
“Və Azərbaycana onsuz da lazımdır ki, Türkiyədən başqa Qərb tərəfindən daha kimsə Rusiyanı neytrallaşdırsın…”
“Brüssel prosesinin 2023-cü ildə hansısa formada bərpa olunub davam etdiriləcəyini istisna etmirəm. Amma həmin prosesin uğursuzluğunu təmin edən elə Makrondur, Fransadır. Hamı yaxşı anlayır ki, Brüssel prosesində dominant oyunçu Fransadır. Bu baxımdan onu da istisna etmirəm ki, Birləşmiş Ştatlar tərəfindən Brüssel prosesini əvəz edən, ona alternativ hansısa yeni bir təşəbbüs irəli sürülə bilər”.
Bu fikirləri Moderator.az-ın “Görəsən, ötən ilin sonunda Ermənistan və Fransanın inadkarlığı ucbatından baş tutmadığı deyilən Brüssel prosesi 2023-cü ildə bərpa olunub davam etdiriləcəkmi?” sualını cavablandırarkən Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov ifadə edib.
Politoloq Ağ Evin də Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunması prosesinə qatılacağını belə əsaslandırıb.
“Çünki birincisi, istər-istəməz Avropa ilə ABŞ arasında rəqabət bir çox hallarda mövcuddur. Və bu rəqabətin mövcudluğu Qarabağ məsələsi, Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmada da var. Sadəcə olaraq bu, onlar üçün hardasa 101-ci mövzudur. Bununla belə, Vaşinqtonun Makronun cəhdlərinin uğursuz olması və Azərbaycan tərəfindən qəbul olunmamasından yararlanaraq təşəbbüsü öz əlinə alması mümkündür. Çünki ABŞ-ın da bunun üçün potensial imkanları var. Və bizə onsuz da lazımdır ki, Türkiyədən başqa Qərb tərəfindən daha kimsə Rusiyanı neytrallaşdırsın. Yəni sxematik şəkildə desək, bölgədə Qərbin bizim üçün qeyri-məqbul cəhdlərini neytrallaşdıran Rusiyadır. Qismən də olsa… Amma son vaxtlar belə görsənir ki, Moskva da meyillidir ki, Ukraynadakı savaşla bağlı fəaliyyətini daha çox Fransa ilə qursun. Digər tərəfdən, Rusiyanı bizim bölgədə neytrallaşdıran Türkiyədir. Və qismən də olsa, bəlkə Amerika da burada bir rol oynaya bilər. Yəni biz regionda marağı olan hər bir qüvvədən istifadə etməliyik. Və mən istisna etmirəm ki, 2023-cü ildə Qarabağ məsələsi ilə bağlı Vaşinqton istiqamətindən fəallıq artacaq” -deyə keçmiş xarici işlər naziri bildirib.
Sultan Laçın