Ərzaq məhsullarının bahalaşmasının əsas səbəbi – İqtisadçı açıqladı

Eldəniz Əmirov: “İstehsal prosesində lazım olan xammalların idxalının baha olması yerli istehsalın baha formalaşmasına gətirib çıxarıb”

Artıq iyul ayının sonuna çatdıq. Hər kəs bazarlarda meyvə-tərəvəzin qiymətinin ucuzlaşacağını gözləsə də, əksinə, qiymətlər daha da artıb. Əhali tərəvəzin xüsusilə, pomidorun baha satılmasından giley-güzar edir. Məsələn, bir neçə gün əvvəl kiloqramı 1 manat olan pomidor indi 3 manata, hətta bəzi yerlərdə 4-5 manata satılır. Düzdür, bazarda satıcılar deyir ki, ötən həftəyə nisbətən bəzi məhsulların qiyməti ensə də, amma meyvələr yenə də bahadır. Bəs görəsən, bahalaşmanın səbəbi nədir?

İqtisadçı ekspert Eldəniz Əmirov məsələ ilə bağlı Musavat.com-a bunları şərh etdi: “Gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətləri orta inflyasiya səviyyəsindən adətən yuxarı səviyyədə olur. İnflyasiya səviyyəsinin ölçülməsi üçün istifadə edilən məhsullardan yüzlərlə məhsul var ki, bunların bir qismindən insanlar daha çox istifadə edir. Bunlarda da bahalaşma daha yuxarı səviyyədə olur. Məhsulların bahalaşmasının bir neçə obyektiv və subyektiv səbəbi var ki, bunların birincisi dünyada baş verən qlobal inflyasiyadır, daha sonra iqtisadi böhran, postpandemiya prosesində yaranmış problemlər, o cümlədən, Rusiya-Ukrayna müharibəsindən dolayı yaranmış iqtisadi situasiyalardır. Bütün bunlar ciddi şəkildə ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. Bunun üzərinə yerli amillər də gəldikdə artıq ölkələrin özündə bahalaşma müşahidə edilir. İqtisadiyyatı idxaldan asılı olmayan ölkələrdə belə inflyasiya son 30-40 ilin ən yuxarı səviyyəsindədir. Amma bununla belə həmin ölkələrdə olan inflyasiya  az inkişaf etmiş olan ölkələrdən kifayət  qədər aşağı səviyyədədir. Ən əsas da istehsal prosesində lazım olan xammalların idxalının baha olması nəticədə yerli istehsalın baha formalaşmasına gətirib çıxarır”.

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan

Eldəniz Əmirov

Ekspert pomidorun bahalaşması ilə bağlı verilən suala da cavab verib: “Pomidorun qiymətinin gözləniləndən yuxarı olması ilə bağlı məsələyə hər il toxunuruq. Məhsulun qiymətinin yuxarı olmasını qeyd edirik. Bunun səbəbi dünyada baş verən qlobal hadisələrdən dolayı istehsal xərclərinin artması, maya dəyərinin yuxarı formalaşmasıdırsa, digər səbəbləri iqlim şəraiti ilə müəyyən itkilərin olması, məhsuldarlığın aşağı düşməsi, eyni zamanda da yanacağın qiymətinin qalxması, toxumun, gübrənin qiymətinin qalxması- bütün bunlar ciddi şəkildə təsir göstərir.

Hazırda qlobal iqtisadi böhranın olmasına baxmayaraq Azərbaycanda pomidor ixracı sürətli şəkildə aparılır.  Bu ilin birinci rübündə ötən ilin eyni rübü ilə müqayisədə iki dəfəyə qədər artım olub. Bu artım nəticəsində təqribən 39 milyon dollardan bir qədər artıq məhsul ixrac olub ki, bu da 32 min tona çatır. Bu ilin 4 ayı ərzində 58.2 milyon dollarlıq pomidor ixrac olunub ki, bu da 48 min tondan çoxdur. Bu da ötən illə müqayisədə 83-84 faizlik artım deməkdir”.

Afaq Mirayiq,
“Yeni Müsavat”

Share: