
Alimlər İspaniyada təxminən 15,5 milyon il əvvəl yaşamış pişik növünü aşkarlayıblar.
Moderator.az xəbər verir ki, tədqiqatçıların bildirdiyinə görə, “Magerifelis peignei” adlanan pişik növü Orta Miosen dövründə yaşayıb. İberiya vaşaqına bənzər yırtıcı davranışa malik kiçik pişiklər qrupuna aid edilən bu pişik orta ölçülü yırtıcıları boğmaq gücünə sahibdir.
Yeni pişik növü 2007-ci ildə İspaniyanın Madrid şəhəri yaxınlığındakı “Principe Pio-2” bölgəsində tapılan skelet qalıqları əsasında təsvir edilib. Tədqiqatçıların tapdıqları çənə sümüyündə kəsici dişlərdən başqa, pişiyin bütün dişlərinin yaxşı vəziyyətdə olduğu müəyyən edilib. Həmçinin qeyd olunub ki, “Magerifelis peignei” müasir pişiklərə nisbətən daha böyük heyvanları ovlamaq gücünə malik olub.
Tədqiqatçılar sözügedən pişikdə Avrasiya vaşaqında müşahidə olunan ikinci alt azı və nisbətən daha kiçik alt köpək diş olduğunu müəyyən ediblər. Bu dişlərə mövcud pişik növlərində ümumiyyətlə rast gəlinməyib.
