeyri-sabit vəziyyətdə bir-birlərinə mümkün qədər yardımçı olmaqda maraqlıdırlar, çünki hər iki ölkə ciddi geosiyasi dəyişikliklər fonunda eyni qayıqda yer alıb.

Bunu Axar.az-a müsahibəsində Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Türkiyə obyektiv olaraq Qərbin tətbiq etdiyi antirusiya sanksiyalardan faydalanan əsas ölkələrdən biridir. Çünki bir tərəfdən rusiyalı turist axını, bir tərəfdən də Qərb brendləri əvəzinə Türkiyə firmalarının Rusiya bazarlarına daxil olması Türkiyənin iqtisadi vəziyyətini yaxşılaşdırır. Bir ildən sonra prezident seçkiləri gözləyən Ərdoğan üçün bu, mühüm əhəmiyyət kəsb edir. Amma onu da qeyd etmək lazımdır ki, Türkiyə NATO ölkəsi ola-ola Rusiyaya qarşı gerçəkləşən heç bir sanksiyaya qoşulmayıb. Beləliklə, iqtisadi nöqteyi-nəzərdən Putin və Ərdoğan iki ölkənin maliyyə və iqtisadi spektrində öz fəaliyyətlərini uğurla əlaqələndirməyə imkan verəcək bir sıra məqamları müzakirə edə bilərlər”, – deyə Korotçenko bildirib.

Müsahibin sözlərinə görə, tərəflər geosiyasi vəziyyətin dəyişməsini də müzakirə edəcəklər:

“Putin və Ərdoğan geosiyasi vəziyyətdəki dəyişiklikləri də müzakirə edəcək. Kobud desək, özümüzü Türkiyə ilə eyni qayıqda hiss edirik. Açığı, Moskva ilə Ankaranın müəyyən geosiyasi addımlarını əlaqələndirməsi kifayət qədər təbii və məntiqli görünür. Ümumiyyətlə, Ankara-Moskva-Tehran oxunun formalaşdırılması məsələsinin gələcəkdə yeni ittifaqlar qurmaq və yeni məqsədlərə nail olmaq faydalı olardı”.

Korotçenko əlavə edib ki, Türkiyə NATO-nun üzvü olsa da, bu ölkə digər alyanslarda və təşkilatlarda olmaqda maraqlıdır:

“Və burada Rusiya, İran və Türkiyə maraqların qorunmasına yönəlmiş və bir sıra sahələrdə siyasi uğurun təmin edilməsi üçün kifayət qədər effektiv kommunikasiya sistemi qura bilərlər”.

Qeyd edək ki, iyulun 18-19-da İranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Share: