Əsir hərbçimizin anası ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundovanın səhhəti pisləşib.

 

Modern.az-ın məlumatına görə, xroniki nəfəs darlığından əziyyət çəkən Ş.Axundova Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. O, bir neçə gün öncə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda qadın həkim nəzarəti alında müalicə alır.

 

Əməkdaşımız Ş.Axundova ilə əlaqə saxlayaraq, hazırkı durumu ilə maraqlanıb.

 

“Balamın dərdindən xəstəxanalıq oldum .Nəfəs çatışmazlığından əziyyət çəkirəm, ağır vəziyyətdə xəstəxanaya gətirildim. Hələ də balamdan bir xəbər yoxdur. Neçə gün idi ki, evdə yatırdım. Xəstəxanaya gəlmirdim ki, evdən çıxaram birdən Hüseyn gələr. O qədər həyəcan yaşadım, Qırmızı Xaç Komitəsinə o qədər zəng elədim, dedilər, hələ də məlumat yoxdur. Neçə gündür sinir sistemim pozulub. Həyəcandan nəfəsim daraldı, boğuldum. Artıq iki aydır ki, övladıma məktubum çatmayıb. Bizə heç bir məlumat vermirlər. Həyəcan və əsəbdən vəziyyətim ağırlaşdı. Boğuldum, nəfəsim batmadı. Ölürdüm, ağır vəziyyətdə bura gəlmişəm. Oğul dərdi məni öldürür. Sinir sistemlərim tamamilə pozulub”, – hərbçimizin anası söyləyib.

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

 

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

 

Jalə Rövşən

Mənbə

Share: