20 dildə sərbəst danışan gəncin uğur sirri – O bunu necə bacardı?

20 dildə sərbəst danışan gəncin uğur sirri – O bunu necə bacardı?

Tim Doner adlı gənc dil öyrənməyə 13 yaşından başlayıb. Yaxın Şərqə, onun tarixi və mədəniyyətinə böyük maraq göstərən Tim əvvəlcə yəhudi dilini öyrənməyə qərar verib.

Öncə İsrailin məşhur rok musiqi qruplarından birinin mahnılarını elə orijinaldaca əzbərləyib. Lakin mahnı mətnlərindən heç nə başa düşmədiyi üçün onları tərcümə proqramı vasitəsilə ingilis dilinə çevirərək mənalarını anlayıb. Məhz bundan sonra özündə qəribə bir bacarığı kəşf edib: əzbərlədiyi mahnı mətnlərinin sonradan mənalarını öyrəndiyi söz və ifadələri beynində sanki lüğət kimi yerləşib və heç biri də qətiyyən unudulmayıb. Tim bu üsulla ibrani dilində qısa zamanda xeyli söz və ifadələr öyrənir və  bu vərdişini getdikcə inkişaf etdirərək, sərbəst şəkildə danışmağa başlayıb.

Tim Doner özündə bu bacarığı kəşf etdikdən sonra başqa dilləri də öyrənməyə qərar verir. Bu dəfə isə metodları dəyişir. Ərəb dilini ərəbcə qəzetlər oxuyaraq öyrənməyə cəhd edir. Əvvəlcə qəzeti oxuyur, başa düşmədiyi bütün sözləri (yəni ki, qəzetin hamısını, çünki bura qədər ərəbcə bir kəlmə də bilməyib) lüğətlə qarşılaşdıraraq tez bir zamanda əzbərləyir. Ümumiyyətlə, onu hiperpoliqlota çevirən əsas bacarığı əzbərlədiyi sözləri beynində asanlıqla qruplaşdıra və informasiya şəklində uzunmüddətli qoruya bilmə özəlliyi olub. Eyni üsulla fars və rus dillərini də öyrənir və bu dildə danışan adamlarla ünsiyyət qurur.

 

 

Artıq hind və puştu (əfqan və pakistanlıların danışdığı dil) dillərini də öyrənən Tim bu bacarığından tam istifadə etmək qərarına gəlir. Bir gün ərəb dilində müraciət mətni səsləndirir və ingilis dilində altyazılı izahlardan da istifadə edir. Qısa zamanda həm ərəb dövlətlərində yaşayan insanlardan, həm də ingilisdilli ölkələrin vətəndaşlarından müsbət reaksiyalar alır. Bu, onu çox həvəsləndirir və açdığı youtube kanalında qısa müddətdə 20 fərqli dildə videolar yükləyir. Onların hər birində fərqli-fərqli dillərdə özü danışır, insanlara bu prosesin o qədər də çətin olmadığını təlqin edən praktiki materiallar hazırlayır.

İş o həddə çatır ki, Timin hər keçirdiyi sıradan bir gün müxtəlif dillərlə təmas içində keçir. Eyni gündə hər hansı bir xarici dildə ünsiyyət qurur, digərində kitab oxuyur, tam fərqli dildə isə  filmlərə baxır.

O, müsahibələrin birində bir gününü  belə təsvir edir: “Səhər skaypda dostlarımla fransız və türk dillərində danışdım. Sonra bir saat boyunca hind dilində pop musiqisi dinlədim. Axşam yeməyimi yeyərkən isə əlimdə yunan və latınca kitablar oxudum”.

 

Yutub videoları maraqla qarşılandıqca Tim Dover daha da məşhurlaşır. Artıq BBC telekanalı və məşhur  “Nyu York Tayms” qəzeti onunla bağlı materiallar hazırlayır. Bu azmış kimi, Nyu York Universitetinin bir qrup professoru onu bu xüsusi bacarığına görə tədqiq etməyə başlayırlar.  Məşhur neyro-linqivistik alimlər onun üzərində apardıqları elmi tədqiqata əsasən belə qənaətə gəliblər ki, Timdə bu bacarıq həm anadangəlmə, həm də sonradan inkişafetdirmə nəticəsində yaranıb. Dünyada çox az qisim insanlar var ki, onların beyni əsasən dil öyrənmə bacarıqları üçün formalaşıb Araşdırma nəticəsində məlum oldu ki, gənc Tim də məhz belə insanlardandır. Dünya tarixində onunla eyni aqibəti yaşayan insanların sayı o qədər də çox deyil. Onların aralarında ən məşhuru isə XIX əsrdə yaşamış Bolonya kardinalı Cüzeppe Mezzofanti olub. Amma kardinalda bu bacarıq daha qabarıq inkişaf edib: belə ki, o nə az, nə çox, düz 50 dildə sərbəst danışa bilirmiş.

 

 

Maraqlısı və bəlkə də qəribəsi budur ki, Tim öz bacarığından çox da razı qalmır. O, bəzən 20 dildə sərbəst danışa bilmə qabiliyyətinə şübhə ilə yanaşır, hətta öz doğma ana dili-ingiliscəni də bir o qədər güclü bilmədiyini bildirirdi. Onun fikrincə, Şekspiri oxuyan zaman bəzən az qala lüğətdən istifadə etmək istəyirmiş.

Ona görə də öyrəndiyi dillərdə daha mükəmməl səviyyədə danışa bilmək üçün Tim artıq uzun müddətdir ki, özünü inkişaf etdirməyə çalışır. Buna nə dərəcədə ehtiyacın olduğunu dəqiq bilməsə də, hər hansı dildə daha mükəmməl danışmaq üçün o dildə danışan insanların yaşadıqları ərazilərə gedərək onlarla ünsiyyət qurur.

Nüfuzlu Harvard Universitetinə qəbul olunan Tim yenə də köhnə hobbisindən əl çəkmir, dilləri daha da mükəmməl səviyyəyə çatdırmaq üçün xarici vətəndaşların yaşadıqları məhəllələrdə dolaşır.

Mənbə

Share: