“Prezident seçkilərinin birinci turunda gözlədikləri nəticəni əldə etmədilər deyə bəzi dairələrin ürəyi yaralı insanlarımıza qarşı nifrət dolu münasibətlərini rədd edirik”.
Bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
O, səsvermədə iştirak edən hər kəsə minnətdarlığını bildirib: “Siyasi mövqeyindən asılı olmayaraq fevralın 6-da baş verən zəlzələdən sonra seçki məntəqələrinə gedərək, seçimini demokratik yollarla edən, mövqeyini ortaya qoyan bütün qardaşlarıma səmimi qəlbdən təşəkkür edirəm. Seçki qutularında özünü göstərən iradənizin başımızın üstündə yeri var. Bizim vəzifəmiz heç bir ayrı-seçkilik etmədən sizə xidmət göstərməkdir. 21 ildir bunu edirik”.
R.T.Ərdoğan vurğulayıb ki, dövlət və xalq həmrəyliyi nəticəsində zəlzələnin vurduğu yaralar sürətlə sağalır: “Zəlzələ baş vermiş ərazilərdə 910 mindən çox çadır, 117 min konteyner qurmuşuq. Həmçinin 13 min iş yeri açılıb. Hataydakı dövlət xəstəxanası 57 gün ərzində istifadəyə verildi. Oktyabr-noyabr aylarında da, inşallah, sizi yeni evlərinizə qovuşduracağıq. Ümumilikdə 650 min mənzil inşa edəcəyik. Onların 319 mini ilk bir ildə hazır olacaq. Ürəyiniz rahat olsun, pessimistliyə qapılmayın. Şəhərlərinizə sahib çıxmağa, həyatdan 4 əllə yapışmağa davam edin. Biz yanınızdayıq”.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcək.