“İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər”.
Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib.
Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır.
Mütəxəssis bildirib ki, araşdırmalara görə, uşaqların 47 faizində bənzər simptomlara rastlanır, gündəlik kompüter və telefondan istifadə bel ağrısı riskini 8,2 faiz artırır. O, belə uşaqları 10 il ofisdə oturaq işdə çalışan işçilərə bərabər tutub.
Daha çox yemək yemələri, yaxud ağlamamaları üçün tez-tez övladlarına planşet və ya telefonda video izlətdirdiklərinə görə valideynləri qınayan həkim bildirib ki, hər 10-15 saniyədən bir dəyişən görüntülər uşaqlarda yuxu problemi yaradır, piylənmə riskini artırır.
“Uşaqları fiziki fəaliyyətlə məşğul olmağa təşviq etmək və ekran vaxtını məhdudlaşdırmaq vacibdir. Telefon, planşet və kompüterdən hətta tədris məqsədi ilə gündə maksimum iki-üç saat istifadə edilməlidir. Qısa fasilələr vermək və hər yarım saatdan bir ekranlardan uzaqlaşmaq faydalı ola bilər”, – deyə həkim bildirib.
Həmçinin, əzələ və dayaq-hərəkət sisteminə yük düşməsin deyə planşetin çəkisinə də diqqət yetirilməsi, mümkün qədər daha yüngül modellərdən istifadə tövsiyə edilib.
Mənbə: Habertürk