Şahbaz Xuduoğlu həbsdə olan qardaşından danışdı

“Hələ ki, istintaq gedir. Yaxınlarda məhkəməsinin olması gözlənilir. Ümid edirik ki, məhkəmə zamanı azadlığa çıxacaq”.
Milletinsesi.az xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlu “Yeni Müsavat”a miqrant alveri ittihamı ilə həbs edilən qardaşı Əlövsət Əliyev ilə görüşündən sonra deyib. Bildirib ki, vəkillər onun işi ilə artıq tanış olublar:
“Faktiki olaraq, onun əleyhinə verilən hər hansı ifadə yoxdur. Ümumi hadisələrin fonunda həbs baş verib. Yəqin ki, məhkəmədə bu məsələ öz hüquqi həllini tapacaq və azadlığa buraxılacaq. Bu ittiham üzrə həbs edilən digər şəxslərdən bir məlumatım yoxdur. Amma Əlövsətin özünün hələ bir məhkəməsi belə olmayıb. Hazırda məhkəməyə hazırlıq gedir. Uzağı gələn ayın əvvəlinə kimi məhkəməsinin  olması gözlənilir. Almaniyadakı proseduraları bilmədən, məhkəmə olmadan Əlövsətin nə zamana qədər həbsdə saxlanıla biləcəyini deyə bilmərəm. Amma bizdə qanunvericiliyin tələbləri var. Belə ki, prokurorluğun tələbi ilə məhkəməyə qədər olan mərhələ bir az da uzadılır. Orada bu iş necə həyata keçirilir, bilmirəm. Əlövsət saxlanılanda ilk olaraq, ona dövlət vəkili təyin olunmuşdu. Biz çalışdıq ki, əlavə vəkillər də cəlb edək. Ona görə bu mərhələ bir az uzandı. Ola bilər ki, onun orada qalmasına səbəblərdən biri də vəkillə paralel olaraq, eyni vaxtda hərəkət etməməyimiz oldu. Yəni dövlət vəkilinin olmamasına üstünlük verdik. Amma sonradan başa düşdük ki, özəl vəkilin olması çox vacibdir”.
Ş.Xuduoğlu təxminən bir ay əvvəl qardaşı ilə görüşdüyünü söyləyib: “İndiyə qədər bir dəfə onunla görüşmüşəm. Təqribən bir ay olar. Elə bir ciddi sözü-filan olmadı. Onunla kimin şikayəti əsasında həbs olunduğu, səhhətinin necə olması, həbsin niyə baş verdiyi məsələlər fonunda söhbətimiz oldu. Bildirdiyinə görə, həbs olunacağını gözləmirmiş. Durumu normaldır. Saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Bundan sonra vəziyyətin necə olacağını gözləyək”.
Qeyd edək ki, Əlövsət Əliyev “Legat” İnteqrasiya Mərkəzinin rəhbəridir.
Share: