Türkiyədə 14 mayda baş tutacaq prezident seçkiləri yaxınlaşmaqdadır. Prezidetliyə namizədlərin seçki kampaniyası və təbliğat-təşviqat dövrü rəsmi olaraq başlasa da, hələlik prosesin sönük keçməsi ilə bağlı rəylər mövcuddur. Ayrı-ayrı tədbirlərdə, televiziya proqramlarında və sosial media platformalarında rəqabət və qarşılıqlı atışmalar müşahidə olunsa da, ənənəvi səs-küylü kampaniyalar ortalıqda yoxdur.
Şübhəsiz ki, bunda baş vermiş zəlzələnin, 50 mindən çox insanın həyatını itirməsinin təsiri var. Digər tərəfdən, Ramazan ayı olduğu üçün iftara qədər insanların enerjisiz olduğu üçün kampaniyanın zəif olduğu deyilir. Məlumatlara görə, bayramdan sonra təbliğat-təşviqat prosesi daha aktiv fazasına keçid edəcək, izdihamlı mitinqlər, seçicilərlə görüşlər bir-birini əvəzləyəcək.
Modern.az bu dəfə hazırkı prezident, Türkiyə tarixində bu vaxta qədər keçirilmiş hər iki prezident seçkilərindən qalib ayrılmış Rəcəb Tayyib Ərdoğanın 2014 və 2018-ci illərdə keçirilmiş prezident seçkilərindəki performansı barədə kiçik araşdırma edib.
2014-cü ildəki prezident seçkiləri

Bu seçkilər Türkiyədə dövlət başçısının birbaşa xalq tərəfindən seçildiyi ilk seçkilərdir. Belə ki, 2007-ci ildəki referenduma qədər Türkiyə konstitusiyası prezidentin parlament tərəfindən keçirilməsi ilə bağlı müddəanı özündə ehtiva edirdi. Həmin referendumda edilmiş dəyişikliklə prezidentin seçkilərlə seçilməsi üsulu təsbit edildi. Türkiyənin 11-ci prezidenti Abdullah Gülün səlahiyyət müddətinin başa çatdığı 2014-cü ildə prezident seçkiləri keçirildi.
AKP 1 iyul 2014-cü ildə prezidentliyə namizədinin ovaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan olduğunu açıqlayıb. Bu açıqlamadan sonra Türkiyənin əsas şəhərlərində mitinqlərə start verilib. 10 avqustda Ərdoğan 51.8 faiz səslə ölkənin 12-ci – xalq tərəfindən seçilmiş 1-ci prezidenti olub. Seçkilərdə CHP, MHP və 14 digər siyasi partiyanın dəstəklədiyi Ekmeleddin İhsanoğlu və HDP-nin də daxil olduğu 5 partiyanın dəstəklədiyi Selahattin Demirtaş Ərdoğanın rəqibləri olub. AKP-nin namizədini isə sabiq prezident Turqut Özalın qurduğu ANAP dəstəkləyib. Ərdoğanın namizədliyi ATO Konqres Mərkəzində təxminən 4 min nəfərin qatıldığı tədbirdə Mehmet Ali Şahin tərəfindən elan olunub. Ərdoğan seçkilərdə “Milli iradə, milli güc!”, “Millətin adamı Rəcəb Tayyib Ərdoğan!”, “Türkiyənin gücünə güc qat!” və digər şüarlarla kampaniya aparıb. 9 avqusta qədər Ərdoğanın kampaniyası üçün tərəfdarlarının 55 260 778 lirə ianə verdiyi açıqlanıb.

Onun seçkilər dövründə istifadə etdiyi tanıtım loqosunun ABŞ-ın eks-prezidenti Barak Obamanın 2008-ci ildəki seçkilərdə istifadə etdiyi loqotipə bənzədiyi, hətta onun əsasında hazırlandığı iddia olunurdu. Ərdoğanın seçki texnoloqları loqonun mənasının “tunelin ucundakı işıq” olduğunu ifadə etmişdilər. Belə ki, loqodakı qırmızı rəng Günəşin doğuşunu, yüksəlişini istiliyini və səmimiliyini, gücü və qərarlılığı, Türkiyə bayrağının qırmızısını, ağ rəng sülhü, qardaşlığı, həmrəyliyi, sadəliyi və şəffaflığı, sabitliyi və davamlılığı və Türkiyə bayrağındakı ağı, tünd mavi rəng səmanı, hədəflərin böyüklüyünü, etibarlılığı, nüfuz və xarizmanı təmsil edirdi. Seçki günü Ekmeleddin İhsanoğlu 38.44 faiz, Selahattin Demirtaş isə 9.76 faiz səs yığmış, Ərdoğan prezident seçilmişdir. Seçkidən sonra məşhur “balkon konuşması” ilə xalq təşəkkür etmişdir.

2018-ci ildəki prezident seçkiləri

2017-ci ildəki referendumdan sonra Türkiyədə parlamen respublikası üsul-idarəsindən prezidentli respublikaya keçid edilmişdir. 2018-ci il seçkiləri prezidentin ölkənin birinci adamı olaraq seçiləcəyi ilk seçkilər kimi tarixə düşüb. 3 mayda Ərdoğanın namizəd olacağı dəqiqləşdirilib. Onun namizədliyini MHP, BBP və HÜDAPAR dəstəkləmək qərarı verib.
Ərdoğan bu seçkilərdə ölkə daxilində keçirdiyi genişmiqyaslı mitinqlərlə yanaşı, xaricdə də mitinq keçirmişdir. O, 20 mayda Bosniya və Herseqovinaya səfər edərək burada Türkiyə vətəndaşlarının qatıldığı izdihamlı mitinqdə iştirak etmişdi. Ərdoğan ilk mitinqini 28 apreldə İzmirdə keçirib. 6 mayda isə İstanbulda seçki platformasını elan edib. Ərdoğan seçki kampaniyası dövründə 55 mitinq keçirəcəyini açıqlamışdı. Onun əsas şüarları “Vaxt Türkiyənin vaxtıdır!” və “Güclü Türkiyə üçün güclü iqtisadiyyat!” və digər şüarlar olmuşdu.

Bu seçkilərdən də qalib çıxan Ərdoğan səslərin 52.59 faizini alaraq prezident kürsüsünü qorumuşdur. Müxalifətdəki “Millət İttifaqı” isə seçkilərə bir neçə namizədlə qatılmaq və ikinci turda ən çox səs yığan namizədi dəstəkləmək strategiyasını tətbiq edərək CHP-dən Muharrem İncenin (30.64 faiz), İYİ Partiyadan Meral Akşenerin (7.29 faiz) və Səadət Partiyasından Temel Karamollaoğlunun (0.89 faiz) namizədliyini irəli sürsə də, ilk turda seçkilərin taleyi həll olunduğu üçün məğlubiyyətə uğramışdı. Bundan başqa, seçkilərdə HDP-nin namizədi Selahattin Demirtaş və VP-nin namizədi Doğu Perinçek də iştirak edərək müvafiq olaraq 8.4 və 0.2 faiz səs yığmışdılar.

2023…
Qarşıdakı seçkilərə “Türkiyə üçün dərhal indi!” şüarı ilə qatılan Türkiyə prezidenti hələlik əsasən, müxtəlif açılış və təməlqoyma mərasimlərinə qatılarkən söylədiyi nitqlərdə, habelə teleproqramlardakı çıxışları ilə fikirlərini bildirir. Gələn həftədən seçki kampaniyası və təbliğat-təşviqatın qızışacağı gözlənilir…


