Ötən gün Dövlət Statistika Komitəsi ölkəyə səfər edən turist saylarını açıqlayıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 milyon 162 min 700 nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlər ən çox Rusiya, Türkiyə və İrandandır.
Ötən il koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi səbəbindən gələnlərin sayı çox az idi. Bu il ötən il ilə müqayisədə 2 dəfədən çox turist axını müşahidə olunur.
Maraqlıdır, bu artım nə ilə əlaqəlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin sözlərinə görə, göstəricilər pandemiya dövrü ilə əlaqədardır:
“Azərbaycana 9 ay ərzində təxminən 1 milyondan çox xarici vətəndaş səfər edib. Bu ötən il ilə müqayisədə əlbəttə ki, iki dəfədən çoxdur. Lakin 2019-cu il həm Azərbaycan, həm də dünya turizmi üçün rekord ili idi. Həmin ilin göstəriciləri ilə müqayisə edəndə bu il təxminən 50 faiz az insan Azərbaycana səfər edib”.
K.Quluzadə hələ də pandemiyanın fəsadlarının yaşandığını qeyd edib:
“Azərbaycanda hələ də quru sərhədlər bağlıdır, karantin qaydaları qüvvədədir. Xarici vətəndaşlar ölkəyə yalnız hava yolu ilə səfər edə bilirlər. Verilmiş qərarlar, aparılan marketinq işləri ölkəmizə səfər edən qonaqlarımızın sayını artırır. Bu postpandemiya dövrünün normal dinamikasıdır.
Lakin göstəricilərin tam bərpası üçün hələ də bizə vaxt lazım olacaq. Müəyyən qərarların verilməsi gözlənilir. Karantin qaydaları tam ortadan qalxandan sonra daha da artımlar müşahidə olunacaq”.
Kənan Quluzadə daxili turizmin tam bərpa olunduğunu əlavə edib:
“Postpandemiya dövrüdür. Hər yerdə bərpa işləri gedir. Azərbaycanda da o proses davam edir. Turizmin sahəsi faktiki olaraq çökmüşdü. İndi bir qədər bərpa olunub. Biz hələ bərpa dövrünü yaşayırıq. Hələ rəqəmlərə gəlib çıxmağımıza 1 il vaxt var. Zaman tələb olunur. Ümumi dinamika müsbətdir.
Demək olar ki, daxili turizm göstəriciləri postpandemiya dövrü və pandemiyadan əvvəlki dövründən faktiki olaraq daxili turizm tam, gəlmə turizm 50 faizə qədər bərpa olunub. Və bu tendensiya davam edir”.